Obama ordunu geri çağırmadı Dünya

Obama ordunu geri çağırmadı

Yaxın Şərqdəki vəziyyət ABŞ-ın planını alt-üst etdi

Cavid

Obamanın Əfqanstandakı ordunu geri çağırmaq, Əfqanstan və İraqdakı bu iki, uzun müharibəni bitirmək kimi fikri var idi. Ancaq Suriyadakı vəziyyət, Iraqda müharibənin qızışması, IŞID kimi terror təşkilatının meydana çıxması bu planı alt-üst etdi. Ümumiyyətlə isə IŞID-in belə fəallaşmasını İraqdakı "Surge" qələbəsindən sonra Obamanın öz qüvvələrini geri çəkərək etdiyi strateji səhvlə əlaqələndirirlər.
"Lefigaro" yazır ki, bu "fəlakətə" ABŞ və onun müttəfiqi NATO-nun stabilliyi qoruduğu əfqan torpaqlarının da reallığı əlavə olunur. ABŞ ve NATO burada IŞID-in fəallaşması və Kunduz şəhərini işğal etmiş taliban silahlılarına dəstək verməkdə günahlandırılır. Vashington Postda dərc olunmuş məqalədə jurnalist Sudarsan Raghavan terrorçuların Əfqanstanın Mahmand vilayətində ortaya çıxmalarını, terroru yaymalarını, kəndliləri isti su ilə yandırmalarını təsvir edib. "Sıravi əfqan da bilir ki, IŞID-in fəallaşması yeni terror dalğasını özü ilə gətirəcək",- reportyor bildirib. Bu səbəbdən də Obama qərarını dəyişdi. 2016-cı il üçün 9800, 2017-ci il üçün isə 5500 nəfərlik ordu Əfqanstanda qalacaq. Onun Əfqanstanda müharibənin "bitdiyini", yalnız Kabildəki ABŞ səfirliyini qorumaq üçün orada 1500 nəfərlik kontingentin qalacağını elan etdiyindən cəmi bir il keçib.
Nyu York Tayms yazır ki, son hadisələr və siyasi ekspertlər Pentaqonu "Əfqanstanda ABŞ qüvvələrinin saxlanılmasının vacibliyinə" inandırdı. Bu qərar Obamanı İraqdakı səhvini təkrarlamaqdan yayındırdı. Prezident açıqlayıb ki, terrorla mübarizə üçün yetəri qədər güc var. Əfqanstanı "terror yuvası" olaraq saxlamaq olmaz. Vashinqtonda fikir ayrılıqları isə mövcuddur. Prezidentin komandası və Duqlas Olivian kimi ekspertlər düşünürlər ki, hər il ABŞ-a 10-20 milyard dollara başa gələn əfqan ordusunun təlimləndirilməsini dayandırmaq lazımdır. "Milli təhlükəsizlik" cəmiyyəti və Pentaqonun böyük hissəsi Həmid Kərzainin əksinə Qərblə əməkdaşlıq edən prezident Qaninin hakimiyyətdə qalması üçün səy göstərməyin vacibliyini qeyd edirlər.
5 il bundan qabaq general Petrausun eks-köməkçisi Con Naql Əfqanstanda 25000 kontingentlik bir qoşunun saxlanılacağını bildirmişdi. Obamanın Əfqanıstan üzrə eks-məsləhətçisi Ceyms Dobbins - "Suriyadakı vəziyyəti bəyənirsinizmi? Yeniden onun kimi bir ölkənin meydana gəlməsini istəyərdinizmi?-" deyə "Nyu York Tayms"ın əməkdaşına sual verib.