Tələbələr arasında “Vergi” bilik yarışı Hadisə

Tələbələr arasında “Vergi” bilik yarışı

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Vergilər və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə "SABAH" qruplarının tələbələri arasında "Vergi" bilik yarışması keçirilib. Təhsil Nazirliyindən bildirilib ki, tədbirdə vergilər nazirinin müşaviri Elçin Məmmədov iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik edib. Bildirilib ki, maarifçiliyi öz fəaliyyətinin tərkib hissəsi sayan Cümhuriyyət hökumətinin 100 illik yubileyi münasibətilə belə bir bilik yarışmasının təşkil olunması çox sevindiricidir. Cümhuriyyət cəmi 23 ay yaşamasına baxmayaraq, elmin, təhsilin inkişafına böyük töhfələr verib. Cümhuriyyət dövrünün maarifçilik siyasəti müasir Azərbaycanda da uğurla davam etdirilir.
Qeyd edilib ki, Vergilər Nazirliyi sosial məsuliyyət strategiyası çərçivəsində cəmiyyətin maarifləndirilməsinə və bu baxımdan təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi diqqət yetirir. Ölkəmizdə işəgötürənlərlə təhsil alanlar arasında effektiv əlaqənin qurulması istiqamətində Vergilər Nazirliyi ilə Təhsil Nazirliyinin "SABAH" qrupları arasında səmərəli əməkdaşlıq qurulub. Bu əməkdaşlıq çərçivəsində keçirilən bilik yarışması da tələbələrə növbəti töhfədir. Bilik yarışlarının tələbələrin tədris dövründə şəxsi və peşəkar inkişafında, təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşməsində və möhkəmlənməsində mühüm rolu olduğu vurğulanıb.
Təhsil Nazirliyinin "SABAH" qrupları icra komitəsinin rəhbəri Şahin Seyidzadə çıxış edərək bildirib ki, qrup tələbələri üçün mütəmadi olaraq müxtəlif tədris və tədrisdənkənar fəaliyyətlər təşkil edilir, onların inkişafına dəstək verilir. Ölkəmizin gənc insan kapitalının inkişafı üçün iki aparıcı dövlət qurumunun bu cür tədbirlər fonunda birgə əməkdaşlığı nümunəvi bir haldır. Vergilər Nazirliyi ilə Təhsil Nazirliyi arasında bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində "SABAH" tələbələrinə vergi strukturlarına təcrübə, işə qəbul, birgə elmi tədqiqatların aparılması və digər bu kimi geniş imkanlar yaradılır.
Bilik yarışına ümumilikdə 10 ali təhsil müəssisəsini təmsil edən komandalar qatılıb. İlk 3 komanda yarışın qalibi olub. Bakı Dövlət Universitetini təmsil edən komanda 1-ci, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini təmsil edən komanda 2-ci, Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası isə 3-cü yeri tutub. Qaliblərə sertifikat, qiymətli hədiyyələr və "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası" təqdim olunub.