UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu Hadisə

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu

Mayın 1-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) distant ali təhsil sahəsində qlobal müzakirələrə qoşulmaq və yeni ali təhsil modelinə müvafiq töhfələr vermək məqsədilə hər il keçirilməsi nəzərdə tutulan beynəlxalq foruma start verib. Onlayn forumun moderatoru UNEC-in rektoru, professor Ədalət Muradovdur. Almaniya, Türkiyə, Kanada, İngiltərə və ABŞ-da yaşayan azərbaycanlı alimlərin bir platformada toplaşdığı onlayn forum Azərbaycan dilində aparılır. Dünyanın aparıcı ali təhsil müəssisələrində fəaliyyət göstərən azərbaycanlı alimlərimiz distant təhsillə bağlı dəyərli mülahizələrini forumda bölüşəcəklər.
Forumda Almaniyanın Münxen Texniki Universitetinin professoru Məsud Əfəndiyev “Fürsət və riskləri ilə distant ali təhsil: mühazirə, seminar və qiymətləndirmə”, Türkiyənin İzmir İqtisad Universitetinin professoru İsmixan Bayramoğlu “Distant ali təhsil modelində keyfiyyət və texnoloji infrastrukturun əhəmiyyəti haqqında”, Kanadanın Vaterlo Universitetinin professoru İlham Axundov “Distant ali təhsilin yaratdığı üstünlüklər və problemlər”, İngiltərənin Durham Universitetinin professoru Nigar Həşimzadə “Onlayn tədris: Birləşmiş Krallıq açıq universitetinin təcrübəsi əsasında”, ABS-ın Şimali Dakota Dövlət Universitetinin professoru Fariz Hüseynov “İqtisadçı kadr hazırlığında distant təhsilin yaratdığı imkanlar” mövzularında məruzə ilə çıxış edəcəklər.
Qeyd edək ki, Distant ali təhsillə maraqlanan hər bir şəxs forumda iştirak edə bilər. Onlayn forumu UNEC-in rəsmi “Facebook” səhifəsindən, “YouTube” kanalından və unec.edu.az saytından canlı izləmək və suallar ünvanlamaq mümkündür.
Koronavirus pandemiyası 21-ci əsr təhsilinin özəlliklərini qabartmaqla həm də distant təhsili zərurətə çevirdi. Bu fikri UNEC-in rektoru Professor Ədalət Muradov onlayn forumda səsləndirib. O diqqətə catdırıb ki, hazırda distant ali təhsil alternativ təhsil forması kimi gündəliyi zəbt edib. “Bu gün distant təhsilə deyil, distant təhsili tətbiq edə bilməyən ali təhsil müəssisələrinə münasibət müsbət deyil. Ona görə də, distant ali təhsilin postkoronavirus mərhələsi indidən müzakirə edilməli və beynəlxalq təcrübə nəzərə alınmaqla vacib və zəruri olan qaydalar hazırlanmalıdır. Həmin qaydalar distant təhsilə tələbələrin qəbulundan məzun olmasına qədər bütün məsələləri özündə ehtiva etməlidir”, –deyə professor Ədalət Muradov qeyd edib.
Xatırladaq ki, UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Distant ali təhsil: yeni imkanlar və müasir çağırışlar”ın məqsədi distant ali təhsil sahəsində qlobal müzakirələrə qoşulmaq və yeni ali təhsil modelinə müvafiq töhfələr verməkdir. Forumun hər il keçirilməsi nəzərdə tutulur.