Kritik seçkinin ilkin nəticəsi - Tramp uddu, amma... Dünya

Kritik seçkinin ilkin nəticəsi - Tramp uddu, amma...

ABŞ-ın Nümayəndələr Palatasına aralıq seçkilərində Demokratlar səs çoxluğunu ələ alıb. Demokratların son səkkiz ildə ilk dəfə Konqresin aşağı palatasında hakimiyyəti ələ alması onlara prezidentin gündəliyini "pozmaq imkanı verəcək". Amma cənab Trampın təmsilçisi olduğu Respublikaçılar Senatda öz mövqelərini gücləndirirlər. İlkin nəticələrə görə, Demokratlar 151, Respublikaçılar isə 153 yer alıb. Amma respubllikaçılar azacıq öndə olsalar da, Demokratların qələbəsi gözlənilir. Tramppərəst mühafizəkar Ron DeSantis Florida ştatının qubernatoru seçilib. Yenidən senator seçilən respublikaçı Ted Kruz deyib ki, bu, "Texas əhalisi üçün ümid və gələcək" haqda kampaniya idi.
AP-nin məlumatına görə, Respublikaçı Randi Hultgren İllinois ştatında ilk qaradərili qadın olaraq qələbə qazanacaq, hələ ki, səslər sayılır. Demokratlar Nümayəndələr Palatasında səs çoxluğunu ələ almaq üçün saylarını 23 nəfər artırmalı idilər. Hazırda onlar əvvəl Respublikaçıların təmsil etdiyi 26 ştatda qələbə qazanıblar. Bəzi ştatlarda onların qələbəsi gözlənməsə də, Demokratlar qalib gəlib. Bu il ABŞ-da qadınların seçkilərə qatılması rekord sayda olub. New York ştatında 29 yaşlı demokrat Alexandria Ocasio-Cortezin ən gənc qadın konqres üzvü olacağı gözlənir.
Somali qaçqını olan 37 yaşlı İlhan Omar və Fələstin mühacirinin qızı Rashida Tlaib aralıq seçkilərində Nümayəndələr Palatasına seçilən ilk müsəlman qadın olacaqlar. İlkin məlumatlara görə, Nümayəndələr Palatasına 60-a yaxın qadın seçilib. Hələ nəticələri açıqlanmamış ştatlar olsa da, seçilən qadınların sayı bütövlükdə 1999-2001-ci illər ərzində seçilən qadın nümayəndələrin sayından daha çoxdur.
ABŞ prezidenti Donald Tramp seçkilər barədə Twitter-də yazıb. "Bu axşam böyük müvəffəqiyyət. Hər kəsə təşəkkürlər!" Demokrat Sharice Davids Kansas ştatını təmsil edəcək. 38 yaşlı xanım siyasətdə yeni sayılsa da, Respublikaçı Kevin Yoder-i udub. Demokratlar Nümayəndələr Palatasında səs çoxluğunu qazana bilsələr də, Senatdakı yerlərini itirirlər.
Rusiyalı senator Konstantin Kosaçev deyib ki, Konqres seçkilərindən sonra Donald Trampa qarşı impiçment prosesinin işə salınması ehtimalının mövcudluğu ilə birlikdə ABŞ-ın siyasi sistemi daha da balanssız olacaq. "Sensasiya baş vermədi. Seçkilərin nəticəsi əsas proqnozları təsdiqləyir. Təbii ki, indi hər iki tərəf nəticələri özünün qələbəsi kimi təqdim edəcək. Ancaq qorxuram ki, yekun nəticədə məğlub ABŞ-ın siyasi sistemi olsun", - Kosaçev bildirib. Respublikaçılar Konqresin üst palatasında öz 51-49 səs çoxluqlarını genişləndirməyə çalışırlar.
Politoloq Şahin Cəfərli bu barədə sosial şəbəkədəki səhifəsində yazıb: "ABŞ-da keçirilən seçkilərdə ilk dəfə olaraq müsəlman qadın(lar) Konqresə üzv seçilib. Miçiqan ştatında Raşida Tlaib və Minnesota ştatında İlhan Ömər Nümayəndələr Palatasına seçkilərdə qalib gəliblər, hər ikisi demokratdır. Demokratların son illər güclənən sol qanadının nümayəndəsi olan R.Tlaib fələstinlidir, İ.Ömər isə Somalidəndir və qaçqın kimi yaxın keçmişdə ABŞ-a gəlib.
Başqa bir tarixi hadisə: ilk dəfə olaraq aborigenlərin – hinduların nümayəndələri Konqresə üzv seçiliblər. Nyu-Meksikodan Debra Haaland və Kanzasdan Şaris Devids Nümayəndələr Palatasında demokratları təmsil edəcəklər. Ş.Devis həm də LGBT təmsilçisidir. Nyu-Yorkdan Nümayəndələr Palatasına seçilən 29 yaşlı Aleksandriya Osario Kortez Konqresin ən gənc qadın üzvü kimi tarixə düşüb. Osario Kortez Puerto Riko əsillidir və demokratların sol qanadını təmsil edir. ABŞ tarixində ilk dəfə olaraq açıq homoseksual olan siyasətçi qubernator seçilib. Kolorado ştatını bundan sonra demokrat Jared Polis idarə edəcək".