Obama İŞİD-lə bağlı strategiyasını açıqlayıb Dünya

Obama İŞİD-lə bağlı strategiyasını açıqlayıb

Prezident İŞİD terrorçu təşkilatını məhv etmək üçün Konqresdən razılıq almağa hazırlaşır

Cavid

ABŞ ordusu İraqda terrorçu qruplaşmanın mövqelərini vurmağa davam edir. ABŞ ordusu tərəfindən İraqın Ərbil şəhəri yaxınlığında yerləşən İŞİD terror qruplaşmasına aid mövqelərə hava hücumları təşkil edib.
Amerika Birləşmiş Ştatları (ABŞ) Silahlı Qüvvələri Mərkəzi Komandanlığı verdiyi açıqlamada, qırıcı təyyarələrlə həyata keçirilən hücumlarda İŞİD-ə aid döyüş əhəmiyyəti olan texnikalardan birinin məhv edildiyi və terrorçu qruplaşmaya aid nəzarət məntəqəsinin də zərbələrə məruz qoyulduğu bildirilir.
Əməliyyatı uğurla başa çatdıran qırıcı təyyarələr daha sonra həmin bölgədən təhlükəsiz şəkildə uzaqlaşıblar. Bundan başqa, ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı ordunun avqustun 8-dən bəri İraqda 154 hava hücumu təşkil etdiyi barədə məlumat verib.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama orduya İŞİD terror təşkilatına qarşı hava hücumlarının həyata keçirilməsi üçün tam səlahiyyət verib.
Onu da bildirək ki, ABŞ prezidenti Barak Obama İŞİD terrorçu təşkilatını məhv etmək üçün Konqresdən razılıq almağa hazırlaşır.
Barak Obama ölkəsinin İraqda silahlı qruplaşmaya qarşı mübarizə strategiyasını açıqlayacağı ərəfədə həm demokratlar, həm də respublikaçılar partiyasından olan Konqres liderləri ilə görüşüb.
Ağ Evin mətbuat katibi Coş Ernestin açıqlamasına görə, Obama qanunvericilərdən terorçularla mübarizə strategiyasının həyata keçirilməsi üçün dəstək istəyib. Lakin Ağ Evin açıqlamasında Obamanın İraq və Suriyada fəaliyyət göstərən silahlılara hərbi müdaxilə üçün rəsmi icazə istəyib-istəmədiyi barədə məlumat verilmir.
Qeyd edək ki, ABŞ İraqda terrorçu qüvvələrin mövqelərinə aviazərbələr endirir. Bu əməliyyat İraq hökumətinin xahişi ilə lakin ABŞ Konqresinin rəsmi icazəsi olmadan həyata keçirilir. Barak Obamanın təyin edəcəyi missiyanın daha genişmiqyaslı ola biləcəyi və Suriyanı da əhatə edəcəyi gözlənilir.
ABŞ prezidenti Barak Obama xalqa müraciətində İraq ərazisində "İslam dövləti" qruplaşması ilə mübarizənin strategiyasını açıqlayıb.
İlk növbədə, ABŞ terrorçuların mövqelərinə zərbələr endirməyə davam edəcək. Bununla belə, ABŞ İraqda quru əməliyyatı həyata keçirməyəcək. Obama qeyd edib ki, indiyədək İraqda "İslam dövləti" qruplaşmasının mövqelərinə 150 hava zərbəsi endirilib.
ABŞ prezidentinin sözlərinə görə, bu, İraq qoşunlarına yardımın göstərilməsində mühüm amil olub və dinc sakinlərin kütləvi qırğınının qarşısını alıb. "İslam dövləti" harada olmasından asılı olmayaraq onunla mübarizə aparılacaq", deyə Obama vurğulayıb. ABŞ İraqa hərbi mütəxəssislər də göndərəcək. Hərbi mütəxəssislər yerli hərbçilərin hazırlanması və terrorçulara qarşı hərbi əməliyyatların əlaqələndirilməsində kömək edəcək, onlara kəşfiyyat məlumatları ilə təmin edəcəklər.
Həmçinin ABŞ İraq əhalisinə humanitar yardım göstərəcək. Obama "İslam dövlətinə" qarşı koalisiyanın yaradılmasından bəhs edərək onun sıralarına NATO-dakı tərəfdaşlarının daxil olacağını qeyd edib.
ABŞ prezidenti Barak Obama onu da deyib ki, ABŞ ordusu qondarma "İslam Dövləti" terrorçu təşkilatına qarşı mübarizədə İraqa yeridilməyəcək.
O əlavə edib ki, terrorla mübarizə "aviasiyamızın istifadə edilməsi və müttəfiq qüvvələrə dəstək olmaqla" aparılacaq.
Çıxışında müttəfiq qüvvələr dedikdə ABŞ prezidenti "İD"ə qarşı olan Suriya müxalifətini də nəzərdə tutur. Lakin Suiyada olan müxalifət silahlı birləşmələrin silahla təmin edilməsini necə əldə edəcəkləri barədə Obama bir söz deməyib.
Bundan əlavə Barak Obama bildirib ki, ABŞ "İD"terrorçu qruplaşmasına qarşı mübarizədə böyük koalisiyaya rəhbərlik edəcək: "Bu qədər qan tökülməsinin şahidi olmuş bir regionda bu terrorçular öz qəddarlıqlarına görə təkrarsızdırlar. Onlar ələ keçirdikləri əsirləri edam edirlər. Onlar uşaqları öldürürlər. Onlar qadınları köləyə çevirir, zorlayır və nikaha məcbur edirlər - deyib Obama - onlar dini azlığı soyqırımı ilə hədələyiblər. Onlar vəhşilik aktı törədərək iki Amerika jurnalistini - Jim Foley və Steven Sotloff-u öldürüblər".
Bununla belə, Obama aydınlıq gətirib ki, İŞİD özünü İslam Dövləti adlandırsa da, bu təşkilatın əsl İslamla heç bir əlaqəsi yoxdur.
Müharibələrdən narahat olan ictimaiyyəti əmin etmək üçün prezident deyib kli, "bu yeni hücum Əfqanıstan və ya İraq müharibələrinə bənzəməyəcək".
Prezident bildirib ki, bu anti-terror əməliyyatından məqsəd hava zərbələrindən və regiondakı partnyorların dəstəyindəm istifadə etməklə İŞİD-i mövcud olduğu bütün yerlərdə məhv etməkdir.
Barak Obama deyib ki, belə hərbi taktika bundan əvvəl Somalidə və Yəməndə uğurla həyata keçirilib.
ABŞ mətbuatı yazır ki, Konqresin prezidentə bu əməliyyatlarla bağlı yeni səlahiyyətlər verəcəyi gözlənilir. Bunlardan biri də ABŞ hərbçilərinin əcnəbi döyüşçüləri təlimləndirməsi üçün nəzərdə tutulan səlahiyyətdir.
Mətbuat bildirir ki, belə halda bir sual açıq qalır: ABŞ hərbçiləri əcnəbi döyüşçülərin təlimləndirilməsi üçün Suriyaya daxil olacaqlarmı?
Məsələn Konqresdəki demokrat azlığın rəhbəri Nancy Pelosi deyib ki, o, əgər əcnəbi döyüşçülər Suriya xaricində təlim edilərlərsə, bu səlahiyyətlərin verilməsini dəstəkləyəcək.
Bu arada Fransa bəyan edib ki, Amerikanın Suriya üzərinə hava reydlərində birbaşa iştirak etməyə hazırdır. Bununla belə, Fransanın xarici işlər naziri Laurent Fabius diqqəti belə bir məqama çəkib ki, Suriya üzərinə hava zərbələri prezident Bəşər Əsədin dəstəklənməsi kimi görünə bilər.
Fabius Fransanın Suriyada Bəşər Əsəd rejimi və radikal qruplarla mübarizə aparan mülayim müxalifətə dəstəyinin davam etdiyini söyləyib.
Qeyd edək ki, Fransa prezidenti Fransua Ollande 12 sentyabrda İraq hökumətinin dəvəti ilə Bağdada gedəcək. Paris gələn həftə isə İraqın təhlükəsizliyi ilə bağlı keçiriləcək beynəlxalq konfransa ev sahibliyi edəcək.
Amerikanın hərbi strateqləri bildirirlər ki, Suriyada hava reydlərinə başlanması bir qədər ləngiyə bilər, beləki oradakı hədəflər hələ tam müəyyən edilməyib.
Xəbər verilir ki, ABŞ təyyarələri indiyədək İraqdakı İŞİD hədəflərinə 154 raket zərbəsi endirib.
Bu da bildirilir ki, ABŞ İraqa əlavə olaraq 475 hərbçi göndərir və onların əsas missiyası hava zərbələri üçün hədəflərin müəyyənləşdirilməsi olacaq.
Bir sıra ekspertlər bildirirlər ki, prezident Barak Obama öz çıxışında bəzi sualları cavabsız buraxıb.
Onların fikrincə, prezident hərbi əməliyyatların vaxt cədvəlini, missiyanın müddətini, Suriyada konkret olaraq hansı hansı müxalifət qrupları ilə partnyorluq ediləcəyini bildirməyib.
Bundan əvvəl ABŞ prezidenti Barak Obama təcili hərbi kömək üçün İraq dövlətinə və İraq Kürdüstanı qüvvələrinə 25 milyon dollar ayırıb.
Onu da qeyd edək ki, ABŞ nümayəndələri İŞİD terror qruplaşması silahlıları ilə bağlı şəxslərin ölkənin cənub sərhədindən girmə planları olduğu barədə kəşfiyyat məlumatı əldə etdiklərini açıqlayıb.
Senatda məsələ ilə əlaqdar olaraq senatorlar qarşısında çıxış edən Milli Təhlükəsizlik Departamentinin kəşfiyyat və analiz üzrə nümayəndəsi Fransis Teylor açıqlamasında, İŞİD dəstəkçilərinin Tvitter və Facebook yazışmalarını izlədikdən sonra onlar bu qənaətə gəldiklərini bildirib.
Teylor çıxışında bunun ölkənin milli təhlükəsizliyi üçün bir hədə hesab etdiyini və sərhəd təhlükəsizlik xidmətinin bunun qarşısını ala biləcək bir gücə sahib olduğunu vurğulayıb.
Senator Makkeyn də çıxışı zamanı belə bir təhlükənin olma ehtimalından söz açıb.
Qeyd edək ki, amerikan kəşfiyyatçılar bundan əvvəl də ABŞ-ın İraqda hava hücumlarına cavab olaraq, terror təşkilatının müxtəlif terror aktları törətmək ehtimalının olduğunu açıqlamışdı.
Onu da qeyd edək ki, Türkiyə hökuməti də İŞİD-lə mübarizədə öz qərarını verdi.
Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu ötən gün iqtidar nümayəndələrinin iştirakı ilə "Beynəlxalq təhlükəsizlik mexanizmi" adlı toplantı keçirib.
Baş nazir Ə.Davudoğluun sədrliyi ilə keçirilən toplantıda baş nazirin köməkçisi Bülənt Arınç, daxili işlər naziri Əfqan Ala, Milli müdafiə naziri İsmət Yılmaz, baş qərargah rəisi general Nəcdət Özəl, quru qoşunları komandanı general Hulusi Akar və digər səlahiyyətli nümayəndələr iştirak edib.
Toplantıda Türkiyənin İŞİD-ə qarşı quru əməliyyatına qoşulub-qoşulmaması mövzusuna, İraq və Suriyadakı qarşıdurmalara toxunulub. Üç saat davam edən toplantıda Türkiyənin bu prosesdə hər hansısa bir hərbi əməliyyatda (quru və ya hava əməliyyatı) iştirakının mümkün olmayacağı qərarına gəlinib. İŞİD-in Suriyadakı Əsəd rejiminin bir nəticəsi olaraq göstərildiyi və buna görə də Türkiyənin müttəfiq koalisiyada yer almaması məsləhət bilinib.
Qeyd edək ki, iki həftə sonra yenidən keçirilməsi gözlənilən toplantı, artıq mütəmadi olaraq təşkil olunacaq.
İtaliya daxili işlər naziri Ancelino Alfano isə maraqlı açıqlama ilə gündəmə gəlib.
İtaliya daxili işlər naziri Ancelino Alfano parlamentin aşağı palatası nümayəndələri ilə keçirdiyi görüşdə ölkəsinin terrorçuların ilk hədəfləri sırasında olduğunu bildirib.
"Xristiyanlığın beşiyi olaraq, İtaliya və paytaxt Roma İŞİD terror qruplaşması üçün ilk hədəfləri sırasında olmalıdır" - deyə nazir çıxışında vurğulayıb.
Ölkələrinə qarşı nəzərdə tutulmuş hər hansısa bir terrorçu fəaliyyətinə rast gəlmədiyini dilə gətirən Alfano, İtaliyaya Aralıq dənizi vasitəsilə Afrikadan gələn miqrantların arasında İŞİD terrorçularının da ola biləcəyinə diqqət çəkib. O, ölkədəki bütün dini fəaliyyətlə məşğul olan yerlərə nəzarəti artırdıqlarını bildirib.
İŞİD silahlılarının 10-100 min arası sayı olduğunu qeyd edən nazir, təkcə İtaliyadan 48 nəfərin İraq və Suriyaya döyüşmək üçün getdiyini və onlardan 2-nin italiyalı olduğunu söyləyib.
Qeyd edək ki, bundan əvvəl İngiltərənin bəzi rəsmiləri ölkədə İŞİD terrorçularının hər hansısa bir fəaliyyətinin ola biləcəyindən narahatlıq duyduqlarını bildirmişdilər.