“Birlikdə mübarizə aparmalıyıq" Hadisə

“Birlikdə mübarizə aparmalıyıq"

Erkan Özoral: "Ermənilərin Anadolu və Azərbaycanda törətdiyi qətliamlar eyni mahiyyət daşıyır"

ürkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın müşaviri professor Seyit Sertçeliyin "Rus və erməni mənbələri işığında erməni problemi və meydana çıxma prosesi 1678-1914" adlı iki cildlik əsərinin Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, bu, keçmişi, tarixi göstərən önəmli əsərdir. Onun sözlərinə görə, əsər rus arxivlərinin işlənməsi nəticəsində ortaya çıxıb: "Bu, erməni məsələsində ortaya qoyulan önəmli əsərlərdən biridir. Müəllif əsərdə sübut edir ki, erməni məsələsi 18-ci əsrin sonu deyil, daha keçmişə dayanır. Türkiyə və Azərbaycan Ermənistan problemini daha yaxşı anlayır. Məsələnin kökünə getmək, haradan başlayıb, haraya getdiyini görmək bunun bir daha təkrarlanmaması istiqamətində vacib addımdır. Kitab erməni iddiaları ilə mübarizədə bizim mövqeyimizi gücləndirəcək mühüm qaynaq təşkil edəcək. Ermənilərin türklər haqqında yaydıqları yalanlar dünyanı dolaşır. Bizim məqsədimiz dünyaya həqiqəti anlatmaqdır. Əsər bu baxımdan böyük imkan yaradacaq. Erməni məsələsi tək Anadolu və ya Azərbaycanla məhdudlaşdırmır, bütün türk coğrafiyasını əhatə edir. Ermənilərin Anadolu və Azərbaycanda törətdiyi qətliamlar eyni mahiyyət daşıyır. Biz bir-birimizi bir millət kimi gördüyümüz kimi, onlar da bizi millət kimi görüb, bizə qarşı çalışır. Biz bir olmalı, birlikdə mübarizə aparmalıyıq".
Daha sonra çıxış edən millət vəkili Əhliman Əmiraslanov bildirib ki, erməni vandalizmini dünyaya çatdırmaq üçün daha çox çalışmaq lazımdır və bu əsər bu istiqamətdə vacib vəsaitdir: "Bu kitablar kitabxanalara verilməlidir ki, gənc nəsil tarixlə bağlı həqiqətləri bilsin".
Daha sonra kitabın müəllifi Seyit Sertçelik doktoranturanı Rusiyada oxuduğunu bildirib, icazə əsasında Rusiya arxivlərində işlədiyini deyib: "4 il Sankt-Peterburq, 4 il isə Moskva arxivlərində işlədim. Yüz minlərlə sənədi nəzərdən keçirmişəm. Erməni məsələsi tək Türkiyənin deyil, Azərbaycanın da problemidir. Rus arxivlərinə girən ilk Türkiyə vətəndaşıyam. Erməni problemi Türkiyə torpaqlarında bir erməni dövləti yaratmaq istəyidir. 1878-ci il Berlin razılaşmasından sonra erməni probleminin ortaya çıxdığı hesab edilirdi. Lakin mən araşdırmalardan sonra bunun daha keçmişə söykəndiyini gördüm".
Müəllif bildirib ki tarixi qaynaqlarda ermənilərin İranda da dövlət yaratmaq istəkləri ilə bağlı faktlar var. O deyib ki, "Türkmənçay" müqaviləsindən sonra 40 min erməninin Dağlıq Qarabağa köçürülməsi ilə Dağlıq Qarabağ problemi yaranıb. Seyit Sertçelik daha sonra erməni probleminin Anadoluya yayılması, Azərbaycanda ermənilər tərəfindən törədilən faciələri tarixi faktlarla izah edib.
Qeyd edək ki, kitab "Turkish Petroleum Overseas Company Ltd." (TPAO) şirkətinin maliyyə dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunub.
Türkiyədə nəşr olunan kitablar geniş oxucu kütləsi üçün nəzərdə tutulub və heç bir kommersiya məqsədi güdülmədən Azərbaycan rəsmilərinə, tədris müəssisələrinə (universitet və məktəblər), eləcə də digər ictimai qurum və təşkilatlara paylanılacaq.