Rusiya ordusu Donetsk vilayətində mövqelərini genişləndirir Dünya

Rusiya ordusu Donetsk vilayətində mövqelərini genişləndirir

Rusiya ordusu Ukraynanın Donetsk vilayətindəki üç yaşayış məntəqəsi istiqamətində irəliləyişə nail olub.

Bu barədə Ukraynanın "DeepState" analitik monitorinq layihəsi məlumat yayıb.

Analitiklər Rusiya ordusunun Yampil, Bondarne və Stepanivka yaxınlığında irəlilədiyini qeyd ediblər.

"DeepState"in həmtəsisçisi Ruslan Mikula bildirib ki, Rusiya ordusu cəbhədə irəliləsə də, bu templər çox aşağıdır. Onun sözlərinə görə, bu sürətlə bütün Donetsk vilayətini nəzarətə götürmək üçün qarşı tərəfə iki ildən çox vaxt lazım olacaq.

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski isə Rusiya ordusunun texnoloji hazırlığına diqqət çəkib. O qeyd edib ki, pilotsuz sistemlərin bir çox istiqamətləri üzrə Rusiya "ən azı Ukraynadan geri qalmır".

Baş komandan həmçinin əlavə edib ki, Rusiya 2026-cı ildə pilotsuz uçuş aparatları (PUA) qoşunlarının sayını 79 min nəfər artırmağı planlaşdırır.