Canavarın dişlədiyi şəxslərin vəziyyəti normaldır Hadisə

Canavarın dişlədiyi şəxslərin vəziyyəti normaldır

Onlardan biri 4 aylıq hamilədir

Srağagün gecə canavar dişləməsi ilə bağlı Cəlilabad rayon Mərkəzi Xəstəxanasına gətirilən 4 şəxsin vəziyyəti normaldır. Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyev APA-ya açıqlamasında deyib ki, yaralananlara ilkin tibbi yardım göstərilib.
Onların tam nəzarətdə olduqlarını deyən baş həkim qeyd edib ki, xəsarət alanların vəziyyəti normaldır və həyatı təhlükələri yoxdur: "Quduzluq əleyhinə vaksinlər vurulub, öldürülən canavar Dövlət Baytarlıq Xidmətinə təhvil verilib və onun quduz olub-olmaması yoxlanılacaq. 1995-ci il təvəllüd Şahmarova Əfsanə Yusif qızı, 2003-cü il təvəllüdlü Şahmarova Aygül Yusif qızıl, 1994-cü il təvəllüdlü Şahmarova Nurçiçək Yusif qızı və 1998-ci il təvəllüdlü Şahmarov Vüsal Yusif oğlu xəstəxanada ambulator müayinə alırlar. Onların heç bir şikayətləri yoxdur və vəziyyətləri normaldır". İ.Əliyev qeyd edib ki, xəsarət alanlardan Əfsanə Şahmarova 4 aylıq hamilədir. Hadisədən sonra onun səhhətinə heç bir problemin yaranmadığını deyən baş həkim qeyd edib ki, müəyyən məsləhətləşmələr aparılıb, quduzluğa qarşı vaksin vurulub. Qeyd edək ki, Cəlilabad rayonunun Buravar kəndində canavar evə soxulub və ailənin 4 üzvünü yaralayıb. Canavar yaralananlardan biri Vüsal Şahmarov tərəfindən öldürülüb.