13:34
1 491
“ABŞ Dövlət katibi Marko Rubionun fevralın 28-də İsrailə səfəri regional təhlükəsizlik arxitekturası baxımından diqqətçəkən hadisədir. Xüsusilə onun Baş nazir Benyamin Netanyahu ilə İran məsələsini müzakirə edəcəyi xəbəri Yaxın Şərqdə mövcud həssas balans kontekstində qiymətləndirilməlidir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu söyləyib.
Politoloq deyib ki, bu səfər birbaşa olaraq gərginliyi artırmaq məqsədi daşımaya bilər: “Əksinə, Vaşinqtonun Tel-Əvivlə koordinasiyanı gücləndirmək, mümkün eskalasiya risklərini nəzarətdə saxlamaq və İranla bağlı vahid mövqe formalaşdırmaq niyyəti kimi də yozula bilər. Lakin İran faktoru hər zaman yüksək emosional və hərbi-siyasi həssaslıq doğurduğundan, veriləcək mesajların tonu və məzmunu regiondakı aktorların reaksiyasına təsir göstərəcək”.
E.Telmanoğlu həmçinin qeyd edib ki, əgər səfər çərçivəsində sərt ritorika və ya əlavə təzyiq mexanizmləri gündəmə gələrsə, bu, Tehran tərəfindən cavab addımları ilə nəticələnə və dolayısı ilə gərginliyi artıra bilər: “Əks halda, koordinasiyaedici və çəkindirici diplomatiya xətti üstünlük təşkil edərsə, səfər daha çox preventiv xarakter daşıya bilər. Yəni nəticə səfərin özündən çox, onun diplomatik məzmunundan və sonrakı siyasi siqnallardan asılı olacaq”.
Röya İsrafilova