Güneyli soydaşlarımızın ana dilinin hüquqlarının təmin olunması və statusunun yüksəldilməsi uğrunda mübarizəsi Güney Azərbaycan

Güneyli soydaşlarımızın ana dilinin hüquqlarının təmin olunması və statusunun yüksəldilməsi uğrunda mübarizəsi

5-ci yazı
Mübarizənin digər ən mühüm nəticəsi İranda ictimai, siyasi, elmi dairələrdə Azərbaycan türkcəsinə münasibətin dəyişməsində özünü göstərdi. Buna misal olaraq 2015-ci ilin aprelində Əllamə Təbatəbai adına Tehran Universitetində "İranda türk dilinin dialektlərinin dilçilk və ədəbi baxımdan araşdırılması" mövzusunda beynəlxalq simpozium keçirilməsi, İran prezidentinin seçkiqabağı vəd etdiyi "Azəri dili və ədəbiyyatı akademiyası"nın yerinə "Azərbaycan mədəniyyət, ədəbiyyat və incəsənət mərkəzi"nin açılması, Təbriz universitetində "Azərbaycan türkcəsi və ədəbiyyatı" fakültəsinin açılması, İran məclisində 100-dən çox millət vəkilinin iştirakı ilə "Türk deputatları fraksiyası"nın yaradılması və s. göstərmək olar. Bu kimi hadisələr müəyyən siyasi şərtlər müqabilində olsa belə, tamamilə yeni baxışın sərgilənməsini təsdiq edir. İstər elmi, mədəni, istərsə də ictimai-siyasi sahədə yaradılan qurumların, reallaşdırılan layihələrin "türk" adı altında təqdim olunması hakim çevrələrin Azərbaycan türkcəsinin statusunun yüksəldilməsini qəbul etməsini müəyyən bir çərçivədə rəsmiləşdirir. İran İslam Şurası Məclisində "Türk" adı daşıyan fraksiyanın yaradılması uzun müddət aşağılanan türk kimliyinin qəbul edildiyinin, azərbaycanlı türklərin özünə inamının artmasının təzahürüdür. Həm mühafizəkar, həm də islahatçı deputatların təmsil olunduğu "Türk Fraksiyası" millət vəkillərinin digər həmkarlarından yalnız ideoloji baxışlarına görə fərqlənmədiklərini, həm də etnik kimliyin siyasətdə önəmli faktora çevrildiyini göstərir.
Uzun illər nəinki türklərdən, hətta "türk" kəlməsindən qorxaraq onu "azəri" kəlməsi ilə əvəzləməyə çalışan İran kimi qapalı, "dini (islami) demokratiya" nın bərqərar olduğu bir ölkədə türk dilinə münasibətin müsbətə doğru dəyişməsini zəruri edən səbəblər sırasına İran türklərinin milli kimlik, onun əsas göstəricisi və ifadəçisi olan ana dili uğrunda müxtəlif forma və vasitələrlə apardıqları ardıcıl mübarizəsini, beynəlxalq güclərin İrana təzyiqinin nəticəsini (Yəni beynəlxalq təşkilatlar tərəfindən İranda milli azlıqların hüquqlarının tapdanması barədə hər hansı bir irad bildirildikdə, hakim dairələr milli azlıqların hüquqlarının təmin olunmasına dair arqument kimi yuxarıda qeyd etdiyimiz addımları xatırladırlar) aid etmək olar.
Ümumiyyətlə, İran İslam Respublikasında bütün iqtidarların Cənubi Azərbaycan türklərinin ana dilindən istifadə hüquqlarının reallaşdırılması, o cümlədən Azərbaycan türkcəsinin tədrisi məsələsinə münasibətini müsbət qiymətləndirmək olmaz. Verilən vədlər əsasən, ya seçkiqabağı kampaniyalarda Azərbaycan türklərinin rəğbətini qazanaraq səslərini almağa, yaxud etnik gərginliyin nisbətən zəiflədilməsinə hesablanır. Zaman-zaman sözügedən tələblərin reallaşdırılmasına yönəlik vədlər verilsə də indiyə qədər həmin problemlərin köklü şəkildə həlli istiqamətində əməli iş görülməyib. Çox məhdud çərçivədə atılan addımlar problemin real həllindən çox görüntü yaradılmasına xidmət edir. Əks təqdirdə, İran əhalisinin əksəriyyətini təşkil edən azərbaycanlıların ana dilindən istifadə hüquqlarının həyata keçirilməsi istiqamətində ciddi qərarlar qəbul olunmalı idi. İİR rejimi İran türklərinin etno-milli hüquqlarının həllinə dair səy göstərməsini nümayiş etdirsə də, həmin addımların çox kiçik davamsız, dayanıqsız, ardıcıl və prinsipial olmaması, görüntü xarakteri daşıması onun problemin bötövlükdə həllinə hazır olmadığını göstərir.
Güney Azərbaycanda milli mübarizə müxtəlif forma və üsullardan istifadə olunaraq davam etsə də, çox böyük təəssüf hissi ilə qeyd edək ki, həmin mübarizəyə diaspor dəstəyi çox zəifdir. Günaz TV-ni və bir neçə zəif internet resursunu çıxmaqla mübarizə barədə informasiyanın xaircdə yaşayan soydaşlarımıza çatdıırılması, İranda yaşayan türklərə yönəlik təbliğati materialların hazırlanıb yayılması istiqamətində ciddi iş aparılmır. Bir neçə nəfər diaspor fəalının beynəlxalq təşkilatların nümayəndələri, Qərb dövlətlərinin təmsilçiləri ilə azsaylı görüşlərini nəzərə almasaq, demək olar ki, Güney Azərbaycan hərəkatı ilə bağlı nə beynəlxalq təşkilatlarla, nə də xairici güclərlə əməkdaşlıq edilmir.
Güney azərbaycanlıların ana dilinin statusunun yüksəldilməsi və funksiyalarının genişləndirilməsi ilə bağlı apardıqları mübarizənin nəticəsini ümumiləşdirərək deyə bilərik ki, İrandakı mövcud rejimin yürütdüyü milli siyasət Azərbaycan türkcəsinin funksiyasının danışıq dili sahəsi ilə məhdudlaşmasını "təmin" etsə də, İranın daxilində və qlobal geosiyasi kontekstdə cərəyan edən ictimai-siyasi proseslər cənubi azərbaycanlıların milli şüurunun lazımınca inkişafının tam şəkildə başa çatması üçün tarixi bir şans oldu. 2005-ci ildən sonra Güney azərbaycanlıların etnik dilinin Əsas qanunda nəzərdə tutulmuş hüququnun reallaşdırılması - Azərbaycan (yerli) ədəbiyyatının orta məktəbdə tədris edilməsi, statusunun yüksəldilməsi və funksiyalarının genişləndirilməsi uğrunda mübarizəsi davam edib. Həmin sahədə mübarizə aparan milli qüvvələrin sosial tərkibi iş adamları, siyasətçilər (deputatlar), müxtəlif statuslu dövlət məmurlarının hesabına genişlənməkdədir. Buna uyğun olaraq ana dilinin statusunun yüksəldilməsi və funksiyalarının genişləndirilməsi uğrunda mübarizə müxtəlif forma və vasitələrlə zənginləşib. Həmin ardıcıl, lakin müxtəlif intensivliklə davam edən mübarizənin və eyni zamanda İranın daxili, beynəlxalq vəziyyətinin təsiri ilə qeyd edilən sahədə müəyyən keçici nəticələr əldə olunub:
- Əsas qanunun XV maddəsinin icra ediləcəyi rəsmi şəkildə elan edilb;
- Etnik və dini azlıqların məsələləri ilə məşğul olan prezidentin xüsusi köməkçisi vəzifəsi təsis edilib;
- 2016-2017-ci tədris ilinin ikinci yarısından Güney Azərbaycanın bəzi bölgələrində Azərbaycan dili və ədəbiyyatının tədris olunacağı elan edilib;
- Təbriz universitetində Azərbaycan dili və ədəbiyyatı fakültəsi təsis edilib;
- Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənəti ocağı təsis edilib;
- Çətinliklə də olsa, Ostan radio və televiziyasının Azərbaycan türkcəsində verlişlərinin dilini ədəbi normaya uyğunlaşdırmaq meyli davam etməkdədir;
- Azərbaycan dilinin həmin dövrə qədər işləndiyi sahələr bir qədər də genişlənib.
Bütün bunlarla yanaşı, İİR hakimiyyəti tərəfindən Güney Azərbaycan xalqının milli kimliyinə, ana dilinə qarşı ideoloji mübarizə daha intensiv şəkildə davam edir, siyasi təzyiqlər azalmır. Dövlətin milli münasibətlər sahəsindəki siyasəti, həmin istiqamətdə verdiyi vədlər və gördüyü tədbirlər məsələnin köklü şəkildə həllinə deyil, həmin sahədə yaranan gərginliyin zəiflədilməsinə yönəldiyindən milli kimlik və onun əsas amili, mədəni və mənəvi dayağı olan etnik dil- Azərbaycan dilinin statusunun yüksəldilməsi və funksiyalarının genişlənməsi uğrunda mübarizənin davam etməsi qaçılmazdır. Rejimin bütün səylərinə baxmayaraq əldə edilən keçici və cüzi nailiyyətlərə arxalanan milli qüvvələrin milli kimlik və milli dil uğrunda mübarizəsinin bundan sonra daha geniş, ardıcıl şəkildə gedəcəyinə və daha çox uğur qazanacağına əmin olmaq olar.

Yeganə Hacıyeva