Müəllimlərin işə qəbulu başa çatır Hadisə

Müəllimlərin işə qəbulu başa çatır

Dünən 2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tuta bilməyən namizədlər üçün əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu başa çatıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu prosesə avqustun 25-dən başlanılıb.
Namizədlər "Şəxsi səhifə"sinə daxil olaraq ixtisas üzrə 4 vakant yer seçmək hüququna malikdir. Müraciətlərin qəbulu dünən bitib. Proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq və nəticələr barədə məlumat dərhal namizədlərin "Şəxsi səhifə"sinə göndəriləcək. Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlərlə sentyabrın 1-i Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında müsahibə keçiriləcək.