“Mənə aydın deyil ki, onlar niyə aşağı səviyyədə çıxış etdilər?” İdman

“Mənə aydın deyil ki, onlar niyə aşağı səviyyədə çıxış etdilər?”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadənin apasport.az saytına müsahibəsi

- Farer adaları ilə Avropa çempionatının seçmə mərhələ oyununa az vaxt qalıb. Komandanın hazırlıq prosesi, eləcə də keçirdiyi 2 yoxlama oyunu haqda nə deyə bilərsiniz?
- Gündə bir dəfə məşq keçirik. İki yoxlama görüşündə gücümüzü sınadıq. Komanda hələ tam yığışmayıb. Oyunlar müdafiə xəttində problemlərin olduğunu göstərdi. Müdafiəçilərimiz yaxşı təsir bağışlamadılar. Həm də Abbas Hüseynov və Məqsəd İsayev zədəlidi. Düzdü, Abbas "Kəpəz"lə oyunda bir hissə meydanda oldu. Amma ayağında ağrılar var. Hazırda əsas narahatlığımız müdafiə xətti ilə bağlıdı.
- Müdafiəçilərin zəif təsir bağışlaması nə ilə əlaqədardı?
- Məşqlərdə hər şey normal idi. Amma "Kəpəz"lə görüşdə çıxışlarına məətəl qaldım. Mənə də aydın deyil ki, onlar niyə bacarıqlarından aşağı səviyyədə çıxış etdilər?
- Farer adalarının son oyunlarını izləmisinizmi?
- İzləmişəm. Təbii ki, onlarla oyunda hücum etməliyik, amma müdafiəni yaddan çıxarmamaq şərti ilə. Rəqib hər an təhlükə yarada bilər. Çünki futbolçuları atletik cəhətdən güclüdülər, həm də hündürboyludular.
- Kərəm Benke, eləcə də Mahir Mədətovun yoxluğu hücum xəttində necə, problem yarada bilərmi?
- Onların yoxluğunda hücumda Orxan Əliyevə şans veririk. O da hücumçu kimi hələ ki, üzərinə düşəni edir. Səhvləri olsa da, "Kəpəz"lə qarşılaşmada 2 qol vurdu.
- Millinin düşərgəsində olan gənc futbolçuların Farer adaları ilə matçda U-21-ə kömək etmək ehtimalı varmı?
- Mümkündü. Taşkın İltər, Namiq Ələsgərov və Mahir Mədətov millinin oyunundan sonra bizə qoşula bilərlər. Bu futbolçular gəlsələr, bizim üçün böyük qüvvə olacaq.
- Elnur Cəfərov klubsuz olmasına baxmayaraq, Rusiya ilə matçda ona şans verdiniz. Yenə ona oynamaq imkanı yaradacaqsınız?
- Elnuru Sloveniyadakı təlim-məşq toplanışına da apardıq, yoxlama görüşlərinin hamısında şans verdik. Onun problemi oyun təcrübəsinin olmaması, kollektiv məşqlərdə iştirak etməməsidi. Gənc futbolçumuzdu, çalışırıq mümkün olduğu qədər kömək edək, oynasın, açılışsın. Azərbaycan futbolunun gələcəyi bu gənclərin əlindədi. Onları itirmək olmaz. Elnur futbol oynamağı bacarır. Bu gün problemi klubsuz qalmasıdı.
- Rəqibin Farer adaları olması futbolçularda arxayınlıq yarada bilərmi?
- Avropa çempionatı da göstərdi ki, bütün komandalar futbol oynamağı bacarırlar. Bir az "boşalsaq", çətin olacaq. Onsuz da çətin olacaq, amma rəqibi qiymətləndirməsək, ağrısını yaşayacağıq. İlk gündən futbolçulara demişəm ki, Farer adaları ilə oyun qrupdakı ən çətin matçlarımızdan olacaq.