Rusiya qaz bazarında güzəştə gedir... Dünya

Rusiya qaz bazarında güzəştə gedir...

ABŞ və AB “Qazprom”a ixrac etdiyi qazı birbaşa özünün satması ilə bağlı qadağa tətbiq edir. Yəni “Qazprom” Avropa bazarında həm daşıyıcı, həm də satıcı ola bilməz. Rusiya Avropa bazarındakı mövqeyini Norveç və sıxılmış qaz istehsalçılarına güzəştə gedir.
Bu sözləri iqtisadçı Natiq Cəfərli Rusiyanın Avropa qaz bazarındakı mövqeyi haqda danışarkən deyib. O qeyd edib ki, neft bazarında baş verən istənilən qiymət dəyişikliyi öz növbəsində təbii qaz bazarına da təsir edir: “Bu gün spot bazarda sıxılmış qazın bir kubmetri 60 dollara qədər ucuzlaşıb. Hətta bu göstərici 42 dollara qədər düşmüşdü. Son günlər neftin qiymətinin yenidən yüksəlməsi təbii qazın da qiymətinin artmasına gətirib çıxardı. Nəticə etibarilə Rusiyanın Avropa bazarlarına çıxardığı təbii qaz rəqabətə davam gətirə bilmir, çünki neft bazarında olduğu kimi, təbii qazla da bağlı öncədən imzalanan kontraktlar mövcuddur. Düzdür, bu kontraktlar hər 3 aydan bir yenilənsə də, sıxılmış qazın qiyməti kifayət qədər ucuzdur”.
Ekspert bildirib ki, sıxılmış qazın ucuz olması “Qazprom” üçün problemlər yaradıb: “Faktiki olaraq “Qazprom” sıxılmış qaz ilə rəqabətə dözmür. Məhz bu səbəbdən qiymət endirimləri etməyə, güzəştə getməyə və ya birbaşa bazarların itirilməsi ilə barışmalı olur. Məsələn, bu gün Qətər Avropa bazarına çox sərt şəkildə girməkdədir. ABŞ-dan da sıxılmış qaz gətirilməsi düşünülür. Əgər bu təşəbbüs real olsa, ABŞ-dan Avropa bazarına 800 milyon kub metr sıxılmış qaz gətiriləcək. Belə olduqda “Qazprom” istər-istəməz qiymətlərdə ciddi endirim etməyə məcburdur. Bu isə özlüyündə “Qazprom”un bazarda iqtisadi dayanıqlığını zədələyir. “Şimal axını” istiqamətində Rusiya qazının ixracında bu gün ciddi sanksiyalar tətbiq edilir. Bu isə öz növbəsində “Qazprom”un Avropa birliyi ilə sərhəddə 3-cü bir ölkə vasitəsilə qazı ixrac etməsi zərurəti yaradır. Məhz bu səbəbdən Rusiya Avropa bazarındakı mövqeyini Norveç və sıxılmış qaz istehsalçılarına güzəştə gedir”.
Qeyd edək ki, “Skolkova” Energetika Mərkəzi may ayı ərzində Rusiyanın “Şimal axını”, Yamal-Avropa və Ukrayna istiqamətində ixracatının 20% azaldığını bildirib. Qeyd edilib ki, yanvar-aprel ayları arasında Avropaya edilən tədarükdə “Qazprom”un payı 35%-ə qədər azalıb. Keçən il “Qazprom”un burada payı 45% təşkil etmişdi.