Kerri təcili Türkiyəyə getdi Dünya

Kerri təcili Türkiyəyə getdi

ABŞ İŞİD-lə müharibəyə Ankaranın da qoşulmasını istəyir

Cavid

Qərb dövlətləri özünü "İraq və Şam İslam Dövləti" (İŞİD) adlandıran terrorçu qruplaşmaya qarşı beynəlxalq koalisiya yaratmaq haqqında düşünür. Koalisiyanın yaranması təşəbbüsü son günlər İŞİD-in Qərbi təhdid etməsindən qaynaqlanır. Təşkilat Avropa ölkələrində və ABŞ-da terror törədəcəklərini bəyan etdikdən sonra ABŞ və Böyük Britaniya narahatlığını gizlətmir, hər iki ölkədə terror təhlükəsinə qarşı əlavə tədbirlər görülür.
Dünyanın ABŞ və Böyük Britaniya kimi böyük dövlətlərinin Yaxın Şərqdə geniş coğrafiyada əl-qol açan və bütün regionu təhdid edən terror təşkilatından bu dərəcədə ehtiyatlanması ilk baxışdan təəccüblü görünə bilər. Ancaq məsələyə geniş aspektdə yanaşdıqda, bütövlükdə müasir dövrün geosiyasi reallıqları kontekstində bir sıra ibrətamiz məqamları üzə çıxarmaq olar.
Əvvəlcə, İŞİD-in İraq və Suriyadakı fəaliyyətinin bəzi məqamlarına nəzər salaq. Bu təşkilat İraqın şimal ərazilərində aktivliyini artırıb. Hətta onlar kürd muxtariyyətinin paytaxtı elan edilmiş Ərbili zəbt etməyə yaxın idilər, üstəlik Mosul su anbarını ələ keçirmiş və ölkəni su altında qoyacaqları ilə hədələyirdi.
Təşkilat Suriyada da kürdlərin nəzarətində olan bölgələrə hücumunu genişləndirmişdi. İŞİD, əslində, etnik mənsubluğa görə deyil, öz marağına uyğun hərəkət edir. Onun məqsədi Yaxın Şərqdə şəriət qanunları ilə idarə edilən "xilafət" yaratmaqdır. Bunun fonunda təşkilat ABŞ vətəndaşlarını və onlarla yaxınlıq edənləri də hədələyir.
Dünən də "İslam Dövləti" qruplaşmasının üzvləri İraqın şimalında daha 20 nəfəri girov götürüb. Girov götürülən şəxslərin hamısı bir kəndin sakinləridir. İnsident ərazisinin bir hissəsi terrorçuların nəzarəti altında olan Kərkük əyalətində baş verib. Bundan əvvəl, avqustda, terrorçular Kərkük əyalətində 50 nəfəri girov götürmüşdülər.
Kütləvi informasiya vasitələri İŞİD-in bu kimi məqsədləri haqqında mütəmadi məlumatlar yayır. Məsələn, təşkilatın amerikanlara müraciətlə "biz sizi qan gölünə qərq edəcəyik" hədəsi ünvanlayıb. Terrorçular ABŞ təyyarələrinin onları vurmasına cavab olaraq bu bəyanatı veriblər.
Xatırladaq ki, Amerika hərbi-hava qüvvələrinə məxsus qırıcılar artıq 150 dəfədən çox İŞİD-in Mosul ətrafındakı mövqelərini bombalayıb. Bu zərbələrdən terror qruplaşması ağır itkilər verib. Fürsətdən istifadə edən peşmərgə isə hücuma keçərək, bir neçə yaşayış məntəqəsini terrorçulardan xilas edib.
Bundan başqa, yayılan informasiyalara görə, ABŞ kəşfiyyatı Bəşər Əsədə İŞİD komandirlərinin Suriyadakı toplantılarının ünvanını verib. Nəticədə, həmin yer bombalanıb və təşkilat bir neçə hərbi kadrını itirib. Bu da İŞİD-ə ciddi psixoloji təsir göstərib.
Maraqlıdır ki, terrorçuların Amerikaya sızmağa çalışdıqları barədə də informasiyalar yayılır. Ekspertlər Meksika ərazisindən istifadə ediləcəyini proqnozlaşdırırlar. "Fox News" telekanalının yaydığı informasiyaya görə, Texas ştatının hüquq-mühafizə orqanları sosial şəbəkələrdə İŞİD üzvlərinin məhz Meksika ərazisindən istifadə edəcəklərindən yazırlar.
ABŞ prezidenti Barak Obama isə rəsmi olaraq İŞİD-ə qarşı ciddi surətdə savaşacaqlarını bildirib. O, bununla əlaqədar beynəlxalq koalisiyanın yaradılmasının zəruriliyini qeyd edib. Hazırda rəsmi Vaşinqton bu istiqamətdə müvafiq addımlar atır.
Vaşinqton bəyan edir ki, çoxlu sayda insan qətlə yetirən İŞİD terrorçu qruplaşması bir sıra dövlətlərə böyük təhlükədir. O deyib ki, həm NATO üzvlərindən, həm də Yaxın Şərqdə bu təşkilatın təhdid etdiyi ölkələrdən ibarət geniş koalisiya yaratmaq lazımdır.
ABŞ dövlət katibi Con Kerri bildirib ki, koalisiyada iştirak etmək üçün artıq 10 ölkəyə müraciət edib. Bunlar Avstraliya, Böyük Britaniya, Almaniya, Danimarka, İtaliya, Kanada, Polşa, ABŞ, Türkiyə və Fransadır. C.Kerri bildirib ki, koalisiyada təmsil olunan ölkələr İraq ərazisinə qoşun yeritmək niyyətində deyil.
"Müşavirə iştirakçıları quru qoşunlarından istifadənin qəbuledilməz olduğunu vurğuladılar. Bu bir növ qırmızı xətdir. Əsas hədəf aviasiya qüvvələrindən istifadə etməkdir", - deyə ABŞ xarici siyasət idarəsinin başçısı vurğulayıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan görüşdə terrorla mübarizə məsələsi və terrorun arxasındakı radikal təşkilatlarla mübarizə müzakirə edilib.
"Terrorla mübarizə toplantısı" adı altında keçirilən görüşdə 10 ərəb ölkəsi İŞİD terror təşkilatına qarşı hərbi əməliyyatda iştirak etmək barədə razılığıa gəlib. Rəsmi Ankara isə sözü gedən sənədə imza atmaqdan imtina edib.
Türkiyənin bu mövqeyi Kerrinin Ankaraya təcili səfər məcburiyyətində qoyub.
Türkiyə XİN-in məlumatında bildirilir ki, ABŞ dövlət katibi Con Kerri xarici işlər naziri Mövlud Çavuşoğlu, daha sonra isə prezident Rəcəb Tayyip Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə danışıqlar aparacaq.
Tərəflər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını, ikitərəfli münasibətlərin aktual mövzularını, regional və qlobal problemləri müzakirə etmək niyyətindədir.
Ağ Evin sözçüsü Coş Ernest İŞİD-ə qarşı aparılan mübarizədə necə rol oynayacağı barədə Türkiyənin özünün qərar verəcəyini açıqlayıb.
Jurnalistlər Coş Ernestə İŞİD-in girovluğunda olan diplomatların taleyi barədə sual ünvanlayıblar. Ağ Ev sözçüsü deyib: "Həmin girovların dərhal sərbəst buraxılması və sağ-salamat evlərinə qayıtmalarına imkan yaradılması çağırışımızı bir daha təkrarlayırıq".
Bundan başqa, ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf da ötən gün keçirdiyi brifinqdə Türkiyənin bu prosesdə oynadığı roldan söz açıb: "Əlbəttə ki, hər ölkə bu prosesdə nə edəcəyinə, nəyə imza atacağına özü qərar verir, rolunu özü dəyərləndirir. Türkiyə terrorla mübarizədə vacib və bizim üçün çox yaxın bir müttəfiqdir".
Xatırladaq ki, İŞİD terror təşkilatı 49 türk diplomatını iyunun 11-də İraqda girov götürmüşdü.
Dünən isə Amerika prezidenti Barak Obama ilk dəfə olaraq İŞİD komandirlərinin öldürülməsi üçün Müdafiə Nazirliyinə əmr verib.
"Washington Post"a danışan dövlət səlahiyyətliləri siyahının başında İŞİD lideri Əbu Bəkir Əl-Bağdadinin olduğunu bildiriblər.
Xatırladaq ki, ötən həftə prezident Barak Obama İŞİD-lə bağlı mübarizə strategiyasını açıqlamış və əməliyyatların Suriyaya qədər uzanacağını bildirmişdi. Prezidentin bu mövzuda lazımi qədər səlahiyyətə sahib olduğunu deməsi isə Konqresin sərt reaksiyasına səbəb olmuşdu.
İran isə beynəlxalq koalisiyanın İŞİD-ə qarşı mübarizə planını qeyri-müəyyən adlandırır. "Reuters"in xəbərinə görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfham jurnalistlərin suallarını cavablandırarkən deyib: "NATO-nun Uelsdəki sammitindən sonra İŞİD-ə qarşı yaradılan beynəlxalq koalisiyanın mübarizə planında ciddi qeyri-müəyyənliklər var. Bu koalisyanın terrorizmə qarşı mübarizə aparmaq niyyəti şübhəli görünür".
M.Əfham həmçinin koalisiyaya üzv bəzi ölkələri Suriya və İraqda terrorçulara dəstək verməkdə ittiham edib. Bununla belə, o, ABŞ prezidenti Barak Obamanın İŞİD-ə qarşı mübarizə planına münasibət bildirməyib.
ABŞ-ın müdafiə naziri Çak Hagel isə fransalı həmkarı ilə "İslam dövləti" qruplaşmasına qarşı koalisiyanın strategiyasını müzakirə edib.
Pentaqonun rəsmi saytının verdiyi məlumata görə, nazirlərin telefon danışığında silahlı qruplaşmaya qarşı fəaliyyət planının əsas istiqamətlərindən və iki ölkənin silahlı qüvvələrinin birgə əməkdaşlığından söz açılıb. Söhbət əsnasında həmçinin sözügedən məsələ ilə bağlı gələn həftə Parisdə beynəlxalq konfransın təşkili ilə bağlı razılıq əldə olunub.
NATO baş katibi Anders Foq Rasmussen isə rəhbərlik etdiyi ittifaqın İraq hökumətinin yardım haqqında istənilən müraciətinə baxacaqlarını qeyd edib. Lakin o, belə bir müraciətin hələ alınmadığını söyləyib.