Güney Azərbaycanda mətbuatın yaranması və inkişafı Güney Azərbaycan

Güney Azərbaycanda mətbuatın yaranması və inkişafı

V yazı

Avropa dövlətlərində olduğu kimi İranda xüsusi mətbəə və təhsil ocaqlarında yarım rəsmi qəzetlər görünməyə başlayırdı. Bu mətbu orqanları çox ehtiyatlı şəkildə ölkədə bir çox zəruriyyətləri, xüsusi ilə sosial islahatlar keçirilməsinin ətrafında fikirlərini bəyan edirdilər. Ümumiyyətlə o dövrdə ölkədə çıxan mətbu nümunələrini (şərti olaraq) 3 yerə bölmək olar:
1. Rəsmi;
2. Qeyri-rəsmi, açıq nəşr olunan özəl mətbu orqanları;
3. Gizli çap olunan qəzet vərəqə, bəyannamə, kitabça və s. ibarət nəşriyyələr.
Özəl mətbu orqanlarını təsis və idarə edənlər dövrün mütərəqqi şəxsləri və görkəmli adamları olurdu. Onların nəşr etdikləri mətbu orqanları "Nasiri", "Təbriz", "Əlhədid", "Kamal", "Ehtiyac" və s. qəzetlər idi. Hakim təbəqənin mənafeyini qoruyan rəsmi mətbuat orqanlarından fərqli olaraq qeyri-rəsmi orqanlar mütərəqqi şəxslər və gizli cəmiyyətlər tərəfindən hazırlanır. Xalqa yaxın olub azadlıq ideyalarını yayır, ölkədəki çatışmamazlıqlardan yazır, hakim təbəqələrin cinayətlərini ifşa edirdi. Gizli mətbuata gəlincə isə müxtəlif mənbələrə görə onların sırasına "Şəbnamə", "Lisanül-qeyb", "Şahsevən" və s. daxil etmək olar. Vərəqə və qəzetlər əlyazma və ya jelatin üsulu ilə çap edilib yayınlanırdı.
Aşkar çıxan mütərəqqi mətbuatın çoxu senzura tərəfindən təzyiq və təqibə məruz qaldığına görə az ömürlü olurdu. Qeyri-rəsmi və gizli çap olunan qəzetlər ölkənin ictimai-sosial problemlərini işıqlandırır, yeni mütərəqqi fikirləri yayır və çox ehtiyatla mövcud vəziyyəti tənqid edirdilər. Bu mətbu orqanları o birilərindən fərqli olaraq oxucularına məcburi göndərilmirdi. Məsələn, Təbrizdə çıxan "Nasiri" qəzeti isə yazaraq bildirirdi: "Bu qəzet mütləq rəsmiyyətdən kənardadır və abunəçilər onu rədd və ya qəbul etmək ixtiyarına malikdir". Tehranda çıxan "Tərbiyyət" qəzeti isə yazırdı: "Bu qəzet könüllüdür. Nə hökm əsasında, nə də müftə olaraq bir adama verilir". O dövrdə çap olunan qəzetlərin senzuradan yayınmaq üçün nələrdən keçdiyini "Tərbiyət" qəzetinin timsalında görmək olar. Bununla bağlı qəzetin naşiri 1897-ci ildə çıxan saylarından birində yazırdı: "Mən qorxmadan qəzetdə gah teatr çıxardıram, gah zarafat və məsxərəyə əl atıram, gecə yuxu görürəm, gündüz uzun-uzadı xəyal səfərinə gedirəm. Fikrimdən dünyaya bir eybəcər övlad gətirmək üçün həm behişti, həm də cəhənnəmi qarşımda görürəm".
Güney Azərbaycanda ictimai fikri əks etdirməyə çalışan ilk özəl qəzet 1887-ci ildə işıq üzü gördü. "Təbriz" qəzetindən 4 il sonra "Mədəniyyət" qəzeti də onun yolunu tutdu. "Təbriz" və "Mədəniyyət" qəzetləri əsas diqqəti yeni maarif və mədəniyyət ideyalarını yaymağa, əhalini kitab, qəzeti mətbuat oxumağa yönəldir, ölkənin mədəni və iqtisadi həyatında dəyişikliklər yaratmağa, sənaye və əkinçiliyi inkişaf etdirməyə çağırırdı. Ölkədə mətbuat Nəsrəddin şahın yaratdığı senzurasının möhkəm təzyiqi altında idi. "Qeyri-dövlət qəzetlərinin müdirləri qəzetin mündəricəsini nəşrə və mətbəyə göndərməzdən əvvəl mətbuat naziri və ya onu əvəz edən şəxsə göstərmək məcburiyyətində idilər. Bu qəzetlər çox təzyiq və sıxıntı altında saxlanılırdı". Qəzet redaktorları, yeni tipli üsuli-cədid məktəblərinin baniləri və digər mütərəqqi düşüncəli şəxsiyyətlər hər cür təzyiqlərə məruz qalsalar da, o zamanlar yeni yaranan maarif və mədəniyyət ocaqlarının ətrafında toplanır və gizli fəaliyyətlərini davam etdirirdilər. Vətənə xidmət edən, onun tərəqqisinə çalışan ziyalılar, naşir və redaktorlar, ölkədə söz və mətbuat azadlığına imkan və şərait olmadığı üçün öz qəzetlərini xaricdə çap edib İranda yayırdılar. Ölkədən xaricdə nəşr olunan bu qəzetlər xalqın oyanmasında, kütlələrin dövrün mütərəqqi ideyaları ilə tanış edilməsində mühüm rol oynayırdılar. Bu qəzetlərdə qoyulan əsas məsələlər bunlar idi: mövcud rejimin ifşası, mütləqiyyət rejiminin konstitutsiya rejimi ilə əvəz olunması, ölkədə yeni islahatların keçirilməsi (xüsusilə maarif sahəsində). Bu qəzetlər dövlət qəzetlərindən fərqli olaraq İranın mövcud vəziyyətini tənqid edir və əfkari – ümumiyyəyə güclü təsir göstərirdi. Belə mətbu orqanların ən birincisi 1875-ci ildə İstanbulda çıxan "Əxtər" qəzeti idi.
Türkiyədə "Əxtər"lə yanaşı "Şahsevən" də çap olunurdu. Bunlardan başqa Misirin Qahirə şəhərində "Hikmət" (1892-1906), "Kəmal" (1905-1906), Hindistanın Kəlküttə şəhərində "Həblülmətin" (1893-1906) çap olunurdu. Bu qəzetlərdə İranın ictimai həyatında olan bir sıra həqiqətlərin üstü açılıb, İrandakı yaramazlıqlar haqqında ibrətli tənqidi məqalələlər yazıldığına görə hakim dairələrin qəzəbinə səbəb olur və onların İranda yayılmasına süni maneələr yaradılırdı. Ancaq xalq içərisində mütərəqqi qəzetlərə rəğbətin çoxalması ilə əlaqədar olaraq həmin mətbu orqanları müxtəlif yollarla İrana gətirilib əldən-ələ keçir, oxunurdu. "Əxtər"in ilk nömrələri gündəlik nəşr olunurdu. Nəşrin üçüncü ilindən həftədə iki dəfə çıxmış, birinci ilindən sonra isə həftəlik olmuşdur. Qəzetin naşiri – imtiyaz sahibi Ağa Məhəmməd Tahir, katibi isə Mirzə Mehdi idi. "Əxtər"in ətrafında İstanbulda yaşayan nüfuzlu mühacirlər toplaşmışdılar. Qəzet vətənpərvər ziyalılar tərəfindən hazırlanırdı (adətən İranın siyasi sosial məsələləri ilə bağlı yazıların müəlliflərinin adı ya verilmir, ya da şərti və ya baş hərflərlə verilirdi). Çoxlarının şəxsiyyətini müəyyən etmək çətin idi. Belə ki, "M.Müştəri", "M.Ə", "Vətən və azadlıq sevən", "Əxtər" və s. imzalarla müxtəlif iqtisadi, siyasi, mədəni, tarixi məsələlərin qoyuluşu və şərh olunması cəhətdən "Əxtər" o zamankı "Qərb" qəzetlərin nümunəsinə yaxınlaşırdı.
"Əxtər" bir mətbu orqanı kimi İranda mövcud quruluşu tənqid edərək bu quruluşda nə kimi dəyişiklik aparmaq fikrini irəli sürən ilk qəzet olub. "Əxtər" tək İranda deyil, Qafqazda, Yaxın Şərq ölkələrində yayılaraq maraqlı və məzmunlu yazılarına görə öz oxucuları arasında şöhrət tapmışdı. Onun səhifələrində dövrün tanınmış azərbay-canlı ziyalıları Əbdürrəhim Talıbov, Şeyx Əhməd Ruhi, Məhəmməd Tofiq Xəbirülmülk, Mirzə Həbib İsfahani, Mirzə Rza xan Vəkeşlu yaxından iştirak edirlər. "Əxtər"in ən görkəmli cəhətlərindən biri bundan ibarət idi ki, o iqtisadi məsələlərə fikir verir, elmi dəlil və izahatla İranın bu nöqteyi nəzərdən dirçəlməsinin lazım olduğunu təbliğ edirdi. "Əxtər" eyni zamanda Avropa dövlətlərinin müstəmləkəçilik siyasətini təkcə İran miqyasında deyil, bütün Şərqdə ifşa edən bir qəzet idi". Qəzetin səhifələrinə müraciət edək. Qəzet xarici siyasət məsələsində İran dövlətinin müstəqil bir xarici siyasət proqramını qəbul edərək bitərəflik siyasəti (İngilis və ya Rus meyilli yox) aparmağa çağırır, yazırdı ki, xarici dövlətlər İranda ancaq mənfəət güdür və müstəmləkəçi dövlətə yaxınlaşmaq İrana heç bir fayda gətirməz.
"Əxtər" 1880-ci il (1298) 9-cu sayında yazırdı: "Biz xarici siyasi xətti hərəkətimizi möhkəm bir bünövrə üzərində qurmadıqca ümüdümüzü onlara dikib, xaricilərin "xeyirxahlığından" imtina etməyincə, bizim tərəqqi və inkişafımız qeyri-mümkündür. Xaricdən isə qarətçi və tamahkarlardan başqa kimsə bizim tərəfimizə gəlməyəcəkdir. Biganələr bizim səadət və xoşbəxtliyimizi özlərinin mənafeyi alətinə çevirməkdə görürlər". Qəzet başqa bir məqaləsində bu məsələyə toxunaraq xarici siyasətçilərin İrana verdiyi boş vədləri axmaqları aldadan boş söz adlandırırdı. Avropa ölkələrinin Şərq ölkələri ilə münasibətdə heç zaman beynəlxalq hüquqlara riayət etməyəcəyini qeyd edən "Əxtər" qəzeti 1880-ci il 33-cü sayında yazırdı: "Öz mənafeyimiz üçün gördüyümüz tədbirlər onların xoşuna gəlmədikdə əvvəl gizli şəkildə tədbirlərin əleyhinə mübarizə aparırlar. Bu metod nəticə vermədikdə isə son vasitəni işə salıb bizim əleyhimizə cəbr (zorakılıq) tədbirlərinə əl atırlar. Onlar müdaxilə üçün heç bir haqlı dəlil və ya bəhanə tapmadıqda açıqcasına beynəlxalq hüquq qayda-qanunlarını pozub (bizim burada mənfəətimiz) işi yenə də öz xeyirlərinə həll edirlər".
"Hikmət" qəzeti 1310-1892-ci ildə Qahirədə Təbrizli Məhəmməd Mehdi xan tərəfindən təsis edilmişdi. Qəzet qeyri-müəyyən fasilələrlə ayda 3,2,1 dəfə çıxa bilirdi. Qəzetin səhifələrində siyasət, elm, təbabət, ədəbiyyata aid yazılar dərc olunurdu. "Hikmət" qəzeti öz oxucularına vətənpərvərlik ruhu aşılayırdı. "Yalnız bu qəzetin vətənpərvərlik təbliğatını və bu təbliğatın xüsusi yüksək bədii səviyyədə verilməsini nəzərə alsaq etiraf etməliyik ki, həmin qəzet o dövrdə İran Cənubi Azərbaycan xalqı üçün çox təsirli bir vasitəyə əl atılmışdı. Qəzetdə dərc olunmuş bəzi vətənpərvərlik ruhunda olan yazılar doğrudan da o dövr ədəbiyyatının şah əsərlərindən sayıla bilər". "Hikmət" beynəlxalq aləmdə baş verən hadisələri şərh edib onların siyasi təhlilini verir müstəmləkəçilərin Şərq ölkələrindəki törətdiyi cinayətləri ifşa edərək, İran xalqını səfərbərliyə çağırırdı.
"Kamal" qəzetinin redaktoru qəzetin 1905-ci ildə çıxan birinci sayında yazırdı: "15 il bundan əvvəl Təbrizin darülfununda dərs oxuduğum zaman başıma vətənə xidmət hissi düşdü. Mənim aləmimdə, qəzet vətəni ayıltmaq və onu xilas etmək üçün yeganə vasitə idi. Qəzetdən yaxşı yol göstərən tapmırdım, bu doğrudan da belədir. Əgər qəzet, qəzet olub nağıl və rəvayətlərin məcmuəsi olmasa, o əxlaq qaydalarının əsasında elm və siyasəti incə təbliğ etmək yolu ilə şirin və yumşaq yazılan, qardaşcasına və dostcasına təsirli nəsihət verməklə bütün çətinlikləri aradan götürməyə qadir ola bilər". "Şahsevən" 1898-ci ildə İstanbul şəhərində qabaqcıl Azərbaycan maarifpərvərləri Ə.Talıbov və S.M.Şəbüstərinin rəhbərliyi ilə çıxıb. İranın avtoritar quruluşunun, cəmiyyətdəki eybəcərlikləri satirik və yumor dili ilə tənqid edirdi. Digər mühacir qəzetlər kimi dərc etdiyi yazılarla İranda inqilabın hazırlanmasına zəmin yaratmışdı. Jelatin üsulu ilə 300 nüsxədə çap olunurdu. Məxfi nəşr olunan bu qəzet gizli surətdə tək İrana deyil, Avropanın Paris, London kimi iri şəhərlərinə göndərilirdi.
"Şahsevən" Azərbaycanın və İranın burjua-demokratik istiqamətli satirik mətbuatının rüşeymi və sələfi olub İranda bu yöndə çıxan ilk qəzet idi. Öz kəskin yazıları ilə qədim şah hökümətini çox təşvişə salmışdı. Buna görə də İran və Türkiyə polisinin ciddi təqibləri üzündən "Şahsevən"in nəşri uzun müddət davam edə bilmədi". Beləliklə, o dövrün mütərəqqi qəzetləri (ölkənin daxilindəki yerli, xaricindəki mühacir qəzetlər) ölkənin ictimai-siyasi vəziyyətini doğru əks etdirməklə, əhalinin müxtəlif təbəqələrinin zehninə təsir edir, onların içərisində, ictimaiyyətə, ölkəyə və xalq kütlələrinə əvəzsiz xidmətlər göstərən şəxslərin meydana gəlməsinə də səbəb olurdu.


Pərvanə Məmmədli
araşdırmaçı