“Azərbaycan”  qəzetinin səhifələrində  - 94-cü yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 94-cü yazı

Biz milli bir maarif yaratmalıyıq

Xalqımızın indiyə kimi ümumi və düzgün bir mədəniyyətdən məhrum olmaları bizi mütərəqqi və mədəni ölkələrdən geridə qoymuşdur. Keçmiş maarifin nəslimizin sağlam fikirlərini zəhərləməkdən başqa heç bir hədəfi yoxdur. Məktəblərdə tədris olunan kitablar tamamilə bir silsilə faydasız və indiki dünyada həyata uyğun olmayan mətləblərdən ibarət idi.
Bu mədəniyyətin məqsədi bu idi ki, İran millətini tamamilə mədəniyyətdən, düşüncədən geri qoyub və istismarçılar üçün əlverişli şərait yaratsın. Ondan əlavə bu naqis mədəniyyət yalnız mədud bir qrupun inhisarında olduğu üçün millətin əksəriyyəti savad və elmdən məhrum olmuşdurlar.
Maarifdə olan bu yanlış təlim üsulu nəticəsində idi ki, bir qrup xain öz hakimiyyətlərini zorla millətə qəbul elətdirib və xalqın milli hüquqlarını və ictimai vəzifələrinı əksinə olaraq onlara düşündürürdü. Bu maarif tamamilə istismarçı bir maarif olduğundan əlavə Azərbaycanın şəraiti ilə əslən uyğun ola bilməzdi.
Tehranın mürtəce hakim təbəqəsi Azərbaycanı öz milli xüsusiyyətlərindən, dilindən məhrum etməklə panfarsizm törədib öz hakimiyyətlərinin əsaslarını möhkəmləndirmək istəyirdilər. Azərbaycanın mədəniyyəti ilə o biri nöqtələrin mədəniyyətində heç bir fərq yox idi. Amma 5 milyon xalqın dilini qadağan edib onlara öz ana dilləri ilə danışmağa icazə vermirdilər.
Bu irticaçı zorakılıqlar xalqımızı öz milli istedad, zəka və təkamüllərindən geri qoydu. Azərbaycan xalqı dərin ədəbi yoxsulluq şəraitində qalıb öz milli istedadını uduzdu. Təəssüflər olsun ki, biz fars şovinistlərinin zəhərli təbliğatları nəticəsində Azərbaycan cavanlarının öz ana dillərini unudub özgə dillərdə danışıb-yazırdıqlarını görürdük. Bu vəziyyət genişlənməkdə idi. Beləliklə Azərbaycanın hüququnu tapdalayan ünsürlər böyük bir müvəffəqiyyət ələ gətirmişdilər.
Azərbaycan Demokrat Firqəsi yarandıqdan sonra Azərbaycan xalqının bu müqəddəs idealını həyata keçirib öz imkanı daxilində bu barədə böyük nailiyyətlər əldə etmişdir. Amma yenə də demək lazımdır ki, biz indi Azərbaycan ədəbiyyatı cəhətindən böyük bir yoxsulluqdayıq. Bu fərqi aradan qaldırmaq üçün bütün ziyalılarımızın fəaliyyətləri və köməkləri tələb olunur. Milli hökumətimiz tezliklə bu nöqsanları aradan qaldırıb və maarifi bütün xalqın ixtiyarında qoyacaqdır.
Maarifin millətimizin mədəni inkişafı uğrunda oynadığı böyük rolu Milli hökumətimiz nəzərə alaraq Maarif Nazirliyi üçün kifayət qədər büdcə təyin etmişdir. Bu o deməkdir ki, daha maarif bir qrup adamın inhisarında olmayacaq və xalqımıza maarifdən istifadə etmək üçün asan şərtlər yaranacaqdır.
Milli hökumət xalqın öz hökuməti və dövləti olduğu üçün maarifi demokratik üsullar ilə tətbiq edir və milli ideallarımız üzərində onu həyata keçirir. Şübhəsiz, yeni yaradılmış maarifimiz qabaqkı maarifdən tamamilə dəyişikdir. Bu maarifdə Azərbycan xalqının xüsusiyyətləri nəzərdə tutulmaqla bərabər indiki dünyaya, yəni maşinizm əsrinə uyğun olan şərtlər həyata keçəcəkdir. Biz Maarif Nazirliyinin Azərbaycan dilində hazırladığı dərs kitablarının tezliklə nəşr edilməyini gözləyirik.
Ondan əlavə bütün yazıçılarımız, şairlərimiz yorulmadan fəaliyyət etməli və Azərbaycan ədəbiyyatının genişlənməsi uğrunda sürətli qədəmlər götürməlidirlər. Beləliklə uzun illər boyu özgələrin aradan apardıqları şirin ana dilimiz tezliklə böyük bir inkişafa nail olacaq və xalqımız öz ədəbiyyatımızda olan təranələrin tərənnümü altında yaşayacaqdır...

***
Tehran radiosu

“Mal sahibinə çəkməzsə, haramdır”, - deyərlər. Dehli radiosunın atdığı addımların yerə gözünə döndüyüm Tehran radiosu dərhal ayağını basır. Bəzən elə olur ki, daha özgələrə macal verməyib, özü özünü təkzib edir. İki gecə əvvəl jandarmaların qəflətən və namərd bir şəkildə fədai postuna tökülüb neçə nəfər günahsız fədailəri şəhid etdiklərini Təbriz radiosu xəbər verdi. O günün sabahısı Tehran radiosu həyasızcasına o xəbəri təkzib edirdi. Təbriz radiosunun xəbərlərini istər Tehran radiosu təkzib etsin, istər etməsin. Dünya bilir ki, Azərbaycan Milli Hökuməti qurulandan həqiqət olmayan bir sözü danışmayıb, dediyi hər bir sözə əməl edibdir. Azərbaycan radiosuna gəlincə, onun verdiyi xəbərlər və danışdığı sözlər yalan ola bilməz. O, yalan nə olduğunu belə bilməz. Onu qurub başa çatdıranlar yalançı olmayıblar ki, o da öz böyüyündən onu öyrənsin.
Gəldik jandarmaların qəfildən fədailərə həmlə etməsinə. Deyərlər, “keçinin ağlı azanda çobanın dəyənəyinə sürtünər”. Tehranın bütün işləri belədir. Bu da bir tarix. Səqqaxana (insanların susuzluqlarını yatırması üçün su ehtiyatı üçün tikilmiş bir yer – red.) məsələsi də Amerika konsolunu öldürüb cərimə verməyin bir cüridir. Tehran başı küllü əgər əməlli-başlı bir Tehran olsaydı, qırğı gəlib Şirvanı aşmazdı. Nə vaxtdan ki, adam oxuyub anlamağa başlayıb o dağılmışdan səhv və nöqsandan başqa bir şey görməyib. Bütün fikir-zikirləri budur ki, qarı nənə kimi toru qurub başını kəssinlər.
Bunlar geçəndən sonra Tehran radiosu bir qədər xır-pırdan sonra Tehran hökumətinin çıxardığı qərarı yayıb deyirdi: “Tehran hökuməti qərara alıb ki, Azərbaycan millətinin tələblərindən bəzisini təmin eləsin. Azərbaycan millətini və dilini təsdiq edib onlara öz dillərində bir neçə sinif dərs oxumağa imkan verməklə bərabər dövlət idarələrində də özlərinin işləməsinə mane olmasın. Maliyyə, qoşun, jandarma rəislərini Tehran özü təyin etsin. Yəni zər ilə zor özündə qalsın”.
Qazi rəhmətlik deyərdi: “Hər kəs məni bir dəfə aldatsa, Allah ona lənət eləsin ki, adam aldadan imiş. Hər kəs məni ikinci dəfə aldatsa, Allah mənə lənət eləsin ki, niyə bir də onun hiyləsinə və feilinə uyub toruna düşdüm”. Azərbaycanlı bir yeyib bir də dalına bağlayıb. Azərbaycan milləti bir dəfə deyil, çox dəfələr aldanıb. Amma aldanmaqlardan sonra bir daha aldanmamaq üçün and içidir. O, daha hiyləgərlərin hiyləsini anlayıb və daha tovlanmamaq üçün əhd edibdir. Bu halda güman yoxdur ki, bir daha Tehranın o şirin dilli radiosunun ona təsiri olmuş olsun.
Biz gördüyümüzü görmüşük. Göz nədən qorxar? Gördüyündən. Biz bir dəfə demişik:
“Öldü var, döndü yoxdur”. Tehran doğrudan da sülh istəyirsə, kənara çəkilsin. Onun bir yolu var: o da öz irtica aparatını əvəz etməklə olar. Yoxsa, lastikli (yəni asanlıqla hər tərəfə əyilən – red.) söz danışmağın vaxtı çoxdan keçibdir. Çox çətin bir məsələdir ki, azərbaycanlı bir də ixtiyarını özgələrə versin, ombasının tükü getmiş o “həzrət”lərə bir də boyun əysin.
Tehran radiosu nə deyir desin. Oranın naziri hər nə qarara gəlir gəlsin. Bunların zərrəcə Azərbaycan millətinə təsiri olmaycaqdır. Tehranın bizimlə saziş etmək qəsdi varsa, yaxşısı budur ki, cənab nazirlər o tikanlı sözlərindən əl çəkib açıq ürəklə düz yola ayaq bassınlar. Tehranın bizimlə düzəlişmək meyli varsa, yaxşısı budur ki, mərd-mərdanə danışsın. Biz hiyləgər olmadığımız kimi hiyləgərliyi sevməyib və hiyləgər adamlara da nifrət edirik.
Pənahi
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 181, 24.04.1946

***
19-20-ci əsrlərdə Təbrizdə ədəbiyyat

Bu dövrdə nəsr əsərlərinin yaranması da təzə bir hadisədir. 19-cu əsrin 2-ci yarısında Məşədi Rza Hacı Əhməd oğlunun mətbəəsində “Dərbəndnamə” və “Qarabağnamə” əsərlərinin çap edilməsi Təbriz aləmində bir yenilik hesab olunur. Bu əsərlərdən “Dərbəndnamə” Dərbənd şəhəri haqqında maraqlı tarixi məlumat verməklə dil sahəsində sadələşməyə doğru böyük bir addım atmış olur. Əsərin dili ilə tanış olmaq üçün gətirdiyimiz aşağıdakı misal hökmümüzü təsdiq edir: “Tarix iki yüz yetmiş ildə olanda xəlifeyi Bağdad fərman yazıb Dərbənd əhlinə göndərmişdi ki, Badkubənin neft və nəmək mədəninin mədaxilini Dərbənd əhlinə və mübarizlərə mərhəmət elədim”.
Həmin kitabın 2-ci fəslində dərc olunmuş hekayələr dil cəhətdən daha maraqlıdır. Bunlar eyni zamanda bədii olmaqla tərbiyəvi səciyyə də daşıyırlar. Hekayələrin dili ilə tanış olmaqdan ötrü aşağıdakı misalı nəzərdən keçirək:
“ İki sərçə bir damın guşəsində yuva tutmuşdular və orada vaxtlarını keçirirdilər. Vaxt oldu ki, onların balaları oldu. Hər ikisi balalarına pərvəriş verməkdən ötrü yem tələbinə gedirdilər....”
Tərbiyəvi səciyyə daşımaq nöqteye-nəzərindən 19-cu əsr şairlərindən Xalxalinin də yaradıcılığı çox maraqlıdır. Mirzə Məhəmməd Bağır Xalxali Cənubi Azərbaycanın ən çox tanınmış şairlərindən hesab olunur. Onun “Səlbiyyə” əsəri hamıya məlumdur. Tülkünün mənfi sifətlərini təsfir edən şair bu sifətləri həyatdakı mənfi insanlara tətbiq etməklə ictimai-tərbiyəvi nəticələr çıxarır. O, əsərində acgöz adamları, tamahkar tacirləri, çox arvad alanları, əxlaq və məişət pozğunlarını, tənbəlləri və sairəni tənqid və satira atəşinə tutur. Yalnız bu tənqid sadəcə tənqid deyildir. Şair sözlərini xalqa xitabən yazır və deyir:

Əvamün-nasə yazdım bu kitabı
Bu vəchi onlara qıldım xitabı
Deyib çox məzhəkə qıldım zərafət
Onun zimnində yazdım həm nəsihət.

Beləliklə 19-cu əsr ədəbiyyatında Şimali Azərbaycanla Cənubi Azərbaycan arasındakı siyasi-ictimai və coğrafi sərhədlərə baxmayaraq vahid Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndələri yetişmişdir ki, bunlar ədəbiyyat tariximizin görkəmli nümayəndələri hesab olunurlar.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 181, 24.04.1946

***

Danışır Təbriz

Açılıb yurdumun gülü, gülzarı
Olubdur şadman, danışır Təbriz.
Şən görür bülbül tək bu laləzarı
Oxuyur dastan, danışır Təbriz.
***
Xuraman-xuraman baxır hər yana
Şad görür nəslini mehriban ana
Görür, oğlanları dönmüş aslana
Ruhlanır o zaman, danışır Təbriz.
***
Var olsun yurdumun qəhrəman elin
Yaxşı sındırdılar düşmənin belin
Açdılar anamın bu şirin dilin
Ah nə xoş, mehriban danışır Təbriz.
***
Qurbandı bu canım Azərbaycana
Döndərir düşmənin bağrını qana
İndi öz dilini bütün cahana
Eləyir nümayan, danışır Təbriz.
***
Paylanır aləmə azadlıq səsi
Dinlənir dünyada Azər nəğməsi
Xalqımın birə min artır həvəsi
Səslənir ucadan, danışır Təbriz.
***
Qoymarıq xar ola bir də bu vətən
Uğrunda geyiblər ellərim kəfən
Görsün bu şövkəti, bu şanı düşmən
Qoy olsun bağrı qan, danışır Təbriz.
***
Ey könül, qüssədən, qəmdən azad ol
Xainə rəhm etmə, daş ol, polad ol
Vətənin şad olub, Əmini, şad ol
Gülür Azərbaycan, danışır Təbriz.
Sərab, S.Əmini

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 181, 24.04.1946

***
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə