İran polisinin don kixotluğu Güney Azərbaycan

İran polisinin don kixotluğu

Rejim məmurları peyk antennaları ilə mübarizəni əsas missiya hesab edir

Zəncan vilayətində polisin peyk antennalarına qarşı reyd keçirəcəyi bildirilir. İran mediasında yayılan məlumata görə, Zəncan vilayətinin polis qurumu bu yaxınlarda peyk antennalarından istifadənin qarşısını almaq və peyklərin evlərdən toplanması istiqamətində geniş hərəkata başlayacaq.
Zəncan vilayətinin polis komandiri Əlirza Salehi peyk antennaları ilə ciddi mübarizənin Zəncan polisinin əsas missiyası olduğunu qeyd edib. İranın hakim dairələrinə bağlı "Mehr" xəbər agentliyi komandirin sözlərinə istinadən məlumat verib: "Peyk şeytan alətidir, peyk vasitəsilə yayılan proqramlar əhali arasında əxlaqsızlıq və qeyri-münasib əlaqələri təşviq edərək, dini dəyərlərimizi sual altını alır. Burada düşmənin əsas hədəfi gənclərimizdir".
İranın ruhani lideri Ayətulla Xameneyinin Zəncan vilayətinin Əbhər şəhərində nümayəndəsi isə peyk antennaları ilə mübarizəni mədəniyyətlərin toqquşması məsələsi kimi dəyərləndirib: "Əlaqədar məsullar Qərb kültürü və qeyri-münasib ictimai münasibətləri reklam edən peyklərə qarşı ciddi mübarizə aparmalıdırlar".
Höccətülislam Cəfər Rəhimi polisi "şeytanın təbliğatı" savaşmağa çağırıb.
İran qanunlarının vətəndaşların peyk antennalarından istifadəni yasaqlamasına baxmayaraq, ölkənin bir çox bölgələri, xususilə də Azərbaycan şəhərləri və kəndlərində əhali peyk vasitəsi ilə xarici televiziya kanallarına tamaşa edir. Fars şovinist rejimi Güney Azərbaycanda uşaqların peyk vasitəsi ilə Türkiyə kanallarının yayımladığı filmlərdən türk dilini öyrənməsini "ölkənin milli təhlükəsizliyinə qarşı təhdid" kimi dəyərləndirib, məsulların bununla bağlı ölçü götürməsini istəyirlər.