“Türkiyədə müxalifət böhranı yaşanır” Dünya

“Türkiyədə müxalifət böhranı yaşanır”

Elxan Şahinoğlu: "Ard-arda Ərdoğana məğlub olan liderlər buna görə siyasi məsuliyyət daşımaq istəmirlər"
Məzhər Bağlı: "Ankara Azərbaycan ilə əlaqələri daha da möhkəmləndirəcək"

Türkiyənin 12-ci prezidentinin kimliyi artıq bəllidir. Prezident seçkilərinin nəticələrinə əsasən hazırkı baş nazir Rəcəb tayyib Ərdoğan 51.8 faiz səs toplayıb. Ərdoğanın əsas rəqibi Ekməllədin İhsanoğlu 38.5 faiz yığıb. Selahattin Demirtaş isə 9.8 faiz nəticə göstərə bilib. Son məlumatlara görə, Ərdoğana 20 milyon seçici səs verib.
Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının prezident seçkilərində verdikləri səslər də açıqlanıb. Azərbaycanda keçirilən səsvermədə 820 Türkiyə vətəndaşı səs verib.
Namizədlərdən Ekmələddin İhsanoğlu 441, Rəcəb Tayyib Ərdoğan 318, Səlahəddin Dəmirtaş isə 61 səs alıb. Bakıdakı səfirlikdə İhsanoğlu 391, Ərdoğan 267, Dəmirtaş 54 səs toplayıb. Gəncədəki Baş Konsulluqda Ərdoğan 29, İhsanoğlu 24, Dəmirtaş 3 səs yığıb. Naxçıvandakı Baş Konsulluqda isə İhsanoğlu 26, Ərdoğan 22, Dəmirtaş 4 səs alıb.
Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyip Ərdoğan rəhbəri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) baş ofisinin balkonundan xalqa səslənib. Ərdoğan Türkiyə xalqına ona göstərdiyi etimada görə minnətdarlığını bildirib.
O bildirib ki, bu gün ona səs verənlər kimi, səs verməyənlər də qazanıb: "Bu gün 77 milyon, 81 vilayət qazanıb. Bu gün yeni, böyük, öncül Türkiyə qazanıb".
Ərdoğan deyib ki, türk milləti sadəcə Türkiyə Böyük Millət Məclisini, hökuməti deyil, həm də prezidenti təyin edən gücü əlinə keçirib: "Millət Türkiyənin istiqamətini artıq birbaşa özü müəyyənləşdirməyə başlayıb".
Ərdoğan bildirib ki, o, yalnız ona səs verənlərin deyil, 77 milyonluq Türkiyənin prezidenti olacaq: "Bu gün itirən yalnız kirli siyasət və siyasətdən kənar güclər oldu, onlar ibrətlik dərs aldılar".
Ərdoğan müxalifətin bu gündən etibarən öz siyasətinə yenidən baxacağına inandığını bildirib: "Yeni Türkiyə ilə uzlaşan bir müxalifət və siyasət tərzinin inşa ediləcəyinə inanıram".
Ərdoğan ona səs verməyənlərə və müxaliflərinə də səslənib: "Bu gün yeni bir toplumsal uzlaşma mərhələsini birlikdə başlayaq. Köhnə müzakirələri köhnə Türkiyədə qoyaq".
Ərdoğan ölkəsindəki etnik xalqlara və fərqli düşüncə sahiblərinə də birlik mesajı verib: "Hamımız eyni əcdadın, eyni mədəniyyətin və tarixin övladlarıyıq. Siyasi görüşlərimiz, yaşam tərzimiz, məzhəblərimiz, dəyərlərimiz, etnik kökümüz və dillərimiz fərqli ola bilər, amma hamımız bu ölkənin övladlarıyıq, ay-ulduzlu bayrağın kölgəsi altındayıq, bu dövlətin sahibləriyik".
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İdarəetmə Şurasının üzvü Məzhər Bağlı bildirib ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qalib gəlməsindən sonra Ankara Azərbaycan ilə əlaqələri daha da möhkəmləndirəcək. Onun sözlərinə görə, Azərbaycan Türkiyə üçün mühüm ölkələrdən biridir: "Türkiyə daim Azərbaycanın problemlərini özününkü kimi qəbul edir, onun uğurlarını da öz uğuru hesab edir".
Bağlının sözlərinə görə, bir müddət əvvəl baş nazir Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi diqqət ayırdığını qeyd edib.
Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri Rufiz Hafizoğlu deyib ki, digər namizədlərdən fərqli olaraq Ərdoğan bu seçkilərə daha ciddi hazırlaşmışdı: "Ümumiyyətlə, seçkilərdə namizədlərin adlarının (Rəcəb Tayyib Ərdoğan, Ekmeleddin İhsanoğlu və Səlahəddin Dəmirdaş) açıqlandığı gündən etibarən, mübarizənin əsasən iki namizədin arasında keçəcəyi bəlli idi. Bu ölkənin baş naziri Ərdoğan və Milliyyətçi Hərəkat partiyası (MHP) ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) müştərək namizədi Ekmeleddin İhsanoğlu idi. Daha sonra isə İhsanoğluna ölkənin 10 siyasi partiyası dəstək verəcəyini açıqladılar. Ümumilikdə, ilkin mərhələdə 12 siyasi partiyanın və Fəthullah Gülən tərəfdarlarının İhsanoğluna səs verəcəyi nəzərə alınsa, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibinin Ərdoğana qarşı ciddi rəqabət təşkil edəcəyini gözləmək olardı.
Lakin Ərdoğandan fərqli olaraq, İhsanoğlu seçkiqabağı təşviqat kampaniyası zamanı, Türkiyə reallıqlarını nəzərə almadı və nəticədə bir sıra "siyasi səhvlərə" yol verdi.
Belə ki, İhsanoğlu Türkiyə üçün çox həssas olan baş örtüyü, Fələstin və Suriya məsələsində ölkə reallıqlarını əks etdirməyən bəyanatlar səsləndirdi.
İhsanoğlu baş örtüyünün adət olduğunu, Fələstin məsələsində Ankaranın bitərəf olmalı olduğu , Suriya məsələsində isə ölkənin tələsik davrandığını açıqladı. Ümumiyyətlə elə təəssürat yaranırdı ki, İhsanoğlu prezident seçilməsi üçün deyil, seçilməməsi üçün əlindən gələn hər şeyi edirdi.
Seçkilərdə Ərdoğanın qalib gəlməsi ilə yanaşı onun ən başlıca zəfəri müxalifətin Ərdoğana alternativ olaraq, dindar bir namizədi irəli sürmələri idi.
Bu isə modern Türkiyədə İslam amilinin heç də az olmadığı və müxalifətin də bununla barışması deməkdir.
Ərdoğanın zəfəri və "neoosmanizm"in güclənməsi ərəb islam dünyasında siyasi islamın yenidən gündəmə gəlməsi kimi qiymətləndirildi".
Onun fikrincə, avqustun 28-də hazırkı prezident Abdullah Gülün səlahiyyətlərinin başa çatması ilə, Ərdoğanın prezidentlik müddətinə start veriləcək: "Hazırki hakim Ədalət və inkişaf Partiyasının (AKP) bu günə qədər keçdiyi siyasi xronologiyaya nəzər salınsa, partiyada ciddi siyasi kadrların olmasına baxmayaraq, aparıcı qüvvənin məhz Ərdoğan olduğunu görmək olar. Hətta bir çox AKP tərəfdarları üçün Ərdoğansız AKP anlayışı yoxdur. Ərdoğanın prezident seçilməsi ilə hakim partiyanın lider və baş nazir məsələsində risk qarşısında qalacağı ehtimal olunur. Çünki mövcud konstitusiyaya görə, hökumətin siyasətinə görə, məsuliyyəti ölkə prezidenti deyil, baş nazir daşıyır.
Hazırki hakim partiyanın Ərdoğansız hər hansı uğursuz bir addımı isə böyük hədəflərlə yaşayan Ərdoğan üçün ciddi problem törədə bilər. Məhz buna görə, 2015-ci il iyun ayına qədər keçiriləcək parlament seçkilərinə qədər ölkənin mövcud konstitusiyasının dəyişdirilməsi üçün referendumun keçiriləcəyi gözlənilir. Hətta bu yaxınlarda Rəcəb Tayyib Ərdoğan da verdiyi açıqlamaların birində prezident seçiləcəyi təqdirdə yeni konstitusiya qəbul ediləcəyini bildirmişdi. Ərdoğan yeni konstitusiyanın Türkiyə üçün qaçılmaz olduğunu bildirmişdi. Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin azaldılması da ehtimallar arasındadır. Belə ki, Konstitusiya Məhkəməsi parlamentin və ölkə başçısının təsdiq etdiyi qərarları ləğv etmək imkanından məhrum olacaq.
Bütün bunlarla yanaşı ölkənin güc strukturları və ölkə kəşfiyyatında sistem dəyişikliyinin ediləcəyi gözlənilir.
Təbii ki, iqtisadi sahələrdə də 2002-ci ildən başlayan ciddi islahatların davam etdiriləcəyi gözlənilir".
Politoloq Elxan Şahinoğlu bildirib ki, hazırda Türkiyə müxalifəti böhran yaşayır: "Gözlənildiyi kimi, Ərdoğan birinci turda cümhurbaşqanı seçildi. Türkiyədə müxalifət böhranı yaşanır. Ard-arda Ərdoğana məğlub olan liderlər buna görə siyasi məsuliyyət daşımaq istəmirlər. Elə İhsanoğlunu da ona görə qabağa verdilər ki, qoy məğlub olan onlar deyil, Ekmələddin bəy olsun".
Politoloq Fərhad Mehdiyev isə hesab edir ki, Ərdoğan bundan sonra bir sıra addımları atacaq: ""Camaat"ı və Doğan Holdinqi bitirmək, Koç ailəsini də özünə tamamilə biət etdirmək, parlament seçkilərinə hazırlaşmaq, yeni parlamentdə 2/3 səs çoxluğunu topladıqdan sonra Konstitusiya dəyişikliyinni referenduma çıxartmaq və s. Yeni Konstitusiya ilə federal prezident üsulu idarəetmə gətirəcək..."
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məlahət İbrahimqızı deyib ki, Türkiyədə keçirilən prezident seçkilərini çox yüksək dəyərləndirir: "Seçkiqabağı kampaniyalarda yüksək əhval-ruhiyyə hiss edildi, demokratik fonda keçirilən bir seçki oldu".
O, Türkiyədəki prezident seçkilərini şərh edərkən qeyd edib ki, beynəlxalq və yerli müşahidəçilərin verdiyi məlumatlara görə, seçki zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb.

Əli