Akademik dərs Hadisə

Akademik dərs

...6 aya yaxındır Azərbaycan dövləti vətəndaşlarının sağlamlıqlarının qorunması, koronavirusun özü ilə bərabər gətirdiyi sosial-iqtisadi problemlərin həlli, iqtisadi tənəzzülün qarşısının alınması kimi çoxsaylı çağırışlarla qarşı-qarşıya qalıb. Dövlət çalışdığı sahədən, daşıdığı vəzifədən, ictimai-siyasi statusundan asılı olmayaraq, hər bir vicdanlı, məsuliyyətli vətəndaşının timsalında gecə-gündüz bilmədən sözün əsl mənasında savaşır, mücadilə aparır.
...6 aya yaxındır ki, hər birimiz çoxsaylı məhdudiyyət və məhrumiyyətlərlə üz-üzəyik. Özümüzü, doğmalarımızı, sevdiklərimizi, həmvətənlərimizi, kəsəsi, insanlığı qorumaq üçün bütün bunlara dözmək, səbr etmək, anlayış göstərmək məcburiyyətindəyik. COVİD-19 təhlükəsi nəinki gündəlik həyatımıza, alışqanlıqlarımıza, hətta arzularımıza, xəyallarımıza belə sədd çəkib, öz şərtlərini diqtə etməkdədir. Valideynlər övladlarının toy günlərinin tarixini dəyişə-dəyişə günləri hər dəfə yenidən sayırlar. Amma fələk nə sayır, bunu kimsə bilmir. Nişan üzükləri barmaqda “oturmur”, gəlinlik, bəylik libasları asılqanlardan pərişan-pərişan boylanır, xonçaların qırmızı lentlərinin rəngi belə dəyişir, evin, ocağın gərəksiz əşyalarına çevrilirlər.
Həsrətlə nişan, toy gününü gözləyən gənclərə isə Tanrının mərhəmətinə, sevgilərinin gücünə sığınmaqdan, dövlətimizin, xalqımızın bu çətin günləri geridə qoyacağına, hər şeyin daha yaxşı olacağına inanmaqdan başqa bir şey qalmır.
Mən hələ toy və nişanlar məclislərinin, eləcə də digər kütləvi şənliklərin, yas mərasimlərinin keçirildiyi məkanların sahiblərinin, orada çalışan, yaxud bu tədbirlərin ərzaq və digər məhsullarla təchizatında iştirak edən vətəndaşlarımızın qarşılaşdıqları problemlərdən danışmıram. COVİD-19 virusuna qarşı mübarizədə hər kəs itirib, o cümlədən gəlirləri azalan, sahibkarlardan vergi almaq əvəzinə onlara yardım göstərmək, müvəqqəti iş yerlərini itirmiş vətəndaşlara dəstək vermək məcburiyyətində qalan Azərbaycan dövləti...
Geridə qalan zaman kəsiyinin yaratdığı mənzərə vətəndaşlarımızın mütləq əksəriyyətinin hər zamankı kimi koronavirusla mübarizədə də Azərbaycan Prezidentinin, dövlətimizin həyata keçirdiyi tədbirləri, atdığı addımları dəstəklədiyini, məhdudiyyətlərə anlayışla yanaşdığını nümayiş etdirir. Amma anlayamayanlar, özünü Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarının mahiyyətini təşkil edən xalq-dövlət birliyindən kənarda görənlər, milli birliyin, həmrəyliyin yaratdığı möhtəşəm gücü qarşısına almaq kimi xam xəyallara düşənlər də var.
Əslində əski dostlarının əski günlərdə olduğu kimi haqqında dediyi tostlardan xumarlanan və hələ də özünün əvəzolunmazlığı haqqında reallıqla qətiyyən uzlaşmayan iddialarda bulunanlar, “həyat təcrübələri”nin yaxın tarixdəki hissəsini göz önünə gətirməklə, heç bir dərs almadan da nəticə çıxara bilərdilər. Yəni proqnozlaşdıra bilərdilər ki, Azərbaycanın siyasi hakimiyyətində qanunları görməzdən gələn TOSTsevərlər üçün onların iddialarını bir göz qırpımında quruda biləcək TOSTER qətiyyəti də var. Amma görünür, illərlə “möhtəşəm təcrübə” və s. bu kimi epitetlərin kölgəsində xumarlanan, başlarının üzərindəki İRADƏ sahibinin kölgəsini öz kölgəsi bilib “böyüyənlər”in DƏRSƏ, həm də təkrar-təkrar ehtiyacları varmış... Hətta “Akademik” olsalar da...
Ramiz Mehdiyevin və kürəkəni olan sabiq deputatın xüsusi karantin rejiminin tələblərini pozaraq toy şənliyi təşkil etmələrinin nə hüquqi, nə də mənəvi cəhətdən heç bir izahı yoxdur.
Yəni heç kim iddia edə bilməz ki, bu adamlar kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi barədə məlumatsız olublar. Bunu iddia etmək sadəcə fantastikadır. Operativ Qərargahın qərarlarını bir kənara qoyuram. Tutaq ki, kimsə hikkəsindən bu qərarlara nəzər salmaq belə istəmir ki, tiyəsi korşalan qılıncının qınında necə paslandığını hiss etməsin. Amma bu günə kimi daxili işlər orqanlarının xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən çoxlu sayda şəxsi məsuliyyətə cəlb etmələri barədə məlumatlarının olmadığını düşünmək belə istəmirəm. Bunu düşünən beyin saxta, yaxud virus düşmüş kompyuter proqramı kimi “error” verə bilər.
Hər şeydən xəbərləri var, şübhəsiz. Bütün incəliklərinə kimi... Sadəcə toxunulmaz olduqlarını düşünüblər, özlərini qanun və qaydalardan kənarda hiss ediblər, qanunların aliliyinə, dövlətə meydan oxumaq qərarına gəliblər. ...Və düzünə anlamadıqları üçün dərslərini də tərs şillə kimi alıblar! Bu gün Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev və İlham Əliyevin qudası Rövşən Mustafayev İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli biliniblər. Məhkəmə onların hər ikisinə 15 sutkalıq inzibati həbs verib.
Belə...
Dövlətə, qanunlara meydan oxuyanların meydanını qanunların aliliyini təmin etməklə daraldırlar. Bunu kimsə unutmasın!
Kimsə unutmasın ki, Azərbaycanda qanunların aliliyinin zəmanətçisi Azərbaycan Prezidentidir və hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir.
Dünənindən, bugünündən, statusundan, vəzifəsindən asılı olmayaraq, hər bir şəxs qanunların aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və anlamalıdır ki, qanunları pozan kimsə cəzasız qalmayacaq!
Buna cəhd edənlər isə, AKADEMİK DƏRSlərini alacaqlar!

Elçin Mirzəbəyli