Dillər Universitetilə bağlı məhkəmə baxışı təyin olunub Hadisə

Dillər Universitetilə bağlı məhkəmə baxışı təyin olunub

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dillər Universitetində aşkarlanmış maliyyə pozuntuları ilə bağlı açılan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışının vaxtı elan edilib. Məhkəmə baxışı oktyabrın 9-na təyin olunub.
Qeyd edək ki, Azərbaycan Hesablama Palatasının 2012-ci il sentyabrın 19-da yaydığı məlumatda bildirilir ki, Palatanın son kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən "Təhsil" bölməsi üzrə Azərbaycan Dillər Universitetinə ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması üzrə auditin nəticələri müzakirə olunub. Universitetin məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə dövlətə külli miqdarda zərər vurulduğunu nəzərə alaraq Kollegiya tərəfindən auditin nəticələri üzrə materialların Baş Prokurorluğa göndərilməsi və bu barədə Milli Məclisə məlumat verilməsi qərara alınıb. Hesablama Palatasından daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb. Faktla bağlı başlanmış cinayət işi üzrə prorektor E. Həmidzadə və universitetin daha 4 əməkdaşı təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Mənimsənilən vəsait ödənildiyi üçün təqsirləndirilən şəxslər barəsində həbs qərarı çıxarılmayıb.
Həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.