Rusiyanın Şimali Koreyaya gizli təklifi Dünya

Rusiyanın Şimali Koreyaya gizli təklifi

Rusiya Şimali Koreyada atom elektrik stansiyası tikəcək. Rusiya Şimali Koreyaya nüvə silahından istifadədən imtina əvəzinə atom elektrik stansiyasını inşa etməyi təklif edib. Bu barədə "Washington Post" ABŞ hökumətindəki mənbələrinə istinadən bildirir. Danışıqlar ötən ilin payızında olub. Sazişin şərtlərinə görə, Rusiya Atom Elektrik Stansiyasını istismar edəcək və KXDR-nın silah istehsal edə bilməməsi üçün əlavə məhsulları Rusiyaya aparacaq.
Bunun qarşılığında Şimali Koreya nüvə silahı proqramından əl çəkəcək və ballistik raketdən istifadədən imtina edəcək, əvəzində isə yeni enerji mənbəyi alacaq. Mənbə qeyd edib ki, ABŞ və Çin belə razılaşmanı qəbul etmir. Bu, Rusiyaya Koreya yarımadasında möhkəmlənməyə imkan verəcək. Bu halda Moskva regionun energetika ilə təminatında əhəmiyyətli rol oynayacaq. Mənbə həmçinin bildirib ki, Şimali Koreya ABŞ-la münasibətləri normallaşdırmayana qədər nüvə proqramından imtina etməyəcək. Ağ Ev, Mərkəzi Kəşfiyyat İdarəsi, Vaşinqtondakı Rusiya səfirliyi sazişi şərh etməkdən imtina edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında yarımadanın nüvəsizləşdirilməsi barədə danışıqlar davam edir. Onların ilk görüşü 2018-ci ilin iyununda Sinqapurda baş vermişdi. Görüşün nəticəsi olaraq Şimali Koreya ABŞ tərəfindən tam təhlükəsizliyi zəmanət verəcəyi təqdirdə nüvə silahından tamamilə imtina etməyə hazır olduğunu bildirmişdi.