Xəzərdən Suriyanı vurmaq üçün platsdarm Dünya

Xəzərdən Suriyanı vurmaq üçün platsdarm

Şoyqu Bakıya kimləri gətirmişdi...

Cavid

Rusiya müdafiə naziri Sergey Şoyqunun Bakıya gözlənilməz səfərinin əsas məqsədlərindən biri Xəzərdən Suriyaya zərbə endirmək üçün platsdarmın yaradılması olub.
"Komsomolskaya pravda" qəzetinin məlumatına əsasən, Sergey Şoyqunun müdafiə naziri Zakir Həsənovla danışıqlarında Moskva və Bakının Xəzərdə birgə hərbi fəaliyyəti barədə söhbət gedib. Bildirilir ki, birgə fəaliyyətlə bağlı bütün məsələləri yerindəcə razılaşdırmaq üçün Şoyqu özü ilə birlikdə mütəxəssisləri də gətirmişdi.
Bu birgə fəaliyyətin mahiyyətinin nədən ibarət olacağı barədə heç nə deyilmir. Lakin məlumdur ki, Rusiya Hələb şəhərinin terrorçulardan və müxalif qruplardan təmizlənməsi üçün həlledici, eyni zamanda irimiqyaslı əməliyyata hazırlaşır. Və bu əməliyyatda Xəzər dənizindən də istifadə edəcək. Artıq xəbər verildiyi kimi Rusiya Suriyadakı hədəflərə zərbələr endirmək üçün qanadlı raketlərin İran və İraq hava sahəsindən keçməsinə dair icazə istəyib. Rəsmi Tehran bu istəyi müsbət cavablandırıb.
Hazırda Rusiyanın Xəzər donanması döyüş şəraitinə maksimal yaxınlaşdırılmış hərbi təlimlər keçirir. "Nezavisimaya qazeta" yazır ki, təlimlərə "Kalibr" qanadlı raketləri ilə silahlanmış hərbi gəmilər də qatılıb.
"Warfare Worldwide" bloqunda bu gün səhər saatlarında yer alan digər məlumatda isə deyilir ki, Rusiya İranın Həmədan vilayətindəki aviabazaya qırıcı-bombardmançılar yerləşdirib. Bu təyyarələr Hələbdə başladılacaq əməliyyatda istifadə olunacaq. Qırıcıların İranda yerləşdirilməsi onların uçuş məsafəsini azaldacaq və beləliklə də bomba yükünü artırmağa imkan verəcək.
Beləliklə, gözlənilir ki, Rusiya Hələbdən ABŞ-ın dolayısıyla dəstəklədiyi "Əl-Nüsra Cəbhəsi"ni (indi adı "Ceyş əl-Şam"dır) və digər müxalif qrupları vurub çıxarmaq üçün eyni zamanda Xəzər dənizindən, Suriyadakı Hmeymim aviabazasından, İranın Həmədan aviabazasından və Xəzər dənizindən, habelə Aralıq dənizindəki gəmilərdən zərbələr endirəcək. Xəbərlərə görə Xəzər donanmasının ardınca Rusiya donanması Aralıq dənizində də manevrlərə başlayıb.
Müdafiə naziri Sergey Şoyqu "Rossiya 24" telekanalına müsahibəsində deyib ki, Rusiya ABŞ-la Hələbdə terrorçulara qarşı birgə fəaliyyəti razılaşdırmaq barədə müzakirələr aparır və tərəflər anlaşmaya yaxındır. "The Guardian" qəzeti də ABŞ-ın Rusiyanın Hələbdə başladacağı əməliyyata dəstək verməyə yaxın olduğunu yazır. Lakin Birləşmiş Ştatların Dövlət Departamenti Rusiya müdafiə nazirinin sözlərinə şərh verməyib.
Bu arada Qərb Universitetinin professoru Fikrət Sadıxov bildirib: "İlk öncə xüsusilə qeyd etmək lazımdır ki, yüksək rütbəli dövlət nümayəndəsinin səfəri əlbəttə ki, Azərbaycan-Rusiya münasibətəri kontekstində əhəmiyyət kəsb edir". Professorun bildirdiyinə görə, artıq bu münasibətlər aşkar xarakter alıb: "Prinsip etibarilə bu səfər ölkələrimiz arasındakı hərbi-texniki əməkdaşlığın nə qədər önəmli olduğunun göstərməklə yanaşı, eyni zamada kifayət qədər dinamikliyini sərgiləyir".
Fikrət Sadıxov həmçinin bildirib ki, bu həm silah satışı, həm kadrların yetişdirilməsi, həm birgə manevrlər və müxtəlif hərbi-texniki layihələrdir: "Mən şübhə etmirəm ki, bu səfər ikitərəfli münasibətlərin gücləndirilməsi çərçivəsində növbəti əhəmiyyətli səhifə olacaq. O cümlədən, şübhə etmirəm ki, Azərbaycan və Rusiya arasındakı hərbi-texniki əməkdaşlıq ikitərəfli münasibətlərin daha aktiv fəaliyyətinə xidmət edəcək".
"Bu reallıq bütün xəzəryanı ölkələrin ümumi razılığı əsnasıda inkişaf edə bilər, söhət beş xəzəryanı ölkədə gedir"-deyə xatırladan professor bildirib ki, hələlik bu ölkələrin buna nə qədər pozitiv münasibət göstərmələrini demək çətindir: "Hər halda regionun təhlükəsizliyi ilə bağlı nə varsa, o cümlədən, dəniz məkanına sahib ola Azərbaycan üçün bu məsələ çox əhəmiyyətlidir. Yeni təşkilatın yaranıb-yaranmamasında asılı olmayaraq, fakt budur ki, əməkdaşlıq davam edir və Xəzər hövzəsində mümkün əməkdaşlığın genişlənməsi gələcəkdə də müzakirə olunacaq".