Parisdəki hadisələr vətəndaş hüquqları üçün qorxu yaradır Dünya

Parisdəki hadisələr vətəndaş hüquqları üçün qorxu yaradır

Fransada insan azadlıqları geniş şəkildə pozula bilər

Cavid

İnsan hüquqları üzrə fəaliyyət göstərən qruplar xəbərdarlıq edirlər ki, Fransada üç ay müddətinə uzadılan fövqəladə vəziyyət rejimi nəticəsində vətəndaş azadlıqları geniş şəkildə pozula bilər. Parisdə törədilən hücumlardan sonra artan həbslər, ev dustaqlığı, ev və məscidlərlə müsəlmanlar tərəfindən idarə olunan iş yerləri də daxil olmaqla, şəxsi mülkiyyətlərdə keçirilən reydlər, Fransada fövqəladə vəziyyət rejiminin uzadılmasının vətəndaş azadlıqlarını məhdudlaşdıra biləcəyi ehtimal insan hüquqları üzrə fəaliyyyət göstərən qruplar arasında təşvişə səbəb olub.
"Aljazeera" xəbər verir ki, noyabrın 13-ü Fransanın paytaxtında törədilən hücumlardan sonra fövqəladə səlahiyyətlərin verildiyi təhlükəsizlik qüvvələrindən artıq "təhlükə riski" araşdırarkən həbs və reydlər üçün məhkəmə icazəsi tələb olunmur. İctimai nümayişlərə də qadağa qoyulub. Ötən həftənin üçüncü günü Fransanın Daxili İşlər Nazirliyi tərəfindən mətbuata verilən məlumata görə, fövqəladə vəziyyət elan edildikdən sonrakı ilk üç gün ərzində 414 evdə axtarış aparılıb, 29 nəfər həbs olunub, 118 nəfər isə ev dustaqlığına məhkum edilib. Senatda keçirilən səsvermədən sonra 12 gündən 3 aya qədər uzadılan fövqəladə vəziyyət rejiminin müstəsna hallar aradan qalxdıqdan sonra qaldırılması nəzərdə tutulur.
Mərkəzi Asiya proqramının və Beynəlxalq Amnistiya Təşkilatının Avropa üzrə rəhbəri Con Dalhusen məsələ ilə bağlı bildirib: "Fövqəladə səlahiyyətlər yalnız yaxın bir təhlükə riski olduğu zaman istifadə edilməlidir. Kənardan təhlükənin nə qədər yaxın olduğunu müəyyənləşdirmək çətindir. Ancaq keçirilən reydlərin hücumlarla bağlı əldə edilmiş kəşfiyyat məlumatlarına əsaslanmayıb qabaqlayıcı tədbirlər olduğunu başa düşmək üçün dahi olmaq lazım deyil."
Dalhusen qeyd edib ki, Beynəlxalq Amnistiya Təşkilatı və insan hüquqları üzrə fəaliyyət göstərən qruplar bəzi tədbirlərin repressiv qanunlara çevriləcəyindən narahatdırlar. Dalhusen bildirir ki, 13 noyabr hücumlarından bu yana bir çox insan "terrorizmə haqq qazandırmaq"da ittiham edilərək həbs edilib. Bu qanun mübahisəli fikirləri olan insanları həbs edə bilmək üçün geniş şəkkildə istifadə oluna biləcək bir qanundur.
Fransanın "L’Express" jurnalı məlumat verir ki, həbs edilənlər arasında Twitter hesabından terrorizmi müdafiə etdiyinə görə, dekabrın 10-u məhkəməyə çıxacaq 18 yaşlı bir gənc də var. "RTL" radiosu isə bildirir ki, 32 yaşlı bir nəfərə terrorizmə haqq qazandırmaqda ittiham edilərək bir illk həbs cəzası verilib.
"Fransada İslamofobiya əleyhine Kollektiv" təşkilatının sözçüsü Yasir Luati bildirib ki, ötən 10 gün ərzində həbs və reydlər kimi müsəlmanlara qarşı hücumların da sayı kəskin şəkildə artıb. Onun verdiyi məlumata görə, noyabrın 14-ü və 19-u arasında bütün ölkədə müsəlmanlara qarşı ən az 26 insident olub.
Fransanın 60 milyon əhalisinin beş milyonu müsəlmandır. Yasir Luati: "Ən qorxuncu isə reydlər zamanı bir neçə məscidin gecə vaxtı polislərin hücumuna məruz qalması olub". "Nice Matin" qəzetində çıxan məlumata görə, polis tərəfindən açılan atəş zamanı altı yaşlı bir uşaq yaralanıb.
Müsəlmanlara hücumların qurbanları üçün təəssüf hissi bildirməyə belə imkan verilmədiyini deyən Yasir Luati bildirir: "Xristian, müsəlman, yəhudi, ağ və ya qaradərili olmasından asılı olmayaraq, bütün ölənlər və ailələri üçün təəssüf hissi keçirirəm. Fransa terrorizmə qarşı müharibə elan etsə də, özünə yanlış düşmən seçib. Bütün dünyada terrorizmin ilk qurbanları elə müsəlmanların özləridir."
Fransa Prezidenti Fransua Olland ötən həftə "konstitusiyaya əlavə dəyişikliklər" edilməsinə çağırıb. Həmin dəyişikliklərə ikili vətəndaşlığı olan məhkum "terroristlər"in vətəndaşlıqlarının ləğv edilməsi və kəşfiyyat qüvvələri tərəfindən "təhlükəli" hesab edilən xarici vətəndaşların ölkədən çıxarılması daxil ediləcək.
"Human Rights Watch" insan hüquqlarını müdafiə təşkilatının baş məsləhətçisi Dinah PoKempner vəziyyətə belə münasibət bildirib: "Biz liderlərimizə içimizə qorxu salmaları üçün yox, müdafiə üçün hansı tədbirlərin görülməsi lazım olduğuna qərar vermələri üçün üz tuturuq. Gələcək həftələrdə bir çox təklifin hüquqları məhdudlaşdıracağı və terrorizmə qarşı mübarizə adı altında hökumət nəzarətini artıracağı gözlənilir."