Suriya düyünü niyə çözülmür Dünya

Suriya düyünü niyə çözülmür

Qərb və ərəb faktoru

Moskva görüşü şübhəsiz ki, regionda ciddi marağı olan üç ölkənin Suriya ilə bağlı ortaq məxrəcə gəlmələrinə yönəlik cəhd olaraq müsbət qiymətləndirilməlidir.
Bu sözləri analitik Vüqar Zifəroğlu deyib. Analitik bildirib ki, Suriya bu gün dünyanın gündəmini zəbt edən ən ciddi və əhatə dairəsi son dərəcə geniş olan bir problemdir:
"Bu baxımdan belə görüşlərin keçirilməsi problemin tam həlli olmasa da, müəyyən detalların razılaşdırılmasına və qarşıduran tərəflər arasında kompromisə gedəcək yolların müəyyənləşdirilməsinə kömək edə bilər. Rusiya, İran və Türkiyənin ortaq fikri budur ki, Suriya beynəlxalq hüququn subyekti olaraq bölünməzdir və onun ərazi bütövlüyü qorunmalıdır. Suriyanın parçalanması heç bir halda adları çəkilən ölkələrin maraqlarına cavab vermir. Baxmayaraq ki, səngərdə fərqli cinahlarda yer almaqdadırlar və faktiki olaraq maraq dairələrinə görə Suriya ərazisi artıq bölünüb. Bildiyiniz kimi, Əsəd qüvvələrinin nəzarətində olan Hələb ərazisində Rusiya və İran hərbçilərinin də dəstəyi ilə kütləvi qətllər törədilirdi. Mümkündür ki, Hələbdə də qarşıdurmalar səngisin və əhaliyə münasibətdə müəyyən yumşalmaların şahidi olaq".
Analitik prinsipial olaraq Moskva görüşünün indiki məqamda Suriyada baş verənlərə ciddi təsir etməyəcəyini düşünür:
"Hər üç ölkənin Suriyada öz maraq və hədəfləri var. Məhz bu, tərəflərin tam olaraq bir araya gəlməyinə mane olur. Başqa bir məqam isə Qərb və ərəb faktorudur. Təbii ki, onlar Suriyada cərəyan edən proseslərə öz təsirlərinin azalmasına razı olmayacaqlar. Diqqət edin, Moskva görüşü ilə paralel Ankarada rus səfiri vurulur, Kerri Səudiyyəyə səfər edir və keçirilən ortaq mətbuat konfransında Xarici İşlər naziri Adil Cübeyr "dünya ölkələrindən Bəhreyn, Yəmən, Səudiyyə Ərəbistanı, Suriya və İraqa nəticəsiz müdaxilələr edən, terrora dəstək verən, məzhəb ayrı-seçkiliyi salan, Hörmüz boğazında dəniz nəqliyyatında təhlükə yaradan İrana qarşı güclü tədbirlər görülməsini" tələb edir, ABŞ isə ümumiyyətlə, Rusiya, Türkiyə və İran XİN-in rəhbərlərinin görüşündən sonra Suriyada atəşkəs barədə danışmağın tez olduğunu bəyan edir".
Qeyd edək ki, Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri dekabrın 20-də Moskvada Suriya məsələsini müzakirə ediblər. Görüşün yekunu olaraq Suriyadakı böhranın həll edilməsi üçün siyasi proseslərin sürətləndirilməsi ilə bağlı ortaq bəyannamə qəbul edilib. Tərəflər Suriya hökuməti ilə müxaliflər arasında bir razılıq əldə edilməsi üçün fəaliyyətə başlamağa hazır olduqlarını bildiriblər.