İlahiyyat İnstitutunda mediatur təşkil olunub Hadisə

İlahiyyat İnstitutunda mediatur təşkil olunub

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədilə mediatur təşkil olunub.
KİV nümayəndələri və təhsil ekspertləri Aİİ-nin rektoru Ceyhun Məmmədovla görüşüblər. Qonaqlara mediaturda iştirak etdikləri üçün təşəkkürünü bildirən rektor onlara Aİİ-nin tədris prosesi, beynəlxalq əlaqələri, ali təhsil müəssisəsində tədris olunan dillər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, media nümayəndələri ilə institut arasında əməkdaşlığın mahiyyətindən söz açaraq bu əlaqələrin davamlı olmasının əhəmiyyətini vurğulayıb.
Ceyhun Məmmədov bildirib ki, imtahanlar həm yazılı, həm də şifahi formada aparılır. İnstitutda imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, şikayətlərin qısa müddətdə araşdırılaraq müvafiq qərarların qəbul edilməsi üçün operativ qərargah və apellyasiya komissiyası yaradılıb. Rektor istər tədris, istərsə də imtahan prosesində tələbələrin problemlərini birbaşa və ya sosial şəbəkələr vasitəsilə dinlədiyini, təklif və şikayətlərə əsasən dərhal qərarlar qəbul etdiyini və tələbələrin haqlı mövqelərinin müdafiə olunduğunu deyib.
Daha sonra media nümayəndələri auditoriyalarda imtahan prosesini izləyiblər. Media nümayəndələri və təhsil ekspertlərinə imtahan prosesi barədə məlumat verilib, onların sualları cavablandırılıb.
KİV nümayəndələri institutun kitabxanası ilə də tanış olublar. Onlara məlumat verilib ki, əvvəl kitabxananın bazasında 12 min kitab olub. Bu kitablarəsasən İslamla bağlı dini kitablar idi. Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və digər qrumlarla əməkdaşlıq sayəsində artıq kitabxana təkcə dini ədəbiyyatla deyil, həm də müxtəlif dillərdə bədii ədəbiyyat nümunələri ilə zənginləşib.
KİV təmsilçiləri imtahan prosesinin təşkili və gedişindən razılıqlarını ifadə ediblər. Bildirilib ki, imtahan prosesində obyektivlik və şəffaflıq təmin olunub, sessiya normativ sənədlərə uyğun və qərəzsiz keçirilir.
Aİİ-də 2018-2019-cu tədris ilinin qış imtahan sessiyası yanvarın 30-dək davam edəcək.