Dövlət qoruğunda 10 hektar meşə zolağı yanıb Hadisə

Dövlət qoruğunda 10 hektar meşə zolağı yanıb

Hirkan Milli Parkında da naməlum səbəbdən yanğın hadisəsi baş verib

Türyançay Dövlət Təbiət Qoruğunda yanğın hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, yanğın hadisəsi Ağdaş-Qəbələ avtomobil yolunun şərq tərəfindəki yüksək dağlıq-meşəlik ərazidə, yoldan təxminən 10 kilometr aralıda baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağdaş və Qəbələ yanğından mühafizə hissələrinin canlı qüvvəsi cəlb edilib.
Yanğın yüksək dağlıq ərazidə baş verdiyi üçün yanğınsöndürən avtomobillərin hadisə yerinə çıxması qeyri-mümkün olub. Yüzə yaxın yanğınsöndürən müxtəlif alətlər və əl üsulu ilə yanğını söndürülməsinə cəlb olunub. Təxminən 5 saatdan sonra yanğın tam söndürülüb. Hadisə zamanı qoruğun 10 hektarlıq ərazisində küknar, saqqız, arçan, qaratikan və digər meşə ağacları, kol-kos yanaraq külə dönüb. Yanğınsöndürənlərin əməyi sayəsində çətinliklə də olsa alovun qarşısı alınıb və qoruğun qalan 650 hektarlıq hissəsi yanğından mühafizə edilib.
Yanğın olan ərazi tam nəzarətə götürülüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova açıqlamasında deyib ki, Türyançay Dövlət Təbiət Qoruğunun 17-18-ci dolayının kəsişdiyi yerdə saat 15:00-da naməlum səbəblərdən başlayan yanğın saat 19:30-da tam lokallaşdırılıb.
Dünən eyni zamanda, saat 16:30 radələrində Hirkan Milli Parkının Haptoni Meşəbəyliyinin 23 saylı dolayının ərazisində naməlum səbəbdən yanğın hadisəsi baş verib. Yanğının qrşısının alınmasına milli parkın əməkdaşları və FHN-nin Lənkəran rayon Yanğın Əleyhinə İdarəsinin əməkdaşları cəlb olunub. Yanğın saat 19:00 radələrində tam söndürülüb. Yanğın nəticəsində milli parkın 23 sot ərazisində quru ot və böyürtkən kollarına ziyan dəyib.
Hazırda həm Türyançay Dövlət Təbiət Qoruğu, həm də Hirkan Milli Parkının ərazilərində baş verən yanğının səbəbləri və dəymiş ziyanın müəyyən edilməsi istiqamətində iş aparılır.