Təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələri maliyyələşdiriləcək Hadisə

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələri maliyyələşdiriləcək

Prezident İlham Əliyevin sərəncamına əsasən, ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatları üçün Azərbaycanın dövlət büdcəsində hər il üzrə nəzərdə tutulan vəsait təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldiləcək.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın Fəaliyyət Planı"nda qeyd edildiyi kimi yeni kurikulumlara və informasiya-kommunikasiya texnologiyalarına əsaslanan metodiki vəsaitlərin, didaktik materialların, təlim vasitələrinin hazırlanmasını stimullaşdıran müsabiqə və qrant mexanizmlərinin yaradılması, müəllimlər arasında sağlam rəqabətin gücləndirilməsi üçün müsabiqələrin, o cümlədən qrant layihələrinin həyata keçirilməsi, keyfiyyətin yaxşılaşdırılması mexanizmlərinin tətbiqi istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub.
Qrant proqramı çərçivəsində məzmun, tədris və qiymətləndirmə ilə bağlı müxtəlif innovativ ideyaların sınaqdan keçirilməsi, müsbət təcrübələrin müəyyənləşdirilməsi, əldə olunan nailiyyətlərin təhsil islahatlarında nəzərə alınması yolu ilə daha faydalı nəticələrin əldə olunması mümkündür. Layihələr üzrə fəaliyyətin monitorinqi maliyyə resurslarından daha səmərəli istifadə imkanı yaradacaq, müxtəlif səviyyəli məktəblər və müəllimlər əhatə olunduqları şəraitə uyğun, mövcud problemlərin həllinə yönəlmiş təşəbbüslər irəli sürə biləcəklər.
Qrant mexanizmi Dövlət Strategiyasında nəzərdə tutulmuş hədəflərə nail olunması istiqamətində çevik alət olmaqla yanaşı, dövlətin maliyyə vəsaitlərindən daha səmərəli istifadəni də təmin edəcək.