“Siyasi və fikir cərəyanlarının mövqeyi nəzərə alınmalıdır” Güney Azərbaycan

“Siyasi və fikir cərəyanlarının mövqeyi nəzərə alınmalıdır”

Urmiyənin İran parlamentindəki millət vəkili Hadi Bahaduri son vaxtlar yeni vali təyinatı ilə bağlı gündəmdə olan Qərbi Azərbaycanın gələcək rəhbərliyi haqda diqqətçəkici sözlər deyib.
O bu barədə "Təsnim" xəbər agentliyinin müxbiri ilə danışıb.
"Şübhəsiz ki, Daxili İşlər Nazirliyi Qərbi Azərbaycan üçün təcrübəli və bacarıqlı bir vali təyin etməlidir. Lakin Daxili İşlər Nazirliyinin bu haqda verdiyi qərarlar ürəkaçan deyil.
Hesab edirəm ki, nazirlik vali seçimində fərdlərə deyil, bir sıra göstəricilərə təkid etməlidir. Şübhəsiz ki, Qərbi Azərbaycana seçiləcək vali buradakı müxtəlif siyasi və fikir cərəyanları, həmçinin ictimai-mədəni fəallar tərəfindən qəbul olunmalıdır"- deyə o vurğulayıb.
Azərbaycanlı millət vəkili təmsil etdiyi əyalətin bir çox cəhətdən mərkəzi əyalətlərdən fərqləndiyini də diqqətə çatdırıb. "Qərbi Azərbaycanda siyasi, ictimai, iqtisadi və təhlükəsizlik baxımından xüsusi şərait mövcuddur, bura ölkənin mərkəzi əyalətləri ilə ciddi fərqlənir. Ona görə də Daxili İşlər Nazirliyi Qərbi Azərbaycana vali seçəndə onun şəxsi qabliyyəti, bacarığı, manevr gücü, təcrübəsi və s. kimi xüsusiyyətlərini nəzərə almalıdır"- deyə o qeyd edib.
Hadi Bahaduri sözlərinin sonunda vurğulayıb ki, "Qərbi Azərbaycan üçün yerli olmayan bir şəxsin vali təyin edilməsinin heç bir məntiqi izahı yoxdur. Bu məsələdə Daxili İşlər Nazirliyi bölgə əhalisi və millət vəkillərinin mövqeyini nəzərə alaraq qərar qəbul etməlidir."
Ötən günlərdə İran Daxili İşlər Nazirliyi kürd mənşəli İran vətəndaşı Fridun Hümmətini Qərbi Azərbaycana vali təyin etmək istədi, lakin nazirliyin bu qərarı Azərbaycan Milli Hərəkat fəalları və bir sıra yerli məsulların kəskin etirazına səbəb oldu. Bundan sonra nazirlik verdiyi qərardan geri çəkildi.
Bu haqda Hadi Bahaduri öz İnstagram səhifəsində məlumat yaymışdır. "Bir sıra cəhdlərdən sonra Fridun Hümmətinin Qərbi Azərbaycana vali təyin edilməsi ilə bağlı plan ləğv edildi"- deyə millət vəkili qeyd etmişdir.