31 mart soyqırımı qurbanları Şamaxıda yad edilib Hadisə

31 mart soyqırımı qurbanları Şamaxıda yad edilib

AVCİYA Şamaxıya press-tur təşkil edib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 31 mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Şamaxı rayonuna press-tur təşkil edib. Tarixçilər, arxeoloqlar, həmçinin müxtəlif media qurumlarını təmsil edən 50 nəfərdən ibarət nümayəndə heyəti əvvəlcə Qobustan rayonunun Acıdərə kəndi ərazisindəki şəhid türk zabitinin məzarını ziyarət ediblər. Tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı şəhid məzarı və burada ucaldılan abidə kompleksi barədə məlumat verərək bildirib ki, XX-əsrin əvvəllərində Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qətliamların qarşısını almaq məqsədi ilə Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşa Qafqaz İslam Ordusunun (QİO) yaradılması əmrini verib. Nuru Paşanın rəhbərlik etdiyi QİO Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918 noyabrına qədər fəaliyyət göstərib. Həmin müddətdə QİO igidlərinin ermənilərlə ən ağır döyüşlərindən biri də Şamaxı və Mərəzə əraziləri arasında Acıdərə adlı yerdə baş verib. Bu ağır döyüşdə düşmənin böyük bir qismi məhv edildiyi kimi, Şamaxı könüllüləri və müzəffər türk əsgərlərindən də xeyli döyüşçü, həmçinin bir türk zabiti də şəhid olub. Düz 96 ildir xalqımız, o cümlədən şamaxılılar tərəfindən ziyarət olunan bu məzar Şamaxı - Bakı şosse yolunun kənarında Acıdərə adlı yerdə, iki dərənin qovuşuğunda kiçik bir təpənin üstündə yerləşir. "Şəhid, şəhid olduğu yerdə dəfn olunmalıdır" - adətinə əsasən erməni-daşnak birləşmələrinə qarşı rəşadətlə vuruşan türk zabiti də həlak olduğu yerdə dəfn edilib. Müasir dövrümüzdə, konkret olaraq 2000-ci ildə Qobustan Rayon icra Hakimiyyətinin səyi ilə türk zabitinin qəbri təmir edilib, məzardan 30 metr kənarda, şosse yolunun üstündə 1918-ci ildə döyüşlərdə həlak olmuş insanların adına abidə kompleksi ucaldılıb. Press-tur iştirakçıları bu abidə kompleksinə baş çəkdikdən sonra yola davam ediblər.
Rayon mərkəzinə gələn nümayəndə heyəti əvvəlcə Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar. Bələdçi Təranə Məmmədova mədəniyyət ocağı barədə ətraflı məlumat verərək qeyd edib ki, Seyid Əzim Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi 1945 - ci ildə Şamaxı Ölkəşünaslıq Muzeyi adı ilə təşkil olunub.
Muzeylə tanışlıqdan sonra jurnalistlər rayonun Şərədil, Saqiyan, Mirikənd kəndlərinə gələrək 1918-ci il 31 mart - 3 aprel tarixlərində yerli əhalinin, QİO-nun erməni-daşnak qüvvələrinə qarşı müqavimət göstərdiyi, gərgin döyüşlərin getdiyi ərazilərdə olublar. Ermənilərin törətdikləri vəhşiliklər haqqında yerli sakinlərin söhbətləri dinlənilib, insanların xüsusi amansızlıqla qətlə yetirildiyi yerlərə baxış keçirilib. Həmçinin jurnalistlərə Şərədil kəndində 1918-ci ildə QİO ilə ermənilər arasında Təkin dağ ərazisində gedən döyüşlər barədə məlumat verilib.
Nümayəndə heyəti Şamaxıdan seçilmiş millət vəkili, AVCİYA prezidenti Elxan Süleymanovun qərargahında www.1905.az saytının təqdimatında da iştirak ediblər. Tədbirdə çıxış edən millət vəkili Elxan Süleymanov azərbaycanlıların soyqırıma məruz qaldığı tarixin 110 illiyi ərəfəsində "1905.az" saytının hazırlanaraq geniş ictimaiyyətə təqdim edilməsini əlamətdar hadisə kimi qiymətləndirib. O, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasətinin tarixi, faciələrin ictimai-siyasi kökü barədə də geniş danışıb. Elxan Süleymanov 1905-1906-cı illərdə ermənilərin İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları ərazisində 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsini viran etdiyini, əhalisini etnik təmizlənməyə və soyqırıma məruz qoyduğunu vurğulayıb. Deyib ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım sonrakı dövrlərdə də davam etdirilib, tarixi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradıldıqdan sonra isə bu soyqırımı siyasəti Ermənistan dövləti səviyyəsində davam etdirilib: "Ermənilərin törətdikləri qanlı cinayətlər Cənubi Qafqazın etnik azərbaycanlılara məxsus olan bütün yaşayış məntəqələrini əhatə edib. Bu cinayətlər nəticəsində son yüz il ərzində 2 milyondan artıq azərbaycanlı öz tarixi torpaqlarından didərgin salınıb, xüsusi qəddarlıqla soyqırımına məruz qalıblar. Qarşıdan gələn 2015-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi cinayətlərin mütəşəkkil xarakter almasının, bu cinayətlərin insanlığa qarşı cinayətlər və soyqırımı cinayətləri kimi formalaşmasının 110 ili tamam olur. AVCİYA bununla bağlı ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım cinayətlərinin, erməni xislətinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində genişmiqyaslı layihə həyata keçirməyə başlayır. Layihənin portalı www.1905.az ünvanında fəaliyyətə başlayıb. Bundan savayı, layihə çərçivəsində müxtəlif dillərdə kitabların nəşr edilməsi, beynəlxalq konfransların keçirilməsi, dünya mətbuatında məqalələrin yerləşdirilməsi planlaşdırılır. Ümid edirik ki, heç kəs bu layihəyə biganə qalmayacaq və onun həyata keçirilməsində AVCİYA-ya köməklik göstərəcək. Bu layihənin həyata keçirilməsi zamanı KİV nümayəndələrinin üzərinə xüsusi məsuliyyət düşür və AVCİYA onları sıx əməkdaşlığa və ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım cinyətlərinə dair materialları daha aktiv şəkildə ictimaiyyətə çatdırmağa çağırır".
Layihənin elmi heyətinin rəhbəri, AMEA-nın müxbir üzvü İlyas Babayev ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımların tarixi sənədlərdə əks olunduğunu diqqətə çatdırıb. Bildirib ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər müxtəlif vaxtlarda tarixi sənədlərdə qeyd edilib: "Bu tarixi faktlar bizə əsas verir ki, ermənilər tərəfindən millətimizin başına gətirilən vəhşilikləri dünyaya bəyan edəcək. Onların bizə qarşı törətdiyi tarixi cinayətləri kitablar və digər vasitələrlə beynəlxalq ictimaiyyətin nəzərinə çatdıraq. Bunun üçün Azərbaycan dövlətinin əlində tutarlı əsaslar var. Biz heç də ermənilər kimi olmayan yalan hadisələri dünyaya sırımırıq".
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin icraçı direktoru, Layihənin portalının rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev AVCİYA-nın təşəbbüsü ilə yeni yaradılan "1905.az" saytında Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlar barədə geniş məlumatlatların əks olunduğunu söyləyib. Onun sözlərinə görə, saytda sənədlər, xəritələr, multimedia materialları və soyqırımla bağlı nərşrlər bölmələri yaradılıb: "Bu saytda azərbaycanlıların məruz qaldıqları müdhiş faciələrlə bağlı həqiqətlər Azərbaycan dili ilə yanaşı, BMT Təhlükəsizlik Şurasının işçi dillərində, eləcə də region dövlətlərinin dillərində təqdim olunacaq. Saytda "Ermənilərin gəlişi", "Azərbaycanlıların soyqırımı", "Erməni dövləti", "Azərbaycanlıların deportasiyası", "Ermənistanın Azərbaycana təcavüzü", "Atəşkəs davam edir" və başqa bölümlərdə sənədlərin, xəritələrin, fotoların dili ilə geniş məlumatlar verilir. Orijinal "Zaman şəridi", "Məktəblilər üçün sözlük" və virtual "Qarabağ ensiklopediyası" da tezliklə bu saytda təqdim ediləcək. Saytda məktəblilər üçün sözlük bölməsi də yaradılıb. Bunun vasitəsilə gələcək nəsillərə soyqırımlar haqqında geniş informasiya vermək mümkün olacaq".
Təqdimatdan sonra jurnalistlər Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan, 1918-ci il mart soyqırımı zamanı ermənilər tərəfindən yandırılan 4 dini ibadətgahdan biri olan Şamaxı Cümə məscidi ilə tanış olublar. Məscidin imamı Hacı Mərhəmət Mustafayev dini ibadət evi barədə geniş məlumat verərək deyib ki, məscid Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə 743-cü ildə inşa olunub. Bəzi mənbələrə görə, Xilafət ordularının məğlub etdiyi Xəzər xaqanı məhz bu məsciddə islam dinini qəbul edib. 1859-cu ildə Qafqazın ən böyük quberniyalarından olan Şamaxıda baş verən dağıdıcı zəlzələdən sonra məscidin bərpası əslən Şamaxıdan olan Qasım bəy Hacıbababəyova həvalə edilib. 1902-ci ildə baş verən növbəti zəlzələ zamanı məscid dağılmayıb, yenə də təbiətin sərt sınağına davam gətirməyi bacarıb. Bundan sonra məscidin bərpasının əvvəlki özül üzərində aparılmasına qərar verilib. Bərpa işlərini əvvəl memar Zivərbəy Əhmədbəyov, sonra isə polşalı memar-mühəndis İozef Ploşko aparıb. 1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda ən böyük qətliam Cümə məscidində baş verib. Şamaxılıların Allah evi kimi məscidə sığındığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı qətlə yetiriblər. Sovet dövründə məlum səbəblərdən təyinatı üzrə istifadə edilməyən məscid məhv olmaq təhlükəsi ilə üzləşib. Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən milli mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə təmir olunub. Sonuncu dəfə isə Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı: Azərbaycan" layihəsi çərçivəsində Şamaxı Cümə məscidində əsaslı bərpa, yenidənqurma işləri aparılıb və 2013-cü il may ayının 17-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Press-tur iştirakçıları Şamaxıda yeni qoyulmuş Soyqırım Abidəsini ziyarət ediblər. Şamaxı rayon icra hakimiyyətinin Başçısı Asif Ağayevin də iştirakı ilə Abidə önünə tər qərənfillər qoyulub. Şamaxı ekspedisiyasının rəhbəri Şirzad Əhmədov jurnalistlərə bildirib ki, abidənin yaxınlığında aşağısı zirzəmi olan birmərtəbəli ev 1918-ci il qırğınının başçılıq edən Stepan Lalayevin olub. Onun atası, xüsusi var-dövlət sahibi olan Aleksandr Lalayev qardaşı Saşa Lalayevlə birlikdə 1905-1907-ci illərdə erməni daşnaklarına dəstək verərək Şamaxıda ağlasığmaz qırğınlar törədiblər. Qatı millətçi Lalayev qardaşları Şamaxıda "sünni-şiə" qarşıdurması da yaradıblar. Lakin fitvaya uymayan müsəlmanlar ermənilərin fırıldaqlarını, gec də olsa, başa düşüb və onlara yaxşıca dərs verib, Lalayev qardaşlarını xəyanətlərinə görə qətlə yetiriblər.
Nümayəndə heyəti son olaraq Şamaxıda soyqırımı qurbanlarının bir hissəsinin dəfn edildiyi İmamzadə məscidinə gəliblər. Məscidin axundu Hacı Elşən Rüstəmov qeyd edib ki, 1918-ci ildə dağıdılan məscidlərdən biri də XVIII əsr yadigarı "İmamlı məhəlləsi"ndəki bu məscid olub. Qırğın zamanı yüzlərlə qadın, uşaq və yaşlı insan "İmamzadə"yə pənah aparıblar. Məscidin Axundu Cəfərqulu beş nəfər kişi ilə həmin insanları müdafiə edib. Ən nəhayət, onların güllələri qurtarıb. Erməni cəlladları həmin kişiləri məsciddəkilərin gözü qarşısında qəddarlıqla öldürüblər. Sonra məscidin ağzını bağlayıb od vurublar. Şahidlərin dediyinə görə, qaçqınlar şəhərə qayıdandan sonra məsciddə yandırılmış insanların sümük və küllərini bir yerə yığıb oradaca dəfn ediblər. 1918-ci ildə Müsavat hökuməti qətlə yetirilən insanların üstündə xatirə lövhəsi qoyub ki, həmin lövhə indiyə kimi məscidin həyətində durur...

Əli Zülfüqaroğlu
Bakı-Şamaxı-Bakı