Poroşenko Moskva ilə danışmağa razılaşdı Dünya

Poroşenko Moskva ilə danışmağa razılaşdı

Son günlər uğurlu antiterror əməliyyatları həyata keçirən Ukrayna hakimiyyəti ilə terrorçular arasında sülh danışıqları aparıla bilər.
Bu barədə Donetsk şəhərinin meri Aleksandr Lukyançenko mətbuat konfransında bildirib. Mer qeyd edib ki, Ukrayna prezidenti Petro Poroşenko danışıqların keçirilməsi üçün Donetsk vilayətinin şimalında yerləşən Svyatoqorsk şəhərini təklif edib.
Onun sözlərinə görə, dövlət başçısı danışıqlarda Rusiyanın iştirakına da razıdır.
"Dünən xalq deputatı Boris Kolesnikovla birlikdə Ukrayna prezidenti Petro Poroşenko ilə Kiyevdə görüşdük. Biz qeyd etdik ki, Donetskdə hərbi əməliyyatlar zamanı aviasiya və artilleriyadan istifadə etmək mümkün deyil.
Donetskdə qalan 900 mindən çox dinc insanı təxliyyə etmək üçün yer yoxdur", - Donetsk meri deyib. Onun sözlərinə görə, hazırkı şərtlər altında danışıqlar yolu ilə şəhər sakinlərinin təhlükəsizliyini təmin etmək lazımdır.
Danışıqların keçirilməsi təklifinə isə Kremlin hansı cavab verəcəyi maraqla gözlənilir.