“Bil ki, səni də sevən var bu yer üzündə” Hadisə

“Bil ki, səni də sevən var bu yer üzündə”

Fikrəq Qoca əsərlərində torpaq, ana, övlad, xalq sevgisini uca tutur

I yazı


Fikrət Qoca bütün varlığıyla mənsub olduğu xalqına bağlıdır. Onun qəlbində keçmişinə, şərəfli tarixinə bir məhəbbət var:

Mən ayaq açıb anamın yanından
məzarına kimi gedən bir yolçuyam.
Atamın məsləkinə, anamın laylalarına
qarovulçuyam.


Vətəndaş şair misralarını bu ideyalar üzərində kökləyib. Onun nəzərində şair ölməzdir, çünki o, özü üçün yaşamır, xalq üçün, dünya üçün, insanlar üçün, keçmiş, gələcək üçün yaşayır:


Hər misra yazanda, o bir yaş artdı.
Düşündü hamını - tanışı, yadı.
Neçə qəhrəmanı yazdı, yaratdı,
Özü yaşamağa vaxtı qalmadı.


Fikrəq Qoca əsərlərində torpaq, ana, övlad, xalq sevgisini uca tutur. Vicdan saflığı şairin nəzərində şərəfli ömrün mənasıdır. "Vicdan-həya deməkdir"-deyən şair vicdan saflığının, həqiqətin, düzlüyün, azadlığın, xoşbəxtliyin tərənnümçüsüdür.
Fikrət Qoca zamanın şairidir və xalqına xidmət etməyən qüvvəni tanımaq istəmir. F.Qoca üçün doğma millətin, xalqın dərdi dərdlərdən də ağırdır. Qarabağ ətrafında gedən faciəli hadisələrin faciəli anlarını yaşayan qız-gəlinlərimizin - erməni murdarlarının əsir, girov götürdüyü günahsız məxluqatların düşmən pəncəsində inləməsi balaca dərd deyil. Fikrət Qoca xalqının sənətkar oğlu kimi bu dərdləri yaşayır və şeirlərində, əsərlərində bu dərdləri qələmə alır.. Əsir düşən bir qızın faciəsinə dözə bilmir:



Erməni əlində əsirdir çiçək.
İgid oğulsansa, gəl bu dərdi çək.
Daha mən nə əksəm, dərd göyərəcək.
Bu dərdlə yaşamaq ağırdır, ağır


- deyən şair:


Əli silah tutan bir oğul varsa,
Əsir düşə bilməz millətin qızı.
Boğmaqla susmayır vicdanın səsi.
Heç nəylə getməyir namus ləkəsi.
Düşmən qanı ilə yuyulsun gərək


- deyir. Vicdanı çarmıxa çəkir şairi, bu dərdlə yaşamaq ağır olduğu kimi "bu dərdlə ölmək də ağırdır, ağır"-deyir. Namus, qeyrət hissi, düşmənə nifrət, "yaddaşı göynədən yaxın keçmiş" şair üçün "olub keçən deyil, yanıb keçəndi".
"Buxara papaq" şeirində şair təəssüf içində çırpınır. Duz-çörəyi müqəddəs tutan Azərbaycan övladı kimi dostunu-düşmənini vaxtında tanımadıqları üçün özümüzü qınayır. Arxayınlıqdan "indi üstümüzə dörd bir yandan dolu kimi" yağan "şər", özümüzün hördüyümüz sədlərin "indi özümüzə keçilməz hasar" olmasını da bir Qarabağı Yuxarı, Aşağı Qarabağlara bölməyimizin, respublikanın içində "muxtar" adıyla yaratdığımız Qarabağın sabahını düşünməyib əcdadımızdan bizə qalan Qarabağın tacı Yuxarı Qarabağ taleyinə biganə yanaşmağımızın, arxayınçılığımızın axırının gətirib hansı acı nəticələrə çıxardığını həm təəssüf, həm kədər, həm qüssəylə xatıladır. Babalardan qalan "Buxara papağın" xatırlanmasında da bir məna var. O papağa arxayınçılıqdan "bit düşər"-deyəndə şair nəyi nəzərdə tutur? Gördüyümüz, yaşadığımız bugünkü Qarabağ reallıqları, "Qarabağ"- deyib ayırdığımız ərazilər, bütövlükdə Azərbaycan torpağına vurulan ağır zərbələr nədən xəbər vermir? Bütövlükdə bu şeirin canında, qanında nə yatır, oxucu gözəl başa düşür.
Şair azadlığın nə olduğunu gözəl bilir. Ona görə də "Atəşkəs baharı" şeirində "iki cəbhə arasında" qalan minalanmış torpağın sinəsindəki baharın gəlişində bir vahimə görür. Bu bahar çağında minalanmış sahəyə düşən heyvanlar minaların qurbanı olur.


Partlayan
Minanın səsindən diksinir.
Torpaq, hava, bahar, əsgər.
Bu səsin vahiməsindən
Quşlar uçar, yarpaq əsər.


Burada Ermənistan-Azərbaycan arasındakı atəşkəsin məkanı seçilən torpağın halına yanmaqla bərabər, öz azadlığını, müstəqilliyini əldə etmiş olan xalqın ərazi bütövlüyünü təmin etmək arzusu var; öz azadlığını əldə etmək istəyinə mane olan qüvvələr var və onların murdar niyyətlərini, yeritdikləri çirkin siyasətlərinə, Azərbaycan xalqına, dövlətinə zərbə vurmaq niyyətlərinə nifrət var. Amma şair arxayındır ki, Azərbaycan xalqı bu azadlıq, müstəqillik, ərazi bytövlüyü uğrunda mübarizədə nə qədər qurban verib və əldə etdiklərini qoruyacaq.
Şair doğma yerlərdən keçəndə o doğma yerlər üçün necə darıxdığını, "burnunun ucu göynədiyi"ni, içindən keçən arzuları, kövrək duyğuları qələmə alır. "Qar əvəzinə şoranı ağaran-aran" onun ana vətəni, doğma yurdudur, onun "yovşanı"nı, "yulğunu"unu, "şax tikanı"nı görəndə keçirdiyi hisslər şeirə çevrilir, özünü şaxtikana bənzədir.
O, bu şoranlı torpağa olan məhəbbətini uca tutur. Onun acı tikanını, gözəl çiçəyini, "şəlalə hörükləri"ni, dağını, dərəsini, buluddan şimşək tutan budaqları olan çinarlarını, bulaqları "bayatı" deyən yamaclarını, gözünü açıb gördüyü "yulğunu"nu vəsf edir, özünü boyda, dözümdə yulğuna bənzədir və böyük bir ürəklə könül xoşluğuyla deyir ki: "Bil ki, səni də sevən var bu yer üzündə".
Tanrıya yalvarışlarında da F.Qocanın misraları orijinaldır. Üz tutduğu Tanrısından istəyi nədir şairin? Misralara diqqət yetirək. "Bu ağır zamanda, bu bərk ayaqda, Yarəbb, xalqımıza özün kömək ol!" - deyən şair Azərbaycan dövlətinin, xalqının başı üzərində dolaşan qara buludları nəzərdə tutur. Azərbaycanın ərazi bütövlüyünə edilən qəsdi nəzərdə tutur. F.Qoca onların dərdi-sərini öz dərdi-səri kimi ürəkdən duyur, göynəyir. "İnsanlıq gözlədik, insan itirdik", - deyən şair murdar, xəbis qəlbli ermənilərə etdiyimiz yaxşılığın, insanlığın müqabilində qanı tökülən övladlarımızı yada salır, düşməndən kömək ummur, ondan mərhəmət gözləmir, insanlıqdan kənar bu murdar məxluqlara, onların bəd əməllərinə qarşı qəlbimizdəki vətən sevgisini, bu yolda şəhid olan oğullarımızın qeyrətini, mərdlik və ləyaqətini qoruyur. Ulu Tanrıdan tökdüyü qanlara görə düşmənə insaf, özünə səbr diləyir.


Beşikdir, məzardır bu yer.
Şərəfli övladdır bizim barımız.
Düşmənə insaf ver, bizə səbir ver,
Qəddar böyüməsin balalarımız.


Ana torpağı beşikdən məzara gedən yol bilir şair, bu torpaq uğrunda, düşmənə nifrət ruhunda böyüyən oğul və qızlarımızın, qəlbində şair gül açan arzuları, sabaha inam, yaşamaq, yaratmaq eşqini görmək istəyir, qəddarlıq, kin, nifrət istəmir onların qəlbində olsun.
Bu gün elə bir azərbaycanlı tapılmaz ki, Qarabağ taleyinə laqeyd yanaşsın, onun sabahı üçün narahatlıq keçirməsin. Fikrət Qoca "Cənnətdən qovulanlar" əsərində bu narahatlıqları yaşayan sənətkardır.
Qarabağ Azərbaycanın sinəsində bir yaradır, təbibini, loğmanını gəzir. İnsan övladının əzablarıyla yanaşı, böyüklük ehtirası, köksünə sığmayan istəkləri nəfis hərisliyinə aparıb çıxaranda faciə olur. Fikrət Qoca belə halda üz tutur Allaha, onunla dərdləşir:



Ol-dedin
kainat oldu,
kainatda həyat oldu.
Sözündən çıxdı,
Adəmlə Həvva
cənnətdən qovuldu,
atıldı yer üzünə.
Elə o vaxtdan
insan özü burda
cənnət yaratmaq istəyir özünə.


Şair insanın cənnət yaratmaq eşqinin "allahlığa başla"mağa aparıb çıxarmasından narahatdır. Nə olar? İnsan böyük dühadır. Yaratmaq, qurmaq onun amalı olmalıdır. Cənnətdən qovulan insan xoşbəxt, firavan yaşamaq üçün, öz nəfsinin ucbatından itirdiyi "cənnəti" aramaqda heç də günahkar deyil. Başı daşa dəyən insan yenə də işinin çəmini bilmir; bəs bu cənnətqurma aparıb ora çıxarmamalıdır ki, Allahlıq da keçsin ürəyindən. Milyardlarla insan nə üçün bir ovuc qəlbindən allahlıq keçirənlərin əməllərinin qurbanı olmalıdır? Bəs onların həyat eşqi? Yaşamaq eşqi? Onların istədikləri ilə razılaşmayan insanların, millətlərin taleyi? Hara aparıb çıxarıb hər dəfə könlündən allahlıq keçirənlərin əmlləri bu dünyanı? Şair bu haqsızlıqlara, özbaşnalıqlara göz yuma bilmir. Çünki o, milyonlardan biridir ki, insan kimi yaşamaq istəyir. Xalqını, mllətini, övladını azad, xoşbəxt, Allahın ona qismət etdiyi cənnətməkan sandığı Azərbaycanında azad, müstəqil görmək istəyir. Görəndə ki, haqqı pozulur millətinin, dövlətinin, xalqının. Üz tutmur imperialist, qolu güclü cənnət ovçularına. Üz tutur haqq-ədalət qoruyucusu Tək Allahına; insan kimi dərdlərdən cana doyduğundan, yer üzünün fəlakətini yaşayan bir saf ürək sahibi kimi, torpağına, millətinə dərd əzab gətirən cənnət həvəskarlarının əməllərindən şikayətlənir. Şikayətində haqlıdır şair. Humanist hisslərini itirənləri məhşər ayağına çəkir; Yerin-Göyün sahibi Allah onun üçün bu dünyanı ol-deyib yaradıbdırsa, özü də Adəm-Həvva övladıdırsa, unudur axı, "görən var", göydən baxan var". Ona görə deyir ki, "Sənin də bir yaxan var, yaxandan yapışan olar", törətdiyin əməllərə görə səni məhşər ayağına çəkən olacaq…
Şair insanı uşağa - "ağlı körpə" uşağa, "odla oynayan" uşağa bənzədir. İçində cəhənnəm odu qaynayan, "göz yaşları gölündə" çimənlər "unudurlar bu dünya hamı üçündü". "Unudurlar bu dünya hamı üçündü" –deyən şair dünyanı hamı üçün vətən bilir, o, bu "hamı"nı türkə, rusa, ingilisə, almana, ərəbə, zənciyə bölmür. Bölümünü də faciə bilir. "Bu Adəm-Həvva övladlarına" biçilən "bu fərqlər", "bölgülər" nə üçündü? - sualını verən şair özü bu suallar içində çabalayır, insanları düşünməyə səsləyir. Düşünür dünyanın nə qədər canlıları var. Nə iti, nə atı, nə donuzu seçilməyən bu dünyada niyə bəs insan türkə, ingilisiə, almana, nə bilim daha kimlərə bölünür? Bu seçimlər, bu fərqlər millətlərin, xalqların da bir-birinə həqarətlə baxmasına aparıb çıxarırsa, bu insanlar hardan oldu Allahın bəndələri, Adəm-Həvva balaları? Nə vaxtdan böyük qardaşlar cisminə, çəkisinə görə özünü öyməli, özündən kiçiklərə əzab verməli, qeyrisinin əlindəki tikəsinə göz dikməlidir? Ulularının uyuduğu Vətəninin Qarabağ deyilən hissəsini kəsib o biri Adəm-Həvva övladına ötürmək üçün insan bu qədərmi ifritə donuna bürünməlidir?
Şair nələr görməyib. Hansı dövlət böyükdür, "gücü var, kiçikləri dağıdır, böyük xalqlar balaca xalqları qırır". Bu qırımda Adəm-Həvva unudulur, bəşər övladı yolunu azdığından şeytanxislətlilərdən "yaxşılıq" görənlər xeyirxah Adəm övladlarının qanınıa susayır, böyüklər də buna göz yumur. Bir dünyanın sakinləri arasındakı bu fərqlər, bu fərqlərin yaratdığı faciələr şairi açmır. Şair bu əksliklər dünyasında öz taleyinə düşən qəmlə barışa bilmir. Çünki onun xalqı azadlıqsevər, dünyasını sülh-əmin-amanlıq içində görmək istəyən bir xalqdır. Onun da xarakterində böyüklərin haqsız əməllərinə qarşı çıxım var. Bu haqsızlıqla barışmaq mümkün deyil. Heç vaxt şairin lirik qəhrəmanı Allah qismətinə yazan cənnət diyarını kimsəyə verməz. Belələri varsa, şair onları qamçılamağa bacarır. Bu amansız zamanada şair də amansızcasına belələrinə qarşı çıxır. Onları qeyrət qınağına çıxır. Başına papaq qoyub, papağına "yaxşı" deyənlərin arasında "bir Azərbaycan olaq deyən" axtarır.


Gülxani Pənah,
filologiya üzrə elmlər doktoru, ədəbiyyatşünas