Ukrayna hərbi əməliyyatlara başlayır Dünya

Ukrayna hərbi əməliyyatlara başlayır

ABŞ bu ölkəyə tank əleyhinə raket kompleksləri göndərib

ABŞ Ukraynaya "Javelin" tank əleyhinə raket kompleksləri göndərib.
Bu barədə "Azadlıq" radiosu ABŞ Dövlət Departamentinə istinadən məlumat verib. "Silahlar artıq göndərilib", - deyə Dövlət Departamentinin rəsmi şəxslərindən biri söyləyib. Detallar hələlik məlum deyil.
Qeyd edək ki, 2017-ci ilin sonunda ABŞ hökuməti Ukraynaya letal (öldürücü) silahlar, o cümlədən "Javelin" tank əleyhinə raket kompleksinin verilməsi barədə qərar qəbul edib. 2018-ci il martın 2-də Dövlət Departamenti Ukraynaya 47 milyon dollar dəyərində 210 ədəd "Javelin" raketi və onlar üçün 47 buraxıcı qurğunun göndərilməsini bəyənib.
Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko Donbasda terrorçuluğa qarşı əməliyyatın dayandırılması haqqında qərar verib və ərazidə birləşmiş güclərin əməliyyatına keçidi elan edib.
Bu haqda dövlət başçısının fərmanında deyilir.
"30 aprel 2018-ci ildə Donetsk və Luqansk vilayətlərinin ərazilərində terrorçuluğa qarşı genişmiqyaslı əməliyyat başa çatır. Biz indi ərazi bütövlüyü və müstəqilliyin təminatı üçün Ukraynanın Silahlı qüvvələrinin rəhbərliyi altında hərbi əməliyyata başlayırıq", - fərmanda qeyd edilib.
Xatırladaq ki, bu ilin yanvarında Ali Rada Donbasın reinteqrasiyası haqqında qanunu qəbul edib. Qanunun mətnində Rusiya işğalçı ölkə, Kiyevin nəzarətindən çıxan ərazilər isə işğal olunmuş adlandırılıb. Qanun ölkənin suverenliyinin müdafiə naminə prezidentə dinc vaxtı ordudan istifadə etmək hüququ verib.
Donetsk və Luqansk vilayətlərinin bir hissəsi rusmeylli separatçıların nəzarətindədir. Kiyev və Qərb Donbasda Rusiyanın nizami qoşunlarının olduğunu iddia edir. Lakin Moskva Donbas münaqişəsində tərəf olmadığını dəfələrlə bəyan edib.