Azərbaycan və Cənubi Koreya arasında təhsil sahəsində protokol imzalanıb Hadisə

Azərbaycan və Cənubi Koreya arasında təhsil sahəsində protokol imzalanıb

Təhsil Nazirliyi və Koreya Respublikası Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında "Müəllimlərin potensialının artırılması və Təhsil Nazirliyi üçün təhsil informasiya sisteminin yaradılması" texniki yardım (qrant) layihəsi üzrə müzakirə protokolu imzalanıb.
Nazirlikdən verilən xəbərə görə, müzakirə protokoluna təhsil naziri Mikayıl Cabbarov və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkə üzrə direktoru Çoi Yonjae imza atıb.
Layihənin əsas məqsədi təhsil informasiya sisteminin, müəllimlərin təlimi üçün onlayn elektron tədris portalının yaradılması, Koreya texnologiyalarının əsaslarını və inkişaf təcrübəsini bölüşməklə müəllimlərin təkmilləşdirilməsinə töhfə verilməsidir.
Nazir Mikayıl Cabbarov bildirib ki, müəllimin yeni rolu, üstün peşəkarlıq vərdişləri həm də tədrisdə tətbiq edəcəyi İKT bacarıqlarından asılıdır: "İKT bacarıqları biliklərin çatdırılmasında əyaniliyi təmin edir, dialoq mühiti yaradır. Son illərdə Təhsil Nazirliyinin müəllimlərin İKT bacarıqlarının artırılması, İKT infrastrukturunun yaradılması, elektron resursların bazasının genişləndirilməsi sahəsində gördüyü işlər bu prosesə təkan verib".
Üç il müddətində icra olunacaq layihə çərçivəsində əsas planın, Elektron Tədris Sisteminin, Tədrisin Məzmununun Saxlanılması Sisteminin, müəllimlərin onlayn təhsili üçün portalın, onlayn təhsil məzmununun hazırlanması, eyni zamanda server, video, audio, studiya avadanlıqları və materiallarının alınması nəzərdə tutulub. Elektron Tədris Sisteminin idarə olunması ilə əlaqədar Təhsil Nazirliyinin əməkdaşları və müəllimlər üçün Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən təlimlərin keçirilməsi də planlaşdırılıb.