BMT İnsan Haqları Şurasında Güney Azərbaycan müzakirələri Güney Azərbaycan

BMT İnsan Haqları Şurasında Güney Azərbaycan müzakirələri

Cənublu soydaşlarımız İran hökumətinin yürütdüyü repressiya siyasətindən danışıblar

Sentyabrın 9-da İsveçrənin Cenevrə şəhərində BMT İnsan Haqları Şurasının 27-ci iclası keçirilib. Yığıncaqda İranda yaşayan qeyri-fars millətlərinin nümayəndələri çıxış edərək öz millətlərinin problemlərini dilə gətiriblər. Eyni zamanda bir neçə azərbaycanlı fəal - Şərifə Cəfəri, Mənsur Seyfi və Əmir Nilu da məruzəçi qismində iştirak edib.
M.Seyfi əsasən Urmiya gölündəki böhrandan danışaraq, su hövzəsinin təqribən quruması, İran hökumətinin gölə laqeyd münasibəti, indiyədək bununla bağlı keçirilmiş etiraz aksiyalarında iştirakçılara qarşı tətbiq olunan zorakılıq üsulları, bölgəni gözləyən ekoloji faciə və s. barəsində geniş məlumat verib. O, Urmiya gölündəki böhranının getdikcə dərinləşdiyini və bu səbəbdən artıq bölgədən səssiz şəkilə köçlərin başladığını xüsusi vurğulayıb. M.Seyfi BMT və beynəlxalq təşkilatlardan Urmiya gölünü xilas etmək üçün İran hökumətinə çağırış etməsini istəyib.
Ş.Cəfəri isə İranda türk dilində yazılmış kitabların çap edilməsi problemindən söhbət açaraq, İran qanunlarını digər ölkələrlə müqayisə edib. O, İranda yaradıcılığın olduqca çətin olduğunu və müəlliflərin sərbəst olmadığını söyləyib: "Məsələn, bir şair və ya yazıçı hətta kəlmələri seçməkdə belə sərbəst deyil və senzuraya məruz qalır. Nəticə etibarilə əsər bir neçə orqan tərəfindən təsdiq edilməlidir".
Ş.Cəfəri direktoru olduğu "Pınar Nəşriyyatı"nın üzləşdiyi problemləri də diqqətə çatdırıb.
Ə.Nilu 1979-cu ildə Xalq Müsəlman Hərəkatının üzvlərinin, xüsusilə ayətullah Şəriətmədarinin tərəfdarlarının edam edilməsi məsələsinə toxunaraq, İslam inqilabı zamanı hərəkatın necə başlandığı və hansı təzyiqlərlə üzləşdiyini açıqlayıb. O, Maşallağ Rəzminin "Şəriətmədari tərəfdarlarının hərəkatı və Azərbaycan" kitabı və BMT-nin İtkün düşənlər üzrə xüsusi məruzəçisinin məlumatına da istinad edərək, 1979-cu ildə edam edilmiş 11 nəfərdən (biri qeyri-siyasi fəal olub) ətraflı bəhs edib (onların edam edilməsi barədə İran mətbuatında heç bir məlumat verilməyib və harada dəfn olunduqları da məlum deyil).