Lavrovun Ermənistan səfəri Dünya

Lavrovun Ermənistan səfəri

Sergey Lavrov Ermənistana niyə getmişdi?


"Ermənistanın son zamanlarda iqtisadi problemlərinin artması, dekabrın 1-də keçiriləcək konstitusiya islahatı barədə referendum və digər məsələlərə diqqət etdikdə, müzakirələr əsasən iqtisadi məsələlər və Dağlıq Qarabağ problemi müstəvisində təhlükəsizlik sahələrində olacaq". Bunu Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərinə münasibət bildirərkən deyib.
Mərkəz sədrinin sözlərinə görə, son günlərdə Gürcüstanın enerji siyasətində dəyişiklik etməsi barədə bəyanat verərək İran təbii qazı ilə maraqlandığını bildirməsindən sonra Ermənistan prezidenti Serj Sarkisyanın tələsik Gürcüstana səfər etməsi, İran təbii qazının Ermənistan üzərindən Gürcüstana nəql edilməsi məsələsini gündəmə gətirmişdi. Lavrov böyük bir ehtimalla bu məsələ barəsində də müzakirələr aparacaq. Rusiya Gürcüstanın İrandan təbii qaz almasında maraqlı deyil.
H.Cabbarlı qeyd edib ki, səfər zamanı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi komitəsinin noyabrın 4-də keçirilən iclasında "İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdə gərginliyin artması" ilə bağlı məruzəyə münasibət bildirən Lavrov deyib ki, "Dağlıq Qarabağ probleminin nizama salınması üçün mandatı olmayan müxtəlif beynəlxalq təşkilatlarda məsələnin müzakirəyə çıxarılması doğru deyil. Minsk qrupu həmsədrləri nizamlamanın sadəcə səbrli dialoqla bu qrup çərçivəsində həll olunmasından yanadır".
O əlavə edib ki, Ermənistanın İranla iqtisadi və siyasi münasibətlərinin inkişafı Rusiyanı narahat edən məsələdir: "İran ilə iqtisadi və siyasi münasibətlərini inkişaf etdirən Ermənistan üzərində Rusiyanın təsirinin azalması ehtimalı hər zaman var. Təhlükəsizlik məsələsində Lavrov Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasından Suriya problemində istifadə edilməsi məsələsini də gündəmə gətirə bilər. Buna Ermənistanın necə cavab verəcəyi haqqında dəqiq informasiya olmasa da, Rusiyanın 2008-ci ildə Gürcüstana hərbi müdaxiləsi zamanı 102-ci bazada yerləşən hərbi təyyarələrdən də istifadəsi diqqətə alınarsa, Ermənistanın bu tələbə necə cavab verməsi bəlkə də o qədər əhəmiyyət daşımır. Yəni Rusiya istədiyi halda bu hərbi bazadan Suriya probleminin həllində istifadə edə bilər".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu isə deyib ki, ümumiyyətlə, Rusiyanın xarici işlər naziri (XİN) Sergey Lavrovun Ermənistana səfəri bilavasitə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yönəlik idi. Mərkəz sədrinin sözlərinə görə, Rusiyanın Dağlıq Qarabağ məsələsində öz variantı var: "Rusiya öz variantını qarşılıqlı kompromis kimi qiymətləndirir. Hesab edir ki, hər iki tərəf konsensus qəbul etməlidir. Hazırda Rusiyanın variantını qəbul etməyən tərəf, məhz Ermənistandır. Sergey Lavrov rəsmi İrəvanda olarkən Serj Sarkisyan və Ermənistanın xarici işlər naziri Edvard Nalbadyanla görüşdü. Yəqin ki, yaxın günlər ərzində biz Moskvadan bəyanat eşidəcəyik. Bu, prezidentlərin görüşünün keçirilməsi ilə bağlı ola bilər. S.Lavrov Ermənistanda olarkən də dedi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiya aktivlik nümayiş etdirəcək".

Əli