Aİ Azərbaycanla danışıqlar aparır Hadisə

Aİ Azərbaycanla danışıqlar aparır

Malena Mard: "Hazırda Azərbaycanla Avropa Birliyi arasında assosiasiya sazişi və əlavə bir saziş üzrə danışıqlar gedir"
"Bu ilin yayında Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsinə dair saziş qüvvəyə minəcək, sentyabr ayından isə Azərbaycan vətəndaşları endirilmiş qiymətlərlə sadələşdirilmiş prosedur əsasında Avropaya səyahət edə biləcəklər".
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Azərbaycandakı səfiri Malena Mard deyib. O bildirib ki, bu, həqiqətən də gələcək üçün böyük bir addımdır.
M. Mard qeyd edib ki, hazırda Azərbaycanla AB arasında assosiasiya sazişi üzrə danışıqlar aparılır, həm də əlavə bir saziş üzrə danışıqlar gedir: "Həmin sazişlər ikitərəfli əməkdaşlığımızı daha da genişləndirəcək".
Avropa Komissiyasının prezidenti Joze Manuel Borrozonun Azərbaycana nəzərdə tutulan səfərindən danışan diplomatın sözlərinə görə, onun Azərbaycana və regiona böyük marağı var, lakin səfərin tarixi hələlik bəlli deyil.
Qeyd edək ki, Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsinə dair saziş ötən ilin noyabr ayında Vilnüs sammitində imzalanıb.