İranda təhsil ocaqları açılır, ama...! Güney Azərbaycan

İranda təhsil ocaqları açılır, ama...!

Bu gün İran İslam Respublikasında təhsil ocaqları açılır , bütün məktəblilər (daneşamuz) və öyrəncilər yeni tədris ilinə başlayır.
Yeni təhsil ilində fars uşaqları şovinistlər tərəfindən təhrif edilmiş tarixləri və öz dilləri ilə tanış olmağa başlayır, lakin ölkənin yarıdan çoxunu təşkil edən qeyri-fars millətlərinin uşaqları və ümumiyyətlə bütün öyrənciləri öz tarixi, kimliyi, dili və ədəbiyyatı ilə tanış olmaq deyil, tərsinə olaraq öz kimliyindən uzaq düşür. Həmin mətkəb (mədrəsə) və universitetlərdə dərsliklər vasitəsi ilə qeyri-fars millətlərinin mənsublarına qarşı asimilasyon siyasəti yürüdülür.
İran rejimi bütün tarixi həqiqətləri danaraq 30 milyondan çox Azərbaycan türkünün tarixi kimliyini inkar edir, azərbaycanlıların türk olmadığını və moğulların hücumundan sonra türk dilində danışmağa başladıqlarını iddia edir. İslam adı altında hökmranlıq edən molla rejimi Pəhləvilər dövrü kimi bu günə qədər Azərbaycana qarşı inkarçı siyasətini davam etdirib və etdirməkdədir. Rejim beynəlxalq qanunları və hətta öz anayasasında məhdud da olsa tanınan hüquqi qanunlara əməl etməkdən imtina edir. Bu barədə uzun illərdir mübarizə getsə də hələlik heç bir nəticə əldə olunmayıb və azərbaycanlı məktəbli uşaqlar fars dilində yazıb-oxumağa məcburdur.
Son zamanların əsas şüarına çevrilən "türk dilində mədrəsə - Olmalıdır hər kəsə", "mənim dilim ölən deyil – Fars dilinə dönən deyil" və s. kimi şüarların da ardı kəsilmir. Azərbaycanlılar hər il təhsil ocaqlarının açılışı zamanı müxtəlif şəkildə öz etirazlarını bildirirlər.
Bu vəziyyət fars şovinizminin təbliğinə uyan və onların irəli sürdüyü qardaşlıq şüarına inanan soydaşlarımıza da ciddi müsaj olmalıdır. Bütün dünya ictimaiyyəti ilə bərabər həmin soydaşlarımız övladlarının ən ibtidai hüququndan məhrum edilməsi və ana dillərini unutmalı olduqlarını başa düşməli və fars şovinizminin qardaşlıq şüarının nə qədər boş olduğuna diqqət yetirməlidir.