“Yaşıl qələm jurnalistlər bağı“ salınacaq Hadisə

“Yaşıl qələm jurnalistlər bağı“ salınacaq

Martın 10-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) "Bu yaz özün bir təbiət yarat!" devizi altında yaz ağac əkini mövsümünə start verir.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov deyib.
Onun sözlərinə görə, yaz ağac əkininin başlanması ilə əlaqədar ETSN jurnalistlərlə birgə Zığ şosesinin kənarında ağacəkmə aksiyası keçirəcək: "Yeni salınmış yaşıllıq əraziyə "Yaşıl qələm jurnalistlər bağı" adı veriləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimaiyyət nümayəndələrini yaz ağacəkmə aksiyalarında iştirak etməyə çağırır".
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə bildirib ki, dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə "Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!" devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən payızağacəkmə mövsümündə nazirliyin əməkdaşlarının, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə meşə və qeyri-meşə fondu ərazilərində 1,3 milyona yaxın iqlimə və relyef şəraitinə uyğun müxtəlif cinsli ağac əkilib.
"Hər ailə ağac əksin", "Bir şagird bir ağac əksin və qorusun" devizləri altında keçirilən aksiyalar zamanı isə vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara, təşkilatlara təmənnasız olaraq 167 min müxtəlif cinsli ağac tingi, respublikamızda baramaçılığın inkişafı məqsədilə isə 1,7 milyona yaxın tut tingi paylanılıb.
Firdovsi Əliyev qeyd edib ki, Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş və təhlükə yaradan ağacların yerinə yenisinin əkilməsi məqsədilə ümumilikdə 320 qurumuş və təhlükə yaradan ağac yenisi ilə əvəzlənib, ərazidəki boş sahələrə 5000-ə yaxın müxtəlif cinsli ağac əkilib.