WSJ: ChatGPT bioloji silah və zəhər hazırlanmasına dair təlimatlar verib​​​​​​​ Gündəm

WSJ: ChatGPT bioloji silah və zəhər hazırlanmasına dair təlimatlar verib​​​​​​​

"OpenAI" şirkətinin "ChatGPT" süni intellekt modeli istifadəçilərin sorğuları əsasında bioloji silahların və zəhərlərin yaradılmasına dair ətraflı və dəqiq təlimatlar təqdim edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, istifadəçi sorğuları arasında patogenlərin püskürtülməsi, qızılca virusunun peyvəndə davamlı formaya salınması üçün modifikasiya edilməsi, habelə beynəlxalq müqavilələrlə qadağan olunmuş risin zəhərinin hazırlanması barədə suallar olub. Halların birində belə bir təlimat alan istifadəçi valideynlərini öldürmək niyyətində olduğunu bildirib. "OpenAI" şirkəti həmin istifadəçilərin hesablarını bloklayıb, lakin hüquq-mühafizə orqanlarına bu barədə məlumat verməyib, çünki ABŞ-də süni intellekt şirkətlərini bu tür insidentlər haqqında məlumatlandırmağa məcbur edən federal qanunlar hələ də yoxdur.

Mənbələr nəşrə bildiriblər ki, çat-botun cavabları terrorizm və biologiya sahəsindəki ekspertlər tərəfindən araşdırılıb. Onların fikrincə, bəzi təlimatlar "ölümcül dərəcədə dəqiq" olub.

WSJ qeyd edir ki, Ağ Evin və ABŞ Müdafiə Nazirliyinin yüksəkvəzifəli rəsmiləri bioloji silahların hazırlanmasında süni intellektdən istifadə təhlükəsini hələ Co Baydenin prezidentliyi dövründə müzakirə edirdilər. ABŞ hökuməti Sİ modellərinə nəzarəti sərtləşdirməyə çalışır – qəzet xatırladır ki, bu yaxınlarda Ticarət Nazirliyi "Anthropic" şirkətinin iki modelinin xaricdə istifadəsini müvəqqəti olaraq məhdudlaşdırıb. Qəzetin məlumatına görə, ABŞ-nin federal qanunları Sİ şirkətlərini modellərin uşaq pornoqrafiyası materiallarının yaradılması üçün istifadə olunmamasına nəzarət etməyə məcbur edir. Lakin digər sahələrə gəldikdə, şirkətlər "sərhədi haradan çəkəcəklərinə" özləri qərar verirlər.

Məryəm Quliyeva