
Donald Tramp isə Asiya ilə bağlı fərqli mövqe tuta bilər
ABŞ prezidenti Barak Obama bazar günü prezidentliyi dövrü sonuncu xarici səfərə çıxır. Amerika prezidentinin müşavirləri dünya liderləri ilə görüşlər zamanı əsas müzakirələrin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ətrafında aparılacağını gözləyir. ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ben Rods prezident Obamanın səfəri zamanı Yunanıstan, Almaniya və Peruda olacağını deyib. Onun sözlərinə görə, səfər Amerikanın ən yaxın müttəfiqləri ilə həmrəyliyin və "güclü, interqrasiya olunmuş və vahid Avropaya" dəstəyin nümayiş etdirilməsi xarakteri daşıyır.
Səfər zamanı Obama başlıca nitqi Yunanıstanda söyləyəcək. Amerika lideri ölkədə və dünyanın başqa yerlərində iqtisadi artıma nail olunması və qeyri-bərabərliyin aradan qaldırılması ilə bərabər iqtisadi sınaqların ünvanlanması mövzusuna toxunacaq. Obama həmçinin Yunanıstanın baş naziri Aleksis Tsiprasla danışıqlar aparacaq. Müzakirələr zamanı ABŞ prezidentinin iqtisadi böhranın aradan qaldırılması məqsədilə beynəlxalq iqtisadi yardım paketinin ayrıldığı və bunun müqabilində sosial proqramların sərt ixtisarı ilə qarşılaşmış Yunanıstan xalqına dəstək bildirəcəyi gözlənilir.
Almaniyada prezident Obama kansler Angela Merkellə danışıqlar keçirəcək. Milli Təhlükəsizlik məsələləri üzrə müşavir Ben Rods Almaniya ilə münasibətlərin əhəmiyyətimi vurğulayaraq, Merkeli "prezidentin bütün hakimiyyəti dövrü onun ən yaxın müttəfiqlərindən biri" adlandırıb. Görüşə Britaniya, Fransa, İtaliya və İspaniyanın liderləri də qatılacaq. Danışıqlar zamanı İŞİD-ə qarşı mübarizə, mühacirət məsələləri, Ukraynada və vəziyyəti və ABŞ-da keçirilmiş prezident seçkilər müzakirələrin diqqət mərkəzində olacağı gözlənilir.
ABŞ-da prezident seçilmiş Donald Tramp dəfələrlə prezident Obamanın hakimiyyəti dövrü əldə edilmiş razılıqlara qarşı çıxış edib. Bura İranın nüvə proqramı, keçən ay qüvvəyə minmiş iqlim dəyişikliyinə dair müqavilə və ABŞ Konqresində hələ təsdiq edilməmiş Trans-Sakit okeanı Tərəfdarşlığı haqda razılıq daxildir. Prezident Obamanın Trans-Sakit okeanı Tərəfdarşlığı haqda razılığı imzalamış ölkələrin liderləri ilə Peruda olduğu müddətdə görüşəcəyi gözlənilir. ABŞ prezidenti müqaviləyə daxil olmayan Çinin prezidenti ilə görüşməlidir. Prezidentliyi müddətdə Obama Asiya-Sakit okeanı regionunu prioritet məsələlərdən birinə çevirib. Ameirka lideri Peruda Asiya-Sakit okeanı İqtisadi Əməkdaşlıq sammitində bu ölkələrin liderləri iləmüzakirələr aparacaq.
Donald Tramp Asiya ilə bağlı fərqli mövqe tuta bilər. Lakin ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ben Rods deyib ki, regionun əhəmiyyəti və ABŞ-ın burada tərəfdaşları ilə əldə etdiyi razılaşmalar və müqavilələr nəzərə alınsa, o, Asiya bölgəsinin prioritet məsələ olaraq qalacağına inanır. Onu da bildirək ki, ABŞ prezidenti Barak Obama prezidentliyi dövründə xaricə sonuncu dəfə səfər etməzdən öncə Ağ Evdə mətbuat konfransında müxtəlif məsələlərlə bağlı jurnalistlərin çoxsaylı suallarını cavablandırıb. Amerika lideri qlobal iqtisadiyyatın sabitləşdirilməsinin əhəmiyyətini və ABŞ-ın müttəfiqləri ilə həmrəyliyinin vacibliyini vurğulayıb.
Obama prezident seçilmiş Donald Trampla keçən həftə görüşünü qeyd edərək, hakimiyyətin dinc keçidinin təmin edilməsinin önəmindın danışıb. O, Trampla görüşün səmimi şəraitdə keçdiyini deyib. ABŞ prezidenti bir neçə ay xərçəng xəstəliyi ilə mübarizə apardıqdan sonra dünyasını dəyişmiş tanınmış jurnalist Qven Ayfelin xatirəsini anıb.