Dəniz suyunda virus yoxdur? Hadisə

Dəniz suyunda virus yoxdur?

Xəzər dənizinin suyunda insan ölümünə səbəb olacaq infeksiya yoxdur.
Bunu Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Bakıda 2 yaşlı körpənin dənizdə çimdikdən sonra ölməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.
Dənizdə çimdikdən sonra hər hansı bir uşağın xəstələnərək ölməsi barədə məlumatlarının olmadığını deyən A.Əliyeva bildirib ki, dəniz suyunda uşağın ölümünə səbəb olacaq infeksiya yoxdur: "Əgər bu səbəbdən belə bir hadisə olsaydı, bizim bundan mütləq məlumatımız olardı. Ola bilər ki, bu, ara sözüdür. Ancaq hər hansı məsələ tam aydınlaşdırılmalı, ondan sonra bunun səbəbi müəyyənləşdirilməlidir. O da nəzərə alınmalıdır ki, dənizin bütün zonalarında çirklənmə yoxdur".
Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov isə Trend-ə bildirib ki, uşağın ölümünün dəniz suyunun təsirindən baş verməsini aydınlaşdırmaq üçün ilk növbədə uşağın dənizin hansı hissəsində çimdiyi konkret ünvanla açıqlanmalıdır.
Z.Kazımov deyib ki, Sumqayıt çimərliyində, Bakının Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Bu çimərliklərdə vətəndaşların çimməsi qadağan edilib. Laborator analizlərinin nəticələrinə görə, qalan ərazilər yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır: "Ancaq valideyn konkret olaraq deməlidir ki, uşaq hansı ərazidə çimib. Bu məsələ araşdırılmalıdır. Dəniz suyunda elə bir virus yoxdur ki, o, dəniz suyundan uşağa keçsin və uşaq da rəhmətə getsin".
Z.Kazımovun sözlərinə görə, hətta çimrəlik hesab olunmayan ərazilərdəki dənuz suyunda belə insanın ölümünə səbəb ola biləcək infeksiya yoxdur.
Xatırladaq ki, yayılan məlumatlara görə, Bakıda 2 yaşlı Həsən Abdulmüslümov dənizdə çimdikdən sonra qusmağa başlayıb, temperaturu yüksəlib və sonra dünyasını dəyişib. Uşağın dayısı Rüfət Quliyev körpənin sağlam olduğunu bildirməklə yanaşı, eyni zamanda, onun qısa bir müddət ərzində dünyasını dəyişdiyini söyləyib.