Mosul yenə İŞİD-də qaldı Dünya

Mosul yenə İŞİD-də qaldı

Müəmma dolu işğalın bitməyən xilas əməliyyatları…

Cavid

İraq ordusunun Mosul şəhərini İŞİD-dən geri almaq üçün keçirdiyi əməliyyat dayandırılıb. Bu məlumatı Şimali İraq kürd muxtariyyətinin hərbi yetkililəri yayıb. Məlumata görə, Mosul uğrunda gedən döyüşlər 5 gün davam edib. Bu müddət ərzində isə cəmi 3 kənd azad olunub. Əməliyyatın öz məqsədinə çatmadan dayandırılmasının səbəbi əlaverişsiz hava şəraitiylə əlaqələndirilir. Hava yağışlı olduğundan İraq əsgərlərinin irəliləyə bilmədiklərini bildirən Mahmur cəbhəsinin kürd komandiri Zıryar Vesani mətbuata açıqlamasında İŞİD-dən geri almağa çalışılan Nəsir kəndi ətrafında döyüşlərin durduğunu və hazırda hər hansı bir hücumun olmadığını deyib.
Qeyd edək ki, 5 gün bundan əvvəl Suriyadan Bəşər Əsədin qoşunları Palmiraya, İraqdan isə yerli hərbi birləşmələr Mosula eyni anda hücuma keçmişdilər. Məqsəd İŞİD-in gözünü açmasına imkan vermədən qısa müddətdə "xilafət"i laxlatmaq, ona ciddi zərbələr vurmaqla məğlubiyyətə uğratmaq idi. Görünən budur ki, Palmiraya hücumun istənilən effekti verməsinə və antik şəhərin işğaldan azad olunmasına baxmayaraq, Mosulda planlar baş tutmayıb. Halbuki, İraq ordusuyla yanaşı, sünni və kürd könüllərinin qatıldığı bu əməliyyata çoxdan hazırlıq görülmüşdü. Əməliyyat planına görə, hücumlar vilayətin Mahmur rayonundan üç istiqamətdə keçiriləcək, hücumin əsas yükü İraq ordusu ilə Haşdi Vətəni (sünni könüllülər) güclərinin çiyinlərinə düşəcək, peşmərgələr (kürd yaraqlıları) lazım gələrsə onları dəstəkləyəcəkdilər. İŞİD-lə toqquşmalarda şiə yaraqlılarının (Haşdi-Şabi) iştirakına isə qəti qadağa olmuşdu. Bunun onsuz da gərgin olan məzhəb münaqişələrini alovlandırmasından ehtiyat edilirdi.
Mosul 2 il bundan əvvəl İŞİD hücumlarına məruz qalmış və ciddi müqavimətlə üzləşmədən təslim olmuşdu. Hücumdan əvvəl müəmmalı şəkildə şəhəri döyüşmədən tərk edən İraq ordusu özlərindən geriyə xeyli hərbi texnika və qızıl, xarici valyuta ehtiyatı buraxmışdı. Dəyəri milyard dollarlarla ölçülən bu vəsait İŞİD-in "xilafət" strukturlarının yaradılmasında müstəsna rol oynamışdı. Hətta bəzi ekspertlər "xilafətin" öz pul vahidi olan qızıl dinarını həmin qızıl ehtiyatını əridərək, kəsdiyini bildirirlər.
İki ildir davam edən işğal dövrü ərzində, demək olar, hər ay Mosul əməliyyatına başlayacağını bildirən rəsmi Bağdad hər dəfə İraq əsgərlərinin döyüşə hazır olmadığını səbəb gətirərək, əməliyyatları təxirə salır. Son əməliyyatın ciddi nəticə əldə etmədən dayandırılması da bu konteksdən xeyli müəmmalı görünür.
Mosulun işğala məruz qaldığı dövrdə İraqa rəhbərlik edən baş nazir Maliki hakimiyyətinin sonunu gətirən həmin məğlubiyyətdən sonra bir çox korrupsiya faktları üzə çıxdı. Hazırda sabiq baş nazir zaman-zaman 600 milyard dollar mənimsəməkdə günahlandırılır.
İraq müxalifətinin dilə gətirdiyi bu məbləğ xeyli astronomik görünsə də, hər halda "od yanmasa tüstü çıxmaz" həqiqəti var, bu qədər olmasa delə, 100 milyardlarla dolların mənimsənildiyi şübhə doğurmur. Mənimsəmə faktları isə əsasən hərbi xərclərdə qeydə alınıb. Mümkündür ki, Mosulun və digər yerlərin işalına Bağdadın laqeyd yanaşılması "qara pulların" daha rahat yuyulması və təmizlənməsiylə əlaqədar olsun. Nə bəlli olar, bəlkə son hərbi əməliyyat da elə Mosulun yox, "qara pulların" qurtarılmasına hesablanıb.
Bu arada Suriya hərb rəsmiləri bildirir ki, Palmira şəhərinin yenidən ələ keçirilməsi İslam Dövləti qrupuna qarşı genişmiqyaslı əməliyyatların başlama nöqtəsi olacaq. Rusiya hava hücumlarının dəstəyilə Suriya hərbi qüvvələri Palmira ərazisini 10 aydan sonra geri ala biliblər. Ərazidə 2000 il bundan əvvəl tikilmiş abidələr militant qrupun hücumları vaxtı zərər görmüşdü. Britaniyada yerləşən Suriya İnsan Haqları qrupunun məlumatına əsasən əməliyyat zamanı 400 militant və 180 hökumət əsgəri həlak olub. Prezident Bəşər Əl-Əsəd əməliyyatı mühüm nailiyyət və Suriya ordusunun və onun müttəfiqlərinin terrorizmə qarşı mübarizədə effektivliyinin sübutu adlandırıb.
Dövlət xəbər agentliyi bildirir ki, ekspertlər yaxın günlərdə Palmira ərazisində militantlar tərəfindən zərər görmüş abidələri nəzərdən keçirəcək. Militantlar bu abidələri İslama zidd hesab etdikləri üçün dağıdıblar. Antikvar abidələr üzrə məsul rəsmi Məmun Əbdülkərim İslam Dövləti qrupunun dağıtdığı Zəfər Tağı və Baalşamin məbədlərinin yenidən bərpa olunacağını vurğulayıb. O, Roma erasına aid digər abidələrin yaxşı vəziyyətdə olduğunu əlavə edib.