İranda havaların sərt keçməsi minlərlə adamın yollarda qalmasına səbəb olub Güney Azərbaycan

İranda havaların sərt keçməsi minlərlə adamın yollarda qalmasına səbəb olub

Son günlər İranın müxtəlif yerlərində havanın sərt keçməsi və güclü qar yağması problemlərə yol açıb.
APA-nın "Radiofərda"ya istinadən verdiyi məlumata görə, nəticədə Novruz tətilini kənarlarda keçirmək istəyən minlərlə adam yollarda qalıb, torpaq sürüşməsi baş verib və ən azı iki nəfər ölüb. Belə ki, qar və çovğun Kərəc-Çalus magistralında dağ uçqununa səbəb olub. Bu hadisə də iki nəfərin ölməsinə gətirib çıxarıb, digər iki sərnişinin taleyi isə məlum deyil.
Eyni zamanda İranın Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qum, Mazandaran, Gilan, Çaharmahal və Bəxtiyari və Kürdüstan vilayətlərində havanın temperaturunun kəskin aşağı düşməsi güclü qar yağışı və çovğunun müşahidə edilməsinə gətirib çıxarıb. Nəticədə içərisi sərnişinlərlə dolu olan yüzlərlə avtomobil yollarda qalıb, 14 min nəfər qar və çovğundan xilas edilib. Ümumilikdə 32 nəfər yaralanıb, onlardan 8 nəfəri xəstəxanaya qaldırılıb, 1600 nəfər müvəqqəti olaraq məscidlərdə və sığınacaqlarda məskunlaşdırılıb.
İran Meteorologiya Təşkilatı aprelin 2-dən etibarən ölkənin qərb, mərkəzi, şimal, şimal-şərq, şərq və cənub bölgələrində havanın temperaturunun yenidən kəskin azalacağını, qar və yağışların başlayacağını proqnozlaşdırır. Belə ki, İranın Çaharmahal və Bəxtiyari, Kohgiluyə və Boyer Əhməd, Loristan, İsfahan vilayətlərində qar, Xuzistan, Kirmanşah, Həmədan, Mərkəzi, İlam, Yəzd, Kirman, Buşəhr, Tehran, Qum, Əlborz vilayətlərində isə yağış yağacağı bildirilir.