Azərbaycan prezidenti ağacəkmə kampaniyasında iştirak edib Hadisə

Azərbaycan prezidenti ağacəkmə kampaniyasında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun 29-30-cu kilometrliyində salınan yaşıllıq sahəsində Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər.
Dövlət başçısı və xanımı əvvəlcə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı məlumatları əks etdirən stendlərlə tanış olublar.
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov prezident İlham Əliyevə nazirlik tərəfindən 2008-2016-ci illər ərzində salınmış və damcılı suvarma sistemi ilə təchiz edilmiş yaşıllıqlar barədə məlumat verib. Bildirilib ki, həmin müddətdə Bakı-Şamaxı magistral avtomobil yolunun ətrafında 622 mindən, Bayıl yamacında 463 mindən artıq, Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Hacıqabul hissəsində 1 milyon 600 minə yaxın, Bakı-Quba magistral avtomobil yolunun ətrafında 680 mindən çox, Bakı-Astara magistral avtomobil yolunun Ələt-Salyan hissəsində 500 minə yaxın ağac əkilib.
Qeyd olunub ki, yaşıllıqlar salınarkən zeytun ağaclarına daha çox üstünlük verilib. Əkilmiş zeytun ağaclarının sayı artıq 1 milyon 268 mini keçib.
Dövlət başçısına məlumat verilib ki, indiyədək Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun ətrafında ümumi sahəsi 969 hektar, uzunluğu isə 20 kilometr olan ərazidə 58 növdə bir milyondan artıq ağac əkilib. Onların arasında zeytun, Eldar şamı, sərv, tuya, oleandr, Arizona sərvi, akasiya, göyrüş, lələk, tut, nar, badam, sarağan, meliya və digər ağac növləri var.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ərazidə ağac əkiblər.
Dövlət başçısı və xanımı ağacəkmə kampaniyasının iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər.