Ruhani inqilab keşikçilərini buxovlayır? Dünya

Ruhani inqilab keşikçilərini buxovlayır?

"The Financial Times" yazır ki, 1980-ci illərdə baş vermiş İran-İraq müharibəsinin, habelə son vaxtlarda Suriya və İraq münaqişələrinin qəhrəmanı sayılan İnqliab Keşikçiləri Korpusu uzun illər ölkə iqtisadiyyatında aparıcı rol oynayıb. Məqalədə deyilir ki, üç il əvvəl hakimiyyətə gəlmiş mötədil prezident Həsən Ruhani məhz bu təsir və nüfuzu buxovlamağa çalışırdı.
"The Financial Times" yazır ki, son vaxtlar prezidentin cəhdləri bəhrə verməyə başlayıb. Belə ki, ölkə bankları keşikçilərlə bağları məlum olan Xatəm əl-Ənbiya tikinti şirkətinə kreditlər verməkdən boyun qaçırıb. Məqalədə deyilir ki, İran və Qərb arasında bağlanmış nüvə sazişinə baxmayaraq məhz bu şirkətin üzərindən beynəlxalq sanksiyalar qaldırılmayıb.
"The Financial Times" yazır ki, bu hadisə çox güman mühafizəkarları qəzəbləndirəcək və Ruhani tərəfdarları ilə inqilab keşikçiləri arasında hakimiyyət çəkişməsinin şiddətini artıracaq. "Bu "bank təslimçiliyi" və "özünəsanksiyadır" - deyib mühafizəkar ruhani Əhməd Aləmolhoda. Kredit verməkdən imtina etmiş iki özəl bank isə Mellat və Sepah banklarıdır.
Prezidentin tərəfdarları Parisdə mənzillənmiş Maliyyə Hərəkəti Əməliyyat Qüvvəsi ilə İran arasında ötən iyunda imzalanmış sazişi alqışlayıblar. Bu təşkilat çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə aparır. Təhlilçilər bidirirlər ki, Ruhani inqilab keşikçiləri ilə çəkişmədə məhz bu təşkilatla pərdələnir. Məhz buna görə də mühafizəkarlar ölkənin Maliyyə Hərəkəti Əməliyyat Qüvvəsi təşkilatı ilə sazişdən çıxmasını tələb edirlər. Hazırda Ali Milli Təhlükəsizlik Şurası iki tərəf arasında vasitəçilik edir.
İran bankirlərinin əksəriyyəti bu qənaətdədir ki, İran bu sazişdən çıxa bilməz və çıxmayacaq. Onların fikrincə belə bir hərəkət ölkənin bank sisteminin qlobal maliyyə sisteminə inteqrasiyasını əngəlləyə bilərdi. "The Financial Times" yazır ki, keşikçilər xaricdəki hərbi əməliyyatlarla yanaşı ölkənin iqtisadiyyatında nəhəng maliyyə maraqlarına malikdirlər. Təhlilçilərin təxminlərinə görə, İnqilab Keşikçiləri Korpusunun toplam aktivlərinin dəyəri 100 milyard dollardır.
İnqilab keşikçilərinə bağlı şirkətlər yol, körpü və su bəndlərinin tikintisində, neft və qaz sənayesində və milli telekommunikasiya sistemində çalışır. Onların Ənsar və Mehr adlı ən azı iki bankı var. Belə maliyyə qüdrətinə malik keşikçilər asanlıqla təslim olmayacaqlar. Məsələn neft naziri elan edib ki, ölkənin nəhəng Azadeqan yatağı tenderə çıxarılacaq. Bu tenderdə Fransanın Total şirkəti iştirak etsə də, bəzi şayiələrə görə İnqilab Keşçikçiləri Korpusu Totaldan daha sərfəli saziş təklif edə bilər. "Keşikçilərin mentaliteti girov götürənlərin mentaliteti kimidir. Onlar nəhəng layihələri nəzarət altına alaraq hökuməti girov edirlər" - deyib bir keçmiş hökumət üzvü.