“Azərbaycan bu sahədə səylərini daha da artırmalıdır”
2 Noyabr 18:16

İran onilliklərdir ki, beynəlxalq sanksiyaların ağır təzyiqi altında yaşayır. Bu sanksiyalar 1979-cu il İslam İnqilabından bəri, xüsusən də 2000-ci illərin əvvəllərində ölkənin nüvə proqramı ilə bağlı detalların açıqlanmasından və sonradan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qəbul edilməsindən sonra getdikcə daha da sərtləşib.
Bu sanksiyalara baxmayaraq, İran daxili sənayesini səfərbər edir: müdafiə müəssisələri qıtlıq şəraitinə uyğunlaşdırılır, ehtiyat təchizat zəncirləri yaradılır və özəl sektor – o cümlədən texnologiya şirkətləri – geniş şəkildə prosesə cəlb olunur. Eyni zamanda, Rusiya və Çin komponentlər və texniki biliklərlə bağlı çatışmazlıqların aradan qaldırılmasına kömək etmək üçün müxtəlif səviyyələrdə dəstək göstərirlər.
Xalqcebhesi.az xəbər verir ki, bunu Yacın Şərq üzrə ekspert Vasili Papava deyib.
"Bu sağqalma modeli iqtisadiyyat üçün yüksək baha başa gəlsə də – özünü inflyasiya, həyat səviyyəsinin aşağı düşməsi və kapitalın ölkədən çıxarılması şəklində göstərsə də – rejimə öz hərbi imkanlarını qoruyub saxlamağa və genişləndirməyə imkan verir.
Məhz bu fonunda, ABŞ və İsraillə uzun müddətdir davam edən gərginlik 2026-cı ilin əvvəllərinə doğru açıq münaqişəyə çevrildi. Fevralın 28-də, İran terminologiyasında "Üçüncü Yüklənmiş Müharibə" adlandırılan və "Ramazan Müharibəsi" kimi tanınan toqquşma başladı. Bu, "Epic Fury" (Əzəmətli Qəzəb) əməliyyatı çərçivəsində Amerika və İsrail qüvvələrinin İranın hərbi obyektlərinə, raket istehsalı müəssisələrinə və nüvə infrastrukturunun müxtəlif hissələrinə endirdiyi bir sıra intensiv zərbələrlə müşayiət olundu. Ramazan ayında başlayan bu münaqişə təxminən qırx gün ərzində aktiv fazada davam etdi" - o, vurğulayıb.
Papava deyib ki, müharibə İrana ciddi ziyan vursa da, ölkənin sənaye potensialını tamamilə məhv etmədi. Nəticədə, həm münaqişə dövründə, həm də — xüsusilə — hərbi əməliyyatlar dayandırıldıqdan sonra rəhbərlik döyüş hazırlığının sürətlə bərpasına və silah istehsalının genişləndirilməsinə prioritet verdi:
"Müdafiə Nazirliyinin nümayəndəsi Rza Təlai-Nikə görə, müharibənin başlamasından sonrakı yeddi ay ərzində silah və hərbi texnika istehsalı müharibədən əvvəlki səviyyə ilə müqayisədə iki dəfə yarım artıb, bəzi kateqoriyalar üzrə isə istehsal həcmi üç dəfə çoxalıb. Buna əvvəlcədən hazırlanmış, mühafizə olunan obyektlərdən istifadə, istehsalın mərkəzsizləşdirilməsi, həmçinin özəl və yüksək texnologiyalı müəssisələrin genişmiqyaslı şəkildə prosesə cəlb edilməsi sayəsində nail olunub; belə müəssisələrdən 9000-dən çoxu müdafiə təchizat zəncirinə daxil edilib. Strateji ehtiyatlar cari istehlak səviyyəsindən daha yüksək həcmdə saxlanılıb ki, bu da itkilərin bərpa olunmasını və gələcəkdə baş verə biləcək hər hansı gərginləşməyə hazırlıq görülməsini təmin edib".
Cavid