08:57
595
“ABŞ Prezidenti Donald Trampın son çağırışı İran böhranının miqyasını əhəmiyyətli dərəcədə dəyişdirdi. Onun etirazçılara “qurumlarınızı ələ keçirin” mesajı verməsi həm psixoloji təzyiq vasitəsidir, həm də Vaşinqtonun prosesləri yalnız kənardan izləmək niyyətində olmadığını göstərir. İran daxilində siyasi elita arasındakı narazılıq, etirazların dayanmadan genişlənməsi və region müttəfiqlərinin passiv münasibəti Tehranın dayanıqlığını zəiflədir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov deyib.
A.Nəsirov bildirib ki, eyni zamanda, ABŞ-nin danışıqları dondurması və hərbi-siyasi təzyiqi artırması, müdaxilənin yalnız hava zərbələrindən ibarət olmayacağını göstərən siqnallardır: “Bu mərhələdə Vaşinqton həm daxili partlayışı dərinləşdirmək, həm də rejimin manevr imkanlarını məhdudlaşdırmaq üçün müxtəlif vasitələri paralel şəkildə işə sala bilər”.
Siyasi şərhçinin sözlərinə görə, İranın gələcək taleyini müəyyən edəcək faktor yalnız ABŞ-nin qərarı deyil, həm də rejimin öz davranışıdır: “Siyasi və güc strukturlarının cəmiyyət üzərində nəzarəti saxlamaq üçün sərt xəttə üstünlük verməsi, cəmiyyətdəki narazılığı daha da gücləndirir. Gənc nəsil köhnə idarəçilik modelini qəbul etmir və dəyişiklik tələbini açıq şəkildə ifadə edir. Bu mühitdə ən real nəticə ondan ibarətdir ki, İran əvvəlki siyasi sabitliyini geri qaytara bilməyəcək. Vaşinqton müdaxilə etsə də, etməsə də ölkədə başlanmış siyasi çatların dərinləşməsi artıq geriyə dönüşü olmayan prosesə çevrilib və gələcək aylarda Tehranın daxilində daha kəskin qarşıdurmaların yaranması ehtimalı artmaqdadır”.
Röya İsrafilova