Suriyada daha iki azərbaycanlı öldürülüb Hadisə

Suriyada daha iki azərbaycanlı öldürülüb

Suriyada daha iki azərbaycanlının öldürülməsi barədə məlumat yayılıb. APA-nın məlumatına görə, onların hər ikisi Qax rayon sakinidir.
Öldürülən şəxslər, Qax rayon sakinləri - 1981-ci il təvəllüdlü Kərimov İbrahim Aslan oğlu və 1987-ci il təvəllüdlü Samir Sadəddin oğlu Məmmədovdur. İbrahim Kərimov "Cundullah Azəri" ləqəbi ilə tanınırmış. Onun fotosu da yayılıb. "Cundullah Azəri" qaydasız döyüş üzrə idman ustası olub.
İ.Kərimov bir il əvvəl həyat yoldaşı və üç uşağı ilə birgə Suriyaya gedib. Suriyada döyüşlərə qatılan İ.Kərimov öləndən sonra onun ailəsi ilə də əlaqə kəsilib. İ.Kərimovun ailə üzvlərinin sağ olub-olmadığı isə məlum deyil.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif radikal dini qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu sosial şəbəkələrdə yayılıb.