Rus əsgəri erməni ailəsini güllələyib Dünya

Rus əsgəri erməni ailəsini güllələyib

Ermənistan prezidenti Gümrüdəki olayla bağlı təcili müşavirə keçirib

Ermənistanda bir ailənin 6 üzvü güllələnib. Hadisə Gümrü şəhərində baş verib. Həmin şəxslər odlu silahdan qətlə yetirilib. Onların arasında azyaşlı uşağın olduğu bildirilir.
Qətli törədənlərin kimliyi artıq məlum olub. Ermənistan mətbuatı xəbərinə görə, bu barədə Ermənistan İstintaq Komitəsi rəhbərinin müşaviri Sona Truzyan açıqlama verib. Onun sözlərinə görə, hadisə yerindən Gümrüdə dislokasiya olunmuş 102 saylı Rusiya hərbi bazasının qulluqçusu Valeri Permyakova aid çəkmələr tapılıb.
Qətlə yetirilənlərə gəlincə, bunlar ailə başçısı Seryoja Avetisyan, onun həyat yoldaşı Asmik, qızı Aida, oğlu Armen, onun həyat yoldaşı Araks və sonuncuların 1 yaş 8 aylıq övladı Asmik Avetisyanlardır. Sağ qalan altı aylıq Seryoja Armenoviç Avetisyan kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya yerləşdirilib. Uşaq anasının meyitinin yanında olub. Ehtimal ki, qatil onun da öldüyünü güman edib. Əməliyyat olunan körpənin vəziyyəti ağır qiymətləndirilir.
Mərhumların qonşusu bildirib ki, səhər saat 6:20-də partlayış və ya atəş səsi eşidib. Onların meyitlərini isə ev sahibəsinin bacısı aşkarlayıb.
Hadisə yerinə Rusiya hərbi bazasının komandiri Andrey Ruzinski də gəlib.
Ermənistan prezidenti Serj Sarkisyan Gümrü şəhərində bir ailənin qətl edilməsi ilə əlaqədar hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə təcili müşavirə keçirib.
News.am saytının verdiyi məlumata görə, müşavirədə insidentin qısa müddətdə araşdırılması və günahkarların ciddi şəkildə cəzalandırılmasının zəruriliyi qeyd edilib.
Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.
Ermənistan Prokurorluğu da qətlin Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov tərəfindən törədildiyini açıqlayıb. Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.