“Bu, yeni hüquqi mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər” Dünya

“Bu, yeni hüquqi mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər”

““Terrorsuz Türkiyə” hesabatında Türkiyənin əsas dövlət prinsiplərinin qorunması xüsusi vurğulanır. Unitar dövlət quruluşu, ölkənin ərazi bütövlüyü, Türkiyə türkcəsinin yeganə rəsmi dil statusu və dünyəvi respublika prinsipi sənədin “qırmızı xətləri” kimi təqdim olunur. Eyni zamanda, yeni Konstitusiyanın hazırlanması təşəbbüsü ön plana çıxır. Mövcud hüquqi bazanın müasir təhlükəsizlik çağırışlarına və ictimai-siyasi tələblərə uyğunlaşdırılması məqsədilə Parlamentin daxili nizamnaməsində dəyişikliklər, siyasi partiyalar haqqında qanunun yenilənməsi, seçki qanunvericiliyində islahatlar təklif edilir. Bu dəyişikliklərin əsas məqsədi həm siyasi sistemin effektivliyini artırmaq, həm də milli həmrəyliyi gücləndirmək kimi təqdim olunur”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında hərbi ekspert Anar Şuşalı deyib.

O bildirib ki, hesabat “Terrorsuz Türkiyə” konsepsiyasını yalnız hərbi müstəvidə deyil, hüquqi və sosial ölçülərlə birlikdə izah edir: “Sənəddə terrorla mübarizənin ölkəyə illik 100–340 milyard dollar həcmində iqtisadi zərər vurduğu bildirilir. Bu itkilərin aradan qaldırılması və regional inkişaf fərqlərinin minimuma endirilməsi prioritet kimi göstərilir. Türk–Kürd münasibətləri sənəddə tarixi tale birliyi çərçivəsində qiymətləndirilir və problemin həlli “qardaşlıq hüququ” anlayışı ilə əsaslandırılır. Yəni məsələ etnik qarşıdurma deyil”.

Ekspertin fikirlərinə görə, sənəddə PKK-nın özünü buraxması və silahı yerə qoymasının dövlət tərəfindən rəsmi şəkildə təsdiqlənməsindən sonra təşkilat üzvləri ilə bağlı ayrıca qanun layihəsinin hazırlanması təklifi irəli sürülür: “Bu, potensial olaraq yeni hüquqi mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Belə yanaşma təhlükəsizlik müstəvisindən siyasi-hüquqi normallaşma mərhələsinə keçid niyyətini göstərir. Lakin prosesin praktik reallaşması həm daxili siyasi konsensusdan, həm də təhlükəsizlik institutlarının yekdil mövqeyindən asılı olacaq”.

A.Şuşalı həmçinin qeyd edib ki, “Terrorsuz Türkiyə” hesabatı yalnız terrorla mübarizə sənədi deyil, həm də yeni konstitusion və siyasi transformasiya paketi kimi təqdim olunur: “Bu təşəbbüs bir tərəfdən dövlətin unitar və dünyəvi əsaslarını qorumağı hədəfləyir, digər tərəfdən isə sosial inteqrasiya və iqtisadi balansın təminini prioritet elan edir.
Nəticə etibarilə, sənəd Türkiyədə təhlükəsizlik konsepsiyasının hərbi çərçivədən çıxarılaraq hüquqi-siyasi islahatlarla tamamlanması istiqamətində atılan addım kimi qiymətləndirilə bilər. Bu isə regionda baş verən geosiyasi proseslər fonunda Ankaranın daxili sabitliyi uzunmüddətli strateji üstünlük kimi möhkəmləndirmək niyyətindən xəbər verir”.

Röya İsrafilova